Noyabrın 5-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilən “Yeni nəfəs-2” qısametrajlı ssenari müsabiqəsinin nəticələri açıqlanıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev müsabiqə haqqında məlumat verib.
Bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, milli kinomuza yeni fikir, nəfəs gətirmək məqsədilə keçirilib.
İlk müsabiqənin iki il əvvəl keçirildiyini xatırladan C.Quliyev qeyd edib ki, budəfəki müsabiqəyə 100-ə yaxın ssenari daxil olub. Onlardan 42 müəllifin 63 ssenarisi müsabiqəyə buraxılıb. Ssenarilər beş nəfər tanınmış sənət adamlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Təqdim olunan ssenarilər orijinallığı, professionallığı və mövzusu ilə fərqlənib.
Diqqətə çatdırılıb ki, ilk onluğa düşən ssenarilərin müəllifləri üçün ustad dərsləri keçiriləcək. Birinci dəfə keçirilən müsabiqənin qalibi olan “İkinci güllə” (Natiq Rəsulov) ssenarisi əsasında “Nərimanfilm” kinostudiyası tərəfindən film çəkildiyini və artıq tamamlanma işlərinin getdiyini söyləyən C.Quliyev yaxın gələcəkdə bu müsabiqədə qalib olan ssenarilər əsasında da filmlərin çəkiləcəyinə ümidvar olduğunu deyib.
Bildirilib ki, “Yeni nəfəs-1” artıq toplu halında çap olunub və gələn il “Yeni nəfəs-2” ssenari müsabiqəsinin qalibi olan işlər də nəşr ediləcək. Layihə davam edəcək və “Yeni nəfəs-3” müsabiqəsi keçiriləcək.
Müsabiqənin münsiflər heyətinin üzvlərindən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar incəsənət xadimi, kinorejissor və ssenarist Ayaz Salayev, yazıçı-kinodramaturq, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə çıxış edərək təqdim olunan ssenariləri yüksək qiymətləndiriblər. Vurğulanıb ki, budəfəki müsabiqəyə daha yüksək səviyyəli ssenarilər təqdim olunub. Bu, deməyə əsas verir ki, kinoya yeni nəfəs və yeni nəsil gəlir.
Çıxışlarda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının gənclərin istedadının üzə çıxarılmasına xüsusi önəm verdiyi, bu istiqamətdə daha böyük planların olduğu qeyd edilib.
Sonra qaliblərin adları açıqlanıb. Birinci yerə Ayşad Səfərəliyev və Orxan Səmədov, ikinci yerə İlqar Quliyev, üçüncü yerə Murad Muradov layiq görülüb. Qaliblər pul mükafatı və diplomla təltif olunub. Birinci, ikinci və üçüncü yerlər üçün müvafiq olaraq 2000, 1500 və 1000 manat məbləğində pul mükafatı verilib.
Xatırladaq ki, müsabiqəyə AZƏRTAC, “Trend” və Day.az informasiya agentlikləri, “Mədəniyyət” və “Kaspi” qəzetləri informasiya dəstəyi verib.