Məşhur aktyor Ceki Çan kino sənətində xidmətlərinə görə fəxri "Oskar" mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimolunma mərasimi Los-Ancelesdə keçirilib.
"200 filmdən sonra, neçə dəfə qol-qabırğam sınandan sonra o, ("Oskar") mənimdir", - 62 yaşlı aktyor təltif edilərkən belə deyib. Bildirib ki, kino sahəsində uzunmüddətli fəaliyyətinə baxmayaraq bu mükafatla təltif olunacağını gözləmirdi.
Ceki Çan filmlərdə çəkilərkən bir çox tryukları kaskadyor olmadan, özü edirdi, bunun nəticəsində dəfələrlə xəsarət alıb. Honkonqda doğulan Ceki Çan 100-dən artıq filmdə baş rolda çəkilib. Aktyor özünün akrobatik döyüş üslubu və komikliyi ilə dünyada şöhrət qazanıb. O, həmçinin rejissor, prodüser, ssenarist və müğənni kimi özünü sınayıb.
Ceki Çanla bərabər fəxri "Oskar" mükafatına sənədli filmlər müəllifi Frederik Uayzman, montajçı Enn Kouts və aktyor seçimi üzrə rejissor Linn Stalmaster də layiq görülüblər.
Kino sahəsində nailiyyətlərə görə Amerika Kino Akademiyasının fəxri mükafatı 1948-ci ildə təsis edilib. Bu mükafat akademiyanın idarə heyətinin qərarı əsasında verilir.

İlona Qubadova