İnsan narkotikaya qurşanar, qətl törədər, oğurluq da edə bilər. Əvvəlcədən bunun qarşısını ala biləcək bir mexanizm yoxdur. Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanında olduğu kimi. Hamı Nasarın qardaşlar tərəfindən öldürüləcəyini bilir, amma qarşısını almaq mümkün olmur. Təəssüf ki, bu gün cəmiyyətdə kriminal hadisələr baş verməkdədir. Bunun səbəbini müxtəlif amillərlə izah etmək olar. Sosial vəziyyət, yeni quruluş, açıq-saçıqlıq, bazar iqtisadiyyatı, təfəkkürlərin toqquşması, müxtəlif zövqlər və s. və i.a.
   
   Bütün çıxılmaz vəziyyətlər gözlənilməz hadisələrlə nəticələnir. Son illər ölkəmizdə kriminal hadisələrin sayı-hesabı yoxdur. Bunun qarşısını almaq üçün cavabdeh orqanlar elə lazım olan addımları atır. Amma bütün məsuliyyəti cavabdeh orqanların boynuna yükləmək də düzgün deyil. Bu işdə medianın da üzərinə müəyyən missiya və məsuliyyət düşür. Daha dəqiqi medianın kriminal hadisələrin təqdim etməsindən çox şey asılıdır. Bu, bir növ istiqamətverici funksiya daşıyır.
   2009-cu ildə, əsasən də adıçəkilən ilin son aylarında telekanalların kriminal xəbərlərə daha çox vaxt ayırması seyrçilərə məlumdur. O da məlumdur ki, paytaxt telekanallarının hər birində həftədə bir dəfə kriminal hadisələrlə bağlı ayrıca bir verilişləri yayımlanır. Bunun ən populyarı ANS TV-dəki “Cinayət işi” proqramıdır. Ancaq qeyd edək ki, telekanallar kriminal xəbərləri daha təmtərəqlı nümayış etdirməyə start veriblər. ANS həftə içi bunu “Növbətçi” adlandırdığı blokda həyata keçirir. Digər telekanallar isə bunu ana xəbər buraxılışlarında icra edir. Misalçün, ATV-nin “Son xəbər” buraxılışından danışa bilərik. “Son xəbər” son bir həftədir ki, 20:30-da efirə başlarkən bir-iki rəsmi xəbərdən dərhal sonra ardınca ölkədə baş vermiş 5-10 kriminal xəbər verir. Beləcə “Son xəbər” “Kriminal xəbər”ə çevrilir. Ölüm, intihar, qətl, zorlama, bıçaqlanma, odlu silah, qan və s. sanki insanlar problemlərini yalnız bu yolla həll etməlidirlər. Daha doğrusu, telekanalların təqdimatından belə görünür. Nə çox sosial və məişət problemlər boğaza qədər olan insanlar. İnsanların bu tip xəbərləri “canfəşanlıq” janrında həzm etməsi onlara öz problemlərini eyni yolla həll etməkdə yardımçı deyilmi? İnformasiya agentliklərimizin adətən manşetlərinə kriminal xəbərlər yerləşdirirlər: “15 yaşlı qız intihar etdi”, “Ata qızını zorladı”, “Qardaş bacını doğradı”, “Arvad ərini baltaladı” və s. Yəni bunlar həqiqətənmi manşet xəbər sayılır? Yoxsa media üçün kriminal xəbərlərdən əlavə təmtəraqlı bir şey yoxdur?
   Maraqlı nüanslardan biri də bu tip proqramlara və agentliklərə sponsorluq edən şirkətlərlə bağlıdır. Yəni həqiqətən də bu şirkətlər sponsoru olduqları verilişlərin cəmiyyətə necə təsir etdiyini, hansı reaksiya, assosiasiya yaratdığını hiss etmirlər? Məlumdur ki, bu cəmiyyətin bir hissəsi də onların özlərı və övladlarıdır.
   Beləliklə, gör-gör, kor-kor, ölkədə sosial və məişət problemlərinin əksəriyyəti kriminal vəziyyətlə nəticələnir. İnsanların psixoloji durumu zədələnməkdədir. Belə görünür ki, mediaya yenidən “qulaqburması” lazımdır. Çünki media, əsasən də telekanallar ziyalı, tənqidçi reaksiyalarını nəzərə almırlar. Lap bir qədər kobud desək, mediaya yerini-yurdunu göstərməyin vaxtı çatıb. Nəzərə alınan şoukriminalizmlə reytinq əldə etməkdir. Yuxarıda qeyd edilən problemlər isə sanki əhəmiyyəti olmayan məsələlər kimi qəbul edilir.
   Son: Cəmiyyətin mənəvi zərbə alması isə bu köşənin adıdır.
   
   İntiqam Hacılı