Esse
   
   
   Əksər hallarda bir insanın inandığına digər biri inanmır. Bəlkə də bütün insanların inandığı eyni və yeganə şey alın yazısı, ölüm haqqıdır. Hər kəs alın yazısına inanır. İnsan öləndə “alın yazısı belə imiş” deyirik. Ömrü verən Allahdır - hamımız bu fikirlə razılaşırıq. Amma nədənsə bir-birimizə həyatda həmişə cansağlığı ilə bərabər, uzun ömür də arzulayırıq... Sizcə, bununla biz Allaha qarşı çıxmırıqmı?
   Axirətə inanırıq, cənnət və cəhənnəmin mövcudluğuna özümüzü inandırmağa çalışırıq. Hər kəs öləndə də “Allah rəhmət etsin” deyirik, ölənin yoxluğundan xəbəri olmayan bir başqasının ölən haqqında soruşanda da “rəhmətə gedib” deyirik. Rəhmətə gedənlər cənnətə gedənlərdir. Deməli, hələ cəhənnəmə gedənlər yoxdur və oradakı yerlər hamısı boşdur, öz sahibini gözləyir.
   Cəhənnəmin bu qədər səbirli olmasına heç cürə inana bilmirəm. Kim bilir, bəlkə də heç o dünyada cəhənnəm yoxdur, bəlkə o, bizim yaşadığımız bu dünyadadır, yaxud da bu dünya özü bir cəhənnəmdir?.. İnsanın yeni dünyaya gələrkən ağlaması cəhənnəmə gəlməsinə bir işarə deyilmi? Onda, belə çıxır ki, əsl həyat hamının yolunu səbirsizliklə gözləyən o dünyadadır. Çünki insan o dünyaya gedəndə səssizcə gedir.
   Ölüm haqdır və hər kəsin bu dünyada ölüm haqqı var. R. Rövşən demişkən: “Nə yaxşı ki, bu dünyada hər kəsin haqqı çatır haqdan gələn ölümə”. İnsanlar arasında ədalətlə bölüşdürülən, varlı ilə kasıb arasında heç bir fərq qoyulmadan verilən pay ölümdür. Ölümün gözəlliyi də elə bundadır. Bayatılarımızın birində deyilir:
   “Əziziyəm sis günə,
    Pərdə tutub sis günə.
    Özün öldün, qurtardın,
    Məni qoydun pis günə!”.
   Deməli, ölmək əzab-əziyyətdən qurtulmaq deməkdir. Plutarx demişdir: “Vətənə xəyanət etdiyinə görə yaxalanaraq qəfəsdə saxlanan bir nəfərin: “Yalvarıram, məni öldür!” - xahişinə cavab olaraq imperator Tiberi: “Mən səni hələ bağışlamamışam” - cavabını vermişdir. Bu da ölümün bizi əzab-əziyyətdən qurtarmağına, ölümün yaşamaqdan üstünlüyünə bir sübutdur.
   Ölüm gözəldir. XVIII əsr fransız yazıçısı və filosofu Volter ölüm anında başının üstündə duran rahibə “Duyğum mənə deyir ki, gözəl bir məkana köçürəm!” demişdir. Sizcə, bu yeni və gözəl həyatın başlanğıcına bir sübut deyilmi? Alman mütəfəkkiri İ.V.Höte “Öl və ayağa qalx!” deyəndə bəlkə də elə bunu nəzərdə tuturmuş. Nədənsə ölümü həmişə günahlandırırıq, heç kim ölümü sevmir. Amma insanın əsl qiymətini məhz ölüm üzə çıxarır. Yalnız öləndən sonra insanın bütün günahları unudulur. Neçə-neçə insana ölümündən sonra fəxri adlar, mükafatlar verilib, heykəllər ucaldılıb, büstlər qoyulub, şərəfinə küçələr, prospektlər, rayon və şəhərlər, muzeylər və daha nələr ad olunub. Bütün bunların səbəbkarı ölüm deyilmi?
   Hz. Məhəmməd “Doğulmaq ölmək üçündür” demişdir. Doğulmaq və ölmək bir-birinin davamı və eynidir. Doğulduğu gün ölənlər də az deyil. Məsələn, Şekspir kimi... Hz. Əlinin “Mən elə doğulduğum gün öldüm” deməsi, yaxud da Epikürün “Hər kəs həyatı elə tərk edir ki, sanki indicə doğulub” fikri də ölümün doğumun davamına və eyniliyinə bir sübutdur. İnsan doğulanda da başqasına əzab verir, öləndə də. Bəlkə də insana doğum ilə ölüm arasındakı həyat həmin borcu, “əzab borcu”nu ödəmək və “ölümün qədri”ni bilmək üçün verilir.
   Yuxu və ölüm. Bir-birilə əkizdirlər. Hər ikisi dörd hərflidir. Yox, bu, təsadüf deyil. Həyatda heç nə təsadüf olmur. Sadəcə, təsadüf adlandırdığımız şey gözləmədiyimiz və gəlişinə hazır olmadığımız şeydir. Oğuzların yuxunu kiçik ölüm adlandırması da təsadüfi deyil. Fransız yazıçısı A. Frans ölümü yorğun insanların dostu adlandırırdı. İnsanların yatmağının da səbəbi yorulmaqdır və insan öləndə də yatır, amma əbədilik. Digər bir fransız inqilabçısı və natiqi O. Mirabo ölüm anında bu sözləri demişdir: “Yatmaq... yatmaq... yatmaq...”
   İnsanlar öləndə də gözəl məkanda ölməyi arzulayırlar. Məncə, bunun o qədər də fərqi yoxdur: Suda boğulub ölmək, avtomobil qəzasında ölmək, uzun sürən xəstəlikdən ölmək... Amerika yazıçısı M. Tven yatağı ən təhlükəli yer hesab edirdi: “Çünki insanların doxsan faizi orada ölür”. Yuxuda ölənlər də az deyil. Çoxları hətta bunu ölən üçün xoşbəxtlik hesab edirlər. R.Rövşən isə bunu heç də birmənalı şəkildə qəbul etmir: “Kim deyir, yuxuda ölmək asandır?..
   Ölüm hökmü yalnız Allaha aiddir. Dostoyevskinin qəhrəmanı Raskolnikov isə belə etmədi, Allaha qarşı çıxdı. O, “Onsuz da, bu gün-sabah dünyasını dəyişəcək gərəksiz insanı - qarını” öldürdü. Səbəb isə nə Napoleon olmaq arzusu idi, nə də bir cinayət törətməklə çoxlu xeyirxah işlər görmək iddiası. Sadəcə, qəlbində inam, etiqad, Allaha məhəbbət hissi azalmışdı.
   Hərdən insanlar ölümün gözü önündə o qədər alçalırlar ki, ölüm öz mövcudluğuna görə «utanır», «xəcalət» çəkir. Bir neçə gün bundan öncə universitetə gedərkən çox iyrənc bir hadisənin şahidi oldum: Sərnişini olduğum marşrutun hərəkət etdiyi yolda digər bir avtomobil müəyyən nasazlıq ucbatından alışıb yanırdı. Yanan maşının sürücüsü yanğının qarşısını almağa çalışsa da, bacarmırdı. Üzünü, təbii ki, qorxu hissi bürümüşdü, amma o mübarizə aparırdı. Mən hiss elədim ki, onun üzündəki təlaş ölüm qorxusu deyil, nəsə başqa bir şeydi və həyatımda ilk dəfə ölümündən qorxmayan insanın şahidi oldum. Həqiqətən də ölümdən qorxmayanların mövcudluğuna inandım. Ölümündən qorxan insanları da ilk dəfə burada gördüm. Bunlar getdiyim marşrutun sərnişinlərindən idi. İlk olaraq bu qorxu hissini cavan bir oğlan büruzə verdi - boğuq bir səslə marşrutun sürücüsünə: “Ə neynirsən, sür dəə!” qışqırdı. Digər bir ortayaşlı kişi isə: “Bunun başı xarab olub ə, niyə sürmür? Bu dəqiqə maşın partlayacaq...” mızıldandı. Bunlar artıq ölümün qorxusunu hiss eləməyə başlamışdılar. Sonrası bilmədim necə oldu, artıq oradan uzaqlaşmışdıq. Fikrimcə, iki cür ölüm var: Cismən və ruhən ölmək. Hər kəs cismən ölür və bu labüddür. İkinci isə dəhşətdir. Deyirlər, ölümə qalib gələnlər olur. Məncə, bu düzgün fikir deyil, ölümə qalib gəlmək qeyri-mümkündür. Ölümlə sadəcə dost olmaq olar: Mirzə Cəlillər kimi... Mirzə Cəlil cismən öldü, ruhənsə ölmədi. O, ruhən ölənləri - “Ölüləri” bu dünyada qoyub getdi, özü isə yaşadı, yaşayır və yaşayacaq da. İndi də Şekspirin teatr səhnəsi adlandırdığı həyatda həmən “ölülər” öz rollarını çox ustalıqla oynayırlar. Kefli İsgəndərlər isə baxıb onlardan “zövq alırlar”: “Allah sizə rəhmət etsin, ölülər!”   

   Etibar LƏTİFOV