"Belə irimiqyaslı sərgi həm Azərbaycan, həm də Rusiya üçün böyük hadisədir. Oxşar birgə layihələr davam edəcək".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında Azərbaycan rəssamlarının sərgisinin açılması ilə bağlı jurnalistlərə müsahibəsində belə deyib (“Report").
Nazir bildirib ki, hər iki ölkənin teatr, sərgi, konsert sahələrində birgə layihələrin həyata keçirilməsi üçün yaxşı bazası var: “Birmənalı şəkildə deyə bilərəm ki, bu gün Azərbaycan teatrlarının repertuarlarını rusiyalı yazıçıların, klassiklərin əsərləri olmadan təsəvvür etmək mümkün deyil. Təkcə Moskvanın yox, həm də Rusiya regionlarının müxtəlif teatrlarının nümayəndələri tez-tez bizim teatrların quruluşunda iştirak etmək üçün dəvət olunur. Birgə kinolayihələr hazırlanır. Məsələn, bu yaxınlarda beynəlxalq səhnəyə çıxacaq iki layihəni başa vurmuşuq. Azərbaycan özünü Rusiya və rusiyalı incəsənət ustalarının yaşadığı mədəni mühitdən kənarda görmür".
Əbülfəs Qarayev belə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edərək gələn ilə bir sıra birgə tədbirlərin planlaşdırıldığını bildirib. "Mədəniyyət nazirlikləri arasında artıq müvafiq saziş imzalanıb", - deyə nazir əlavə edib.
Respublikada turizmin inkişafı məsələsinə toxunan Əbülfəs Qarayev Azərbaycanın turizm baxımdan rusiyalılar üçün cəlbediciliyinin artdığını qeyd edib: “Hazırda turizm sahəsində kifayət qədər ciddi əməkdaşlıq edirik. Azərbaycan rusiyalılar üçün böyük maraq kəsb etməyə başlayıb. Rusiyadan gələn turist axınının artdığını görürük. Rusiyalılar asudə vaxtını Azərbaycanda keçirməyi xoşlayır".
Nazir bu prosesdə mədəni komponentlərin də böyük yer tutduğunu deyib: “Rusiyalıların xalqımızın mədəniyyəti, tarixi və ənənələri ilə necə maraqlandığını görürük. Bir-birimizi asanlıqla başa düşürük. Hesab edirəm ki, zamanla turizm sahəsində də birgə layihələrimiz artacaq".







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar