Deyəsən, bizdə hər şey dəbnəndir. Hətta düşüncəmizin, söhbətimizin də mövzusunu dəbdə olan məsələ təşkil edir. Və çox keçmir ki, biz bu dəbdə olanı unuduruq ta yenisi ortaya atılana kimi, necə deyərlər, qalırıq “dəbsiz”. İndi budur, çayxanaların qaranlıq küncünə, kitabxanaların toz basmış rəflərinə sıxışdırılmış ədəbiyyatımızın halı geniş məkanın müzakirə predmetinə çevrilib. Düzü bu səs-küylü müzakirəni çoxları gözləmirdi.
   
   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəsmi mətbuatda dərc edilən “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı növbəti məqaləsi cəmiyyətdə bu marağı və səs-küyü yaradıb. Məqalədə bu günümüz üçün aktual olan bir sıra problemlərə, o cümlədən ali məktəblərdə ictimai və humanitar fənlərin tədrisi, elmi fəaliyyət, tədqiqatların aparılması, dil, ədəbiyyat, folklor və digər sahələrdəki çözümsüz görünən əngəllərə toxunulub. Məqalə sadalanan bu sahələrdə vəziyyətin heç də ürəkaçan olmadığını açıq mətnlə üzə çıxarır. Bir sözlə, yazıda cəmiyyət inkişafını təmin edən bir çox sahələrdə mövcud vəziyyətlə bağlı həyəcan təbili çalınır. Hələlik məqalə ətrafında ciddi müzakirələr aparılmaqla fərqli yanaşmalar da nümayiş olunmaqdır. Mən isə məqalədən doğan bəzi fikirlərimi telekanallarımızın fəaliyyəti kontekstində qısa şəkildə oxucularla bölüşürəm.
   Görəsən, TV kanallarımız bu məqalə ilə bağlı nə üçün ciddi diskussiyalar təşkil etmir? Yoxsa çəkinirlər ki, kimsə qayıdıb “bəs sizlər nə vaxt elmə, təhsilə aid səmərəli, yeni formalı verilişlər təqdim etdiniz?” söylərlər. Axı, məhz televiziyanın gücü cəmiyyəti səfərbər etməyə yetərlidir. Yəni dilimizin və folklorumuzun məsələlərini ekrana gətirmək bu qədərmi lazımsız olmuşdu? Yoxsa, elə dilimizin ifrat dərəcədə korladıqlarına görə buna barmaqarası baxmaq məcburiyyətində olublar... Bu məsələni elə folklorumuzun ekrandan didərgin (heç əvvəllər də fərli gündə olmayıb) düşmüş taleyinə də şamil etmək olar. Türkiyənin təkcə TRT-1 kanalı folklorla bağlı elə gözəl verilişlər hazırlayır ki, bizim də ölkədə kifayət qədər tamaşaçı qazanır. Amma bizim telekanallar hesab edir ki, məsələn, folklora sərf edilən ekran saatındansa toylar kraliçasının kəşfi daha gərəklidir.
   Məqalədə ədəbiyyatımız daha sərt tənqidə məruz qalıb desəm, yanılmaram. Baxmayaraq ki, ədəbi imzalarımız heç də bu fikirlərlə razılaşmayaraq, məqalədə söylənilən “bu günümüzün ədəbi nümunələri yoxdur” fikrinə qarşı arqumentlər gətirməyə çalışırlar. Qısaca deyim ki, ədəbiyyatımızın vəziyyətini ayna olaraq ədəbi dərgilərimizin acınacaqlı vəziyyəti qabarıq şəkildə nümayiş etdirir. Digər tərəfdən ədəbi təsərrüfat, kitab-nəşriyyat işi, yayım məsələləri kifayət qədər anormal sistemlə çalışır. Daha doğrusu, bu təsərrüfat qurulmayıb. Dəfələrlə qəzetimizin səhifələrində yazmışıq ki, telekanallar kitab reklamına bircə dəqiqə belə vaxt ayırmırlar. Belə olan halda kitabdan bu və ya digər səbəblərdən uzaq düşmüş cəmiyyətimizdə gerçək yazıçı və əsər gözləmək çox çətindir. Şoulaşan kütlə ədəbiyyata yön çevirmirsə, biz xəstəliyin dərmanını tapmalıyıq. Bu baxımdan televiziya gücü əvəzedilməzdir. Lakin kanallarda bir ortabab şairin monoloqundan (özüdə sifarişli) o tərəfə keçməyən verilişlər bizə sırınırsa hər şey məlumdur. Olub ki, telekanallarımız Anar , Ç.Abdullayev, Ə.Əylisli kimi hörmətli yazıçılarımızla bağlı verilişlər hazırlayır. Lakin bunlar da fərdi söhbətlərdir. Biz onları yetərincə tanıyırıq. Bəs ədəbiyyatın problemlərini, dünya ədəbi meydanında gedən prosesləri tamaşaçıya çatdıran verilişləri kim hazırlayacaq? Görəsən hansısa yazıçıya teletamaşa üçün əsər sifariş verən, verib də onun maddi stimulunu ödəyən olubmu? Bəs yazıçı və dişə dəyəsi əsər necə ortaya çıxır. Ümumiyyətlə, kanallar ədəbiyyatımız yoxdurmu deyə bu sahəyə diqqət yetirmirlər, belə olan halda onların strukturlarında ədəbi verilişlər hazırlamalı şöbələr nə üçün yaradılıb? Bəlkə məhz bu strukturlarda çalışanlar ədəbiyyatın nə olduğunu bilmirlər, ədəbi proseslərdən xəbərləri belə yoxdur? Şairi, yazıçını (publisisti heç tanıyan da yoxdur) ya öləndə, ya xəstəxanaya düşəndə, ya da yubileyində yada salmaqla iş bitirmi? Görəsən telekanallarımız nə vaxt qapılarını ədəbi gəncliyin üzünə açacaq? Mənə məlum faktlara söykənərək deyim ki, telekanallara onlarla maraqlı ədəbi layihələr təqdim edilib, lakin bu layihələrə dəstək verilmir. Daha bir nümunəvi fakt. Yalnız peyk antenası ilə yayımlanan GÜNAZ telekanalı hər gün ədəbiyyatımızla bağlı maraqlı verilişlər yayımlayır. Həftədə 3 dəfə gənc yazarlarımız hansısa ədəbi mövzuda diskussiyaya çıxır. Təsəvvür edin ki, bu verilişlərə xarici ölkələrdən belə nə qədər tamaşaçı münasibət bildirir...
   Diqqət edək, kanallarımızda nə dilimiz, nə folklorumuz, nə təhsilimiz də daxil ciddi sosial, ictimai, mənəvi məsələlərə elmi yanaşmalar var. Bəs onda görəsən, bu telekanallar kimindir? Sadəcə bunu da son tezis kimi ortaya atıram. Əgər kanallarımızın elm, ədəbiyyat, mədəniyyət kimi söykənəcəyi, yoxdursa, deməli yalnız və yalnız bioloji varlıq olaraq mövcuddurlar. Biz isə yalnız bioloji varlıqlardan ibarət cəngəllik sakinləri deyilik. Sözügedən məqalənin həmçinin televiziya fəaliyyəti kontekstinə çıxarılması və müzakirələrin genişlənməsi də bu günümüzün tələbidir.
   
   Samir Turabov