Ötən şənbə (19 noyabr) paytaxtımızda ilk dəfə İndoneziya mədəniyyəti festivalının açılışı keçirildi. Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən festival Bakının soyuq havasına uzaq İndoneziyanın mülayim iqlimini də gətirmişdi.

Mərkəzin foyesində bu ölkənin təbiətini, insanların yaşam tərzini, mədəniyyətini əks etdirən fotolardan ibarət sərgi açılmışdı. Mərkəzin salona aparan ikinci dairəvi foyesində isə ziyarətçiləri İndoneziya ilə daha yaxın tanışlıq gözləyirdi. Burada İndoneziyada istehsal olunmuş məhsullar, əl işi olan suvenirlər, taxta bəzək əşyaları, baş örtükləri almaq, ölkənin tarixinə dair kitablar və nəfis foto albomlarla tanış olmaq, bizə daha çox Hindistan malı kimi tanış olan ədviyyatları münasib qiymətə əldə etmək olardı. İstəyənlər hətta İndoneziya çayının və qəhvəsinin dadına baxa bilərdilər. Zərif İndoneziya musiqisinin canlı ifası bu yarmarkaya əsl bayram ovqatı bəxş edirdi.
Ən maraqlı hadisələr isə salonda cərəyan edəcəkdi. Aparıcılar Azərbaycan və ingilis dillərində hər kəsi salamladıqdan sonra səhnəyə dəvət olunan tədbirin təşkilatçısı, İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani hər kəsi salamlayaraq əvvəlcə öz ölkəsi, sonra da mədəniyyət festivalı barədə məlumat verdi. Öyrəndik ki, 13 min 500 adada yerləşən bu ölkədə islam, buddizm, iudaizm, konfusizm dinlərinə sitayiş edən yüzlərlə kiçik xalq və etnik qrup məskunlaşıb. Ənənəvi kənd təsərrüfatı sahələri əsasən çəltikçilik, çayçılıq olan və qəhvə yetişdirən ölkədə son onilliklərdə sənaye və turizm güclü inkişaf edir. Yer üzünün cənnəti adlandırılan Bali adası isə bu ölkənin vizit kartı sayılır.
Səfir vurğuladı ki, onlar belə bir tədbiri keçirməkdən, öz ölkələrini, milli mədəniyyətlərini tanıtmaqdan və Azərbaycanla daha sıx siyasi-iqtisadi, mədəni və turizm əlaqələrinin qurulmasına töhfə verməkdən çox məmnundurlar. Bu festival İndoneziyanın rəngarəng və zəngin mədəniyyətini nümayiş etdirmək üçün əlverişli imkandır. Diplomat onu da qeyd etdi ki, festival bir-birindən coğrafi baxımdan xeyli uzaq yerləşən iki ölkənin - Azərbaycanla İndoneziyanın mədəniyyət, adət-ənənələr baxımından yaxınlığını göstərir.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan olunan "Multikulturalizm ili" çərçivəsində təşkil edilmiş İndoneziya mədəniyyəti festivalı ölkələrimiz arasında münasibətlərin tarixində ilk belə tədbirdir. Dünyanın ən böyük müsəlman ölkəsi sayılan İndoneziya ilə Azərbaycan arasında mədəni, siyasi, iqtisadi, turizm və təhsil sahəsində əməkdaşlıq var və son zamanlar bu əlaqələr genişlənməkdədir.
Sonra İndoneziya səfirinin xahişi ilə mədəniyyət və turizm naziri diplomat ilə birlikdə milli İndoneziya musiqi alətini - bambukdan düzəldilən anqklunqu (əl ilə xüsusi ritmdə hərəkət etdirməklə incə melodiya yayan alət) səsləndirməklə festivalı açıq elan etdilər.
Qeyd edək ki, İndoneziyanın müxtəlif əyalətlərinə xas mərasim rəqslərini İndoneziyadan gəlmiş peşəkar rəqqaslar ilə yanaşı, Azərbaycan Dillər Universitetinin İndoneziya Araşdırmaları Mərkəzində məşğul olan tələbələr də ifa edirdilər. Ümumiyyətlə isə, ilk festivala qatılmaq üçün 150 nəfər sənət və iş adamı, turizm agentlikləri, yerli hökumət və ali təhsil müəssisələrinin nümayəndəsi İndoneziyadan Bakıya gəlib.
Festival iki gün davam etdi.

G.Mirməmməd