Noyabrın 14-də AMEA Rəyasət Heyətinin binasında I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Tədbir Təhsil Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat və akademik Z.Bünyadov adına Şərqşünaslıq institutlarının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Konfransda I Türkoloji Qurultay türk xalqlarının mədəni həyatında, inteqrasiyasında əlamətdar hadisə kimi, ortaq ünsiyyət dili yaradılmasında problemlər: dil, əlifba, ədəbiyyat, terminologiya, türk dillərinin tarixi, türk lüğətçiliyi, dialektologiyası və qrammatikası, türk xalqlarının ədəbiyyatı və folkloru, türk xalqlarının tarixi və etnoqrafiyası, türk xalqlarının incəsənəti mövzularına həsr olunan məruzələr dinləniləcək.

S.Qaliboğlu