IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçısı olan rusiyalı aktyor və rejissor Andrey Sidelnikov noyabrın 9-da Dövlət Gənc Tamaşaçılar Teatrında “Aktyor sənətində improvizə” mövzusunda treninq keçdi. A.Sidelnikov hazırda Sankt-Peterburqdakı “Na Liteynom” teatrında fəaliyyət göstərir.

Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov qonağı təqdim edərək keçəcəyi treninq barədə məlumat verdi.
Gənc teatr aktyorları üçün nəzərdə tutulan treninqə böyük maraq var idi. Treninq böyük bir tamaşanın məşqini xatırladırdı. Treninqi izləyənlər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva da var idi.
Andrey Sidelnikov qeyd etdi ki, uğurlu aktyor ifası dəqiq traktovkalı rejissor işi ilə sıx bağlıdır. Lakin obrazların səmimiyyətindən irəli gələn improvizə üsulları aktyor sənətini yüksəldən amildir: “Aktyor anında reaksiya verməyi bacarmalı, hər an improvizəyə hazır olmalıdır. Tamaşaçını inandırmaq əsas şərtdir. Bunun üçün aktyor itibaxışlı və yalandan kənar olmağı bacarmalıdır. İstənilən tamaşanın kompozisiyası hazır olandan sonra orada ecazkar improvizələr etmək mümkündür və bütün bunlar səhnəni tamaşaçıya daha da yaxın edir. Eyni zamanda bunun özü gözlənilməz fəlsəfi-estetik qənaətlər yaradır”.
İki saatdan artıq davam edən treninq zamanı aktyorların müasir baxış fəlsəfəsi, düşüncəsi teatr-sənət prizmasından daha aydın görünürdü.
Treninq başa çatandan sonra rusiyalı mütəxəssis ona ünvanlandığımız sualları məmnuniyyətlə cavablandırdı. Rejissor əvvəlcə IV Bakı Beynəlxalq Teatr Konfransı ilə bağlı təəssüratlarını bölüşdü:
- Bundan əvvəlki konfransların da iştirakçısı olmuşam. Bu dəfə ötənlərdən fərqli olaraq treninq keçmək şansı da qazandım. Konfrans başqa ölkələrin teatr xadimləri ilə tanış olmaq, aktual məsələləri müzakirə etmək və təcrübə mübadiləsi aparmaq imkanı yaradır. “Multikulturalizm və teatr” mövzusunun seçilməsi də çox xoşuma gəldi. Sənət, yaradıcılıq elə bir sahədir ki, istər-istəməz biz burada çoxmədəniyyətliliklə rastlaşmalı oluruq. Dünyanın müxtəlif yazarlarının əsərlərini səhnəyə gətiririk, filosofların fikirlərini səsləndiririk. Bakının təqdim etdiyi mövzu çox aktualdır. Konfransda səslənən məruzələrdən çoxlu informasiya aldım. Bəzi məruzələrdən hətta bu günə qədər teatr sahəsində xəbərsiz olduğum məlumatları belə öyrəndim. Bir sözlə, konfrans mənim üçün yeni bir pəncərə açdı. Dəvət etdiklərinə görə tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, mən Bakı üçün yad insan deyiləm. Buranı ikinci vətənim hesab edirəm. Uşaqlıqdan bu şəhərə tez-tez gələrdim. Ata və anamın valideynləri, belə desək, hər iki nənəm və babam, qohumlarım burada yaşayırlar. Düzdür, işlərimlə əlaqədar çoxdandır gələ bilmirdim. Amma insanın xatirəsində dərin iz buraxan, ən yaddaqalan illər uşaqlıq və gənclik illəridir. Mən hər yay fəslində səbirsizliklə Bakıya gələcəyimi, Xəzərin sularında çiməcəyim günləri gözləyirdim. Bakıda yetişən meyvələri çox sevirəm. Bir sözlə, Bakı uşaqlığımın şəhəridir.
- Treninq iştirakçıları haqqında nə deyərdiniz?
- Treninq çox gözəl keçdi. Özünüz də gördünüz ki, gənclər öyrənməyə meyllidirlər. Birinci dəfə üçün hətta əla nəticə idi. Düzdür, bəzilərində bu bir az alınmırdı. Amma bu da maraqlı mülahizələr yaradırdı. Bir də gənclərdə dil problemləri, aydın olmayan nüanslar var. Bu da elə konfransın devizi olan multikulturalizmə bir işarədir. Biri rusca izah edir, digəri bunu Azərbaycan dilində təsəvvür edərək dilə gətirir...
- Bu günə kimi Azərbaycan teatrları ilə yaradıcılıq əlaqələriniz olubmu?
- Azərbaycan Dövlət Rus Dram Teatrı ilə isti münasibətlərimiz var. Nədənsə bu günə kimi yaradıcı münasibət haqqında düşünməmişik. İnanıram ki, yaxın gələcəkdə buna da imkan yaranacaq.
- Azərbaycan teatrlarına baş çəkə bildinizmi? Hansı tamaşaları izləmisiniz?
- Qeyd etdiyim kimi Rus Dram Teatrında dəfələrlə olmuşam, digər teatrların da tamaşalarına baxdım. Mən tamaşanı adi tamaşaçı kimi deyil, bir mütəxəssis kimi izləyirəm. Buradakı aktyor potensialı və səhnə avadanlıqları, tamaşaçı zövqü, səviyyəsi xoşuma gəldi. İnanıram ki, məni böyüdən şəhərə nə vaxtsa öz töhfəmi vermək şansım yaranacaq...

Lalə Azəri