Neçə vaxt idi ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, Xalq artisti Ramiz Mustafayevin «Vaqif» operasının məşqləri gedirdi. Səməd Vurğunun eyniadlı dramı əsasında (libretto müəllifi - Firudun Mehdiyev) yazılmış, Azərbaycan milli və simfonik musiqisinin ən gözəl ənənələrini yaşadan bu opera ilk dəfə 1960-cı il iyunun 23-də oynanılıb. Lakin tale elə gətirib ki, uzun illər teatrın repertuarında səhnə əsərini bugünkü orta və gənc nəsil operasevərləri seyr etməyib.
Tamaşa üzərində aylardan bəri davam edən məşq və hazırlıq prosesi artıq başa çatıb, noyabrın 26-da «Vaqif» operasının yeni quruluşda premyerası olacaq. Premyera görkəmli bəstəkarın 90 illiyinə teatrın töhfəsi, həm də yubiley münasibətilə keçirilən musiqi festivalının yekun tədbiri olacaq.
Tamaşa üzərində son məşqləri izləmək, yaradıcı heyətin premyera öncəsi sənət həyəcanını bilavasitə duymaq üçün teatrda olduq. Yeri gəlmişkən, solistlərə, xor artistlərinə mane olmamaq üçün səhnə arxasında bir küncə qısılıb iki gündən sonra salondan seyr edəcəyimiz tamaşanın «qaralama»sını seyr etmək bir ayrı zövqdür.
Operaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verir. Rejissor səhnədə ifaçılarla mizanları bir daha dəqiqləşdirir:
- Fərid, sən taxtda özün üçün rahat, həm də Qacara yaraşan tərzdə əyləş və bu pozanı yadda saxla...
- İlahə, zindan səhnəsində Vaqif Xuramanı rədd edəndən sonra sarsılmış halda arxaya keçirsən, qayadan atılırsan. Elə get ki, tamaşaçı sənin nə qədər sarsıldığını, çarəsiz olduğunu hiss etsin.
- Ramil, səhnənin lap önünə çıxma... Qapıçı Xuramanın ölüm xəbərini gətirəndə Tural onu qabaqlayacaq, Xuramanın yaylığını ondan alıb sənə verəcək.
Rejissoru və son tapşırıqlarını alan, mizanları dəqiqləşdirən solistləri səhnədə qoyub salona düşürük. Teatrın baş dirijoru, «Vaqif» operasının musiqi rəhbəri, Xalq artisti Cavanşir Cəfərov da dirijor pultundadır. Nə qədər ki, vokal parçalarının məşqi başlayıb, Cavanşir müəllim də orkestrə tapşırıqlarını verir.
- Saraydakı rəqs nömrəsini bir də ifa edirik. Dünənki qeydlərim yəqin ki, yadınızdadır. 37-ci nömrədən başlayırıq.
Çox zərif və ruh dincəldən musiqi sədaları ətrafa yayılır. Amma səslənişdəki hansısa uyarsızlıq maestronun qulağını dəlir... O, çubuğunu havada saxlayıb iradını bildirir. Musiqinin dediklərini sözlə çatdırmaq mümkünsüz olduğundan bu səhnənin təsvirindən vaz keçirik...
Bu arada rejissor ilə dirijor artıq əsas partiyaların ifaçıları ilə məşqə hazır olduqlarını bildirirlər. Məşq başlayır.
...Yenidən səhnə arxasındayıq. Səhnə məşqi bitən əsas partiya ifaçıları ilə də söhbətimiz var axı. Quruluşçu rejissor 10 dəqiqəlik fasilə elan edir, biz də tamaşanın ifaçılarını söhbətə tuturuq.
Əməkdar artist Ramil Qasımov:
- «Vaqif» operasında əsas partiyanı oxumağı həmişə arzulamışam. Rəhmətlik Ramiz Mustafayevlə aramızdakı böyük yaş fərqinə baxmayaraq, yaxın dost olmuşuq. Bu opera haqqında onunla, ustadım Mobil Əhmədovla, Lütfiyar İmanovla apardığımız müzakirələri heç zaman unuda bilmərəm. Çox sevinirəm ki, Vaqif partiyası mənə həvalə olunub. Bu, böyük məsuliyyətdir. İnanıram ki, tamaşanın yaradıcı və texniki heyətinin birgə səyi ilə «Vaqif» operasını peşəkarlıqla oynaya biləcəyik.
Əməkdar artist İlahə Əfəndiyeva:
- Bizim böyük sənətkarlarımızdan sonra çətin olsa da, çalışacağam ki, Xuraman partiyasına öz nəfəsimi qatım. Xuramanı qınayanlar çox olsa da, mən onu etdiyi səhvi dərk edib, düzəltməyə çalışan qadın kimi oynayıram. Xuraman vara-dövlətə aldansa da, yenidən insanlığa, sevgiyə dönür, intihar etməklə öz günahını yuyur.
Əməkdar artist Fərid Əliyev:
- Qacar obrazı üzərində işləməyə başlayanda Azərbaycanın dramatik səhnəsindəki Qacar ifaçılarını izlədim, bu barədə oxudum, onlardan da öyrənməyə çalışdım. Sovet dönəmində ideoloji baxımdan Qacarın sərkərdəliyi, tarixi şəxsiyyət kimi rolu layiq olduğu qədər göstərilməyib. Qacarın partiyası çox gözəl və zəngindir, Ramiz Mustafayevin musiqisi obrazın dramatizmini daha qabarıq çatdırır.
Gənc solist Taleh Yəhyayev:
- İfa edəcəyim partiya yaşca məndən çox böyükdür. Amma İbrahim xan bariton səs üçün yazılıb deyə, onu oxuya bilərəm. Bir qədər mənfi obraz olsa da, çalışmışam ki, ona sevgiylə yanaşım, rolumun öhdəsindən gəlim.
Fasilə bitir, biz isə quruluşçu rejissor Hafiz Quliyevi ləngidirik:
- «Vaqif» operasını hələ Ramiz müəllimin sağlığında bərpa etmişdim. Məncə, bu opera onun ən maraqlı əsərlərindəndir. Ötən əsrin 60-cı illərindən bəri «Vaqif» bir neçə dəfə səhnələşdirilib, bizim görkəmli vokalçılarımız bu operada çıxış ediblər. Bu gün isə «Vaqif» operası yeni tərzdə, gənc opera solistlərinin ifasında tamaşaçılara təqdim edilir. Opera teatrının xüsusiyyəti belədir ki, burada istədiyin zaman yeni səs bolluğu olmur. Amma bizim bu tamaşada həm əsas partiyaların, həm də ikinci dərəcəli rolların ifaçılarının hamısı cavanlardır.
- Tamaşada daha hansı yeniliklər var? Hərçənd musiqi əsərinə müdaxilə imkanları məhduddur...
- Elədir. Cavanşir müəllimlə birlikdə tamaşanı mümkün qədər lakonikləşdirmişik. Əvvəllər tamaşa 3 antraktla oynanılırdısa, biz isə əsas dramaturji xəttə xələl gətirmədən dinamizmi və lakonikliyi artırmışıq, şəkilləri birləşdirmişik, cəmi bir antrakt olacaq. Mənə elə gəlir ki, dramaturji və musiqi baxımından əsas xəttin qorunduğu bu tamaşa gənclərin ifasında operasevərlərin xoşuna gələcək.
...Biz isə sabahı gözləyirik. Görək, «Vaqif» operası gözləntilərimizi nə qədər doğruldacaq.
Gülcahan Mirməmməd