Klod Şabrol: “Həyat yoldaşıma nənəsindən böyük miras qalmışdı, pulu hara xərcləyəcəyimizi bilmirdik. Onda qərara aldım ki, film çəkim”
   
   Sentyabrın 12-də məşhur fransız rejissoru, Fransa kinosunda «Yeni dalğa» cərəyanının yaradıcılarından və ən parlaq nümayəndələrindən biri Klod Şabrol 80 yaşında dünyasını dəyişdi. Onun əsasən detektiv janrda çəkdiyi filmlərdə burjua riyakarlığının tənqidi həmişə əsas yer tutub. 50-dən çox filmin («Violetta Nozyer», «Madam Bovari», «Özgə qan») rejissorunun son işi Jerar Depardyenin iştirakı ilə 2009-cü ildə çəkilən «Bellami» trilleri oldu.
   Almaniyanın «Frankfurter Allgemeine Zeitung» qəzeti rejissorun son müsahibələrdən birini çap edib. Həmin müsahibəni təqdim edirik:

   
   - Siz qısa filmlər vasitəsilə təcrübə toplamısınız. Necə oldu ki, film çəkmək fikrinə düşdünüz?
   - Film çəkmək ideyasının əslində çox gülməli bir səbəbi var və mən indi də bunu deməyə utanıram. Mənim birinci həyat yoldaşım varlı ailədən idi və o zaman biz yalnız mənasız ziyafətlər təşkil edirdik. Həyat yoldaşıma nənəsindən böyük miras qalmışdı və biz pulu hara xərcləyəcəyimizi bilmirdik. Onda mən qərara aldım ki, pulun bir hissəsini xərcləməkdən ötrü film çəkək. Tərslikdən film uğurlu alındı və mən ikinci filmi çəkməyə məcbur oldum.
   - Siz burjua ailəsinə mənsubsunuz. Amma filmlərinizdə də məhz burjualara kəskin hücum edirdiniz...
   - Düzdür. Amma dəqiq bildiyin məsələləri tənqid etmək lazımdır. Məsələn, mən mədən işçilərinin problemləri haqqında az bilirəm, ona görə də bu barədə film çəkmirəm. Təbii ki, mən burjuaziya kökümü inkar etmirəm, bəzi burjua meyillərinin tərəfdarı olduğumu da boynuma alıram: komfortu, rahat mənzili sevirəm. Amma təmtəraqlı həyat tərzi düşüncəmə yaddır. Mən sosial riyakarlığın hər növünə nifrət edirəm. Pullarımdan, sahib olduğum mülklərdən də özüm üçün istifadə etməmişəm. Mənim üçün ən vacibi film çəkməkdir və bu sənəti çox sevirəm. Həmişə ali məqsədim fasiləsiz olaraq film çəkməyi bacarmaqdır. Bununla yanaşı heç zaman pis, keyfiyyətsiz film istehsal etməkdən də qorxmuram. Onsuz da film rejissoru olaraq həmişə kompomisə getmək lazımdır. Mən zaman-zaman bəzən cəfəng filmləri çəkməyi də faciə saymıram.
   - Hansı filmlərinizi uğursuz sayırsınız?
   - Belə deyək, ən azından 5 filmi. Həmin filmləri çəkməyi bağışlanmaz sayıram. Onlardan birinin adını çəkmək istəyirəm: «Burjua ehtirasları». O, bütün illərin ən pis filmidir.
   - Turin kinofestivalı zamanı filmlərinizin retrospektivində bəzi dəyərli inciləri kəşf edə bildik. Həmin filmlər heç zaman Almaniyada göstərilməyib, o cümlədən Orson Uellsin baş rol aldığı «Onuncu gün» filmi.
   - «Onuncu gün» mənim ən zəif filmlərimdən biridir. Bu filmə mən xüsusən nifrət edirəm. Orsonla işləmək zövq vermirdi. Bu bir kabus idi. Eyni zamanda, bu filmi sevirəm. Çünki həmin filmin çəkilişləri zamanı mən həyatımın qadınını tapdım.
   - «Özgə qan» filmində baş rolu oynayan Cudi Fosterlə bağlı da «xoş xatirələriniz» var?
   - Fosterlə bağlı da xoşagəlməz hal oldu: mən əvvəllər onunla gənc, cazibəli xanım kimi tanış olmuşdum. O zaman bir psixi xəstə Fosterə sevgisini sübut etmək üçün Amerika prezidenti Ronald Reyqana atəş açmışdı. Bu əhvalat aktrisanı tamamilə öz orbitindən çıxardı: o stressdən bütün günü araxis yağı yediyindən çəkilişə gələndə ən azı 20 kilo kökəlmişdi. Hətta o qədər kökəlmişdi ki, biz filmin qaralama adını «İnək və məhbus» qoymuşduq.
   - Sizin filmlərinizin fərqli cəhəti odur ki, insan təbiəti tərəfsiz, obyektiv və solğun təsvir edilir.
   - Mən tamaşaçılara mənəviyyat dərsi keçməyi, ona təsir etmək istəyini, beyinlərinə nəsə yeritməyi düz hesab etmirəm. Film tamaşaçını müstəqil düşüncəyə vadar etməlidir. Ona görə də insanlara onların necə olduğunu dəqiq göstərməyə çalışıram.
   - Filmlərinizdə ölüm, qətl səhnələrinə geniş yer verirsiniz....
   - Boynuma alıram ki, bu, xoşuma gəlir. Təsirli bir qətl səhnəsi şit şorbaya duz əlavə etmək kimidir. Əgər bir filmdə qətl baş vermirsə, o, insanların xoşuna gəlmir. Əks halda onlara elə gəlir ki, boş yerə vaxt sərf ediblər. Ekranda kiminsə öldürüldüyünü görəndə onlar deyir: «mən film zamanı az darıxdım». Ona görə də tamaşaçının “sadizmi”ni nəzərə alıram.
   - Hansı aktyorlar sizdə daha çox təəssürat yaradıb?
   - Demək çox çətindir. Son filmlərimdən birində oynayan Ludivine Saqineri fenomen sayıram. Təbii mənim keçmiş həyat yoldaşım Stefane Audranı da, o mənim çox filmlərimdə baş rolu oynayıb. Amma onu bütün günü həm kamera qarşısında, həm də evdə görmək məni yorurdu. Xoşbəxdikdən İzabel Yupperlə bu problem olmadı, baxmayaraq ki, biz hər ikimiz 7 filmdə işləmişik və demək olar ki, cütlük kimi idik. O bilirdi ki, mən hər şeydən əvvəl onu səhvlərinə görə sevirəm. İzabelin hər hansı hərəkətinə istehza ilə yanaşanda o incimirdi.
   - Sizin qəhrəmanlarınız tez-tez taledən danışır. Siz özünüz necə, taleyə inanırsınız?
   - Mən taleyə yox, insan təbiətinə inanıram.
   - Sizin qurman kimi tanındığınızı deyirlər. Filmlərinizdə də həmişə yeyirlər.
   - Boynuma alıram ki, mən çoxlu yemək düşkünüyəm. Yeməksiz heç bir iş alınmır. Hətta çəkilişdə narahat oluram ki, ərzağa qənaət edilirmi? Təcrübələrə əsasən yemək yaxşı olanda çəkiliş heyəti də yaxşı işləyir.
   - Siz cansıxıcı, boz həyatdan qorxursunuz?
   - Mən evdə çox darıxıram, amma çəkiliş meydançasında heç zaman. Film mənim üçün hər şey deməkdir, onsuz yaşaya bilmərəm.
   - Siz əslində Vudi Allenlə bir-birinizi yaxşı anlamalısınız. Çünki hər ikiniz yorulmadan çəkirsiniz və uğur qazanırsınız.
   - Səmimi desəm, mən bu müqayisəni o qədər də uğurlu saymıram. Çünki mənim Allenlə problemim var, bəzi filmlərini sevirəm, bəzilərinə isə nifrət edirəm. İnanıram ki, mənim pis filmlərim onun filmləri qədər pis deyil. «Burjua ehtirasları»ndan başqa. Bu film o qədər pisdir ki, hətta Allen bu qədər pis çəkə bilməz.
   
   Sevda Əliəşrəfqızı