AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan dialektologiyası” şöbəsinin əməkdaşları Ağdam rayonundan dialektoloji ekspedisiyadan qayıdıblar. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlünün verdiyi məlumata görə, ekspedisiyanın məqsədi ölkə başçısı İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda əsasən Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun öyrənilməsidir. "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası"nın Ağdam rayonuna aid olan bölümü üçün dialektoloji materialın toplanması davam edir. 
   Dialektoloqlar rayonun Xındırıstan, Əhmədağalı, Çəmənli, Üçoğlan, Sarıcalı, Zəngişalı, Mahrızlı, Evoğlu, Qaradağlı, Əfətli, Bənövşələr, Quzanlı, Birinci Quzanlı, Birinci Baharlı, İkinci Baharlı - ümumilikdə 40-dək kəndindən şivə sözlər toplayıblar. Tədqiqatçılar rayonun maddi-mədəniyyət abidələri, Ağdam əhalisinin etnoqrafiyası, məişəti, kulinariyası, məşğuliyyəti və s. ilə bağlı zəngin məlumatlar əldə ediblər. Dilçilərin yaşlı insanlardan topladıqları dialekt faktları gələcək tədqiqatlar üçün çox qiymətli qaynaq ola bilər. 
   
   Soltan