I məqalə
   
   Onun həyatı nağıla bənzəyirdi. Biri var idi, biri yox idi... Azərbaycanın gözəl guşələrindən birində, Qusar rayonunun Köhnə Xudat kəndində Fərzəli kişinin ailəsində oğlan uşağı dünyaya gəldi. El-oba yığışıb Fərzəliyevlər ailəsinə gözaydınlığı verdi. Uşağın adını Əkbər qoydular. Əkbər böyüdü, orta məktəbi bitirdi. Humanitar elmlərə meyilli olduğu üçün gənc oğlan 1953-cü ildə Bakıya gəlib Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil oldu.
   1955-ci ildə Bakı kinostudiyasında rejissor Lətif Səfərov “Bəxtiyar” filmini çəkirdi. Kütləvi səhnələrdə iştirak etmək üçün institutdan bir qrup tələbə dəvət olunur. Onların arasında gənc tələbə Əkbər Fərzəliyev də var idi.
   
   
   Böyük kino ilə ilk tanışlıq
   
   Əkbər Fərzəliyevin xatirələrindən: “Sevincimdən sanki uçurdum... Bizi aparan avtobus çil-çıraqla bəzədilmiş, uzununa stollar düzülmüş bir bağa çatanda düşdük. Projektorların göz qamaşdıran işıqları, çəkiliş texnikası adamı heyrətə gətirirdi. Maşınlar uğuldayır, iri reproduktorlardan Rəşid Behbudovun mahnıları səslənir, xidməti işçilər ora-bura qaçır, rejissor ruporla onlara müxtəlif göstərişlər verirdi. Bu qarmaqarışıqlıqda bizə diqqət yetirən də yox idi. Bir az sonra çəkiliş meydanına yan alan “Volqa” maşınından Rəşid Behbudov düşdü. Dahi sənətkarın gəlişi ilə gurultulu alqışlar qopdu...
   Bir xeyli keçmiş dizel motorları işə düşdü, projektorlar yandırıldı, arxada kolluğu tüstülətdilər, yenə də Rəşidin mahnıları səsləndi. Rejissor Lətif Səfərov bütün meydançaya komanda verdi: “İşıq! Fonoqram! Pirotexnik! Motor!”
   Rəşid Behbudov radio ilə sinxron oxuduqca operator Arif Nərimanbəyov arabacıqda xırda qoşa relslərin üstündə yeriyən kinokamera ilə Rəşidi müşayiət edir, biz isə stolların arxasından ayağa qalxıb ona əl çalırdıq. Böyük kino ilə ilk tanışlıq günü belə keçdi. Axşamüstü adımızı, soyadımızı qeydə aldılar ki, hərəmizə əməkhaqqı olaraq üç rubl pul versinlər”.
   Bəli, gənc tələbə Əkbər Fərzəliyevin incəsənətə marağı belə başlandı və bu, onun gələcək taleyini müəyyən etdi. Bir müddətdən sonra Əkbərin fotoqraf dostu onu Azərbaycan Dövlət Dram Teatrına apardı. Dostu bildirdi ki, axşamlar teatrda kütləvi səhnələrdə çıxış edir və bunun müqabilində məvacib alır. Bundan sonra Əkbər də hər axşam teatra gəlir, tamaşa ilə əlaqədar paltarını geyib kütləvi səhnələrdə çıxış edirdi. Səhnəyə çıxanda burada kimləri görmürdü: Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Məlik Dadaşov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Mərziyə Davudova, Möhsün Sənani... Bu məşhur sənətkarlarla görüşməyi, hal-əhval tutmağı və çay stolu arxasında oturmağı gələcəyin aktyoru özünə fəxarət hesab edirdi.
   Günlərin birində “Uzaq sahillərdə” tamaşasından sonra Əkbər teatrın xidməti giriş qapısından bayıra çıxarkən Bakı kinostudiyasının rejissor assistenti Abdulla Vəkilovla qarşılaşır. Abdulla Əkbəri kənara çəkib ona deyir:
   - Kinostudiyada “O olmasın, bu olsun” filmi çəkilir. Ssenari müəllifi hadisələri Üzeyir Hacıbəyovun, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Əzim Əzimzadənin müşayiəti ilə göstərir. Siz Üzeyir bəyə çox oxşayırsınız. Mümkünsə, sabah gəlin kinostudiyaya, məni soruşun. Sizi quruluşçu rejissor Hüseyn Seyidzadəyə təqdim edim.
   Ertəsi günü Əkbər kinostudiyaya gəlir, Hüseyn müəllim ona diqqətlə baxıb “Üzeyir bəyə çox oxşayırsınız” deyir. Sonra isə rejissor assistentinə göstəriş verir: “Yoxlama çəkilişinə hazırla”.
   
   Kinoda Üzeyir bəy obrazının ilk yaradıcısı
   
   Əkbər Fərzəliyevin xatirələrindən: “Qocaman qrim ustası Georgi Parisaşvili Üzeyir bəyin cavanlıq şəklini güzgünün yanında qoyaraq məni ona oxşatmağa səy göstərirdi. Qrimi qurtarıb dörd tərəfdən məni süzüb dedi: “Sizə uğur olsun, elə Üzeyirin özüsünüz”. Abdulla məni əvvəl Hüseyn müəllimin, sonra da fotoqrafın yanına apardı. Şəkillərim çəkildi. Sonra təzədən rejissorun yanına qayıtdıq.
   C.Məmmədquluzadə rolunda Xalq artisti R.Əfqanlını, M.Ə.Sabir rolunda S.Salehi, Ə.Əzimzadə rolunda H.Salayevi tanıdım. Elə ustalıqla qrimlənmişdik ki, bizi həyətdə və küçədə görənlər rollarımızın adlarını dəqiq deyir, arxamızca uzun-uzadı baxırdılar...”
   Günorta rejissorun icazəsi ilə aktyorlar paltarlı-qrimli Hökumət evinin yeməkxanasına gəlirlər. Keçən əsrin əvvəllərində geyilmiş dikdaban kişi ayaqqabısı, dar şalvarlar ətrafdakıları heyrətə gətirmişdi. Camaat aktyorlara diqqətlə baxırdı. Onlar kinostudiyaya qayıdanda rejissor Əkbərə dedi: “Sən soyunma. Biz Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımının yanına getməliyik”. Həyəcan Əkbəri bürüdü.
   Quruluşçu rejissor H.Seyidzadə, II rejissor Ş.Şeyxov və gənc aktyor Ə.Fərzəliyev Ü.Hacıbəylinin evinə yollandılar. Onları qulluqçu qarşıladı və içəri dəvət etdi. H.Seyidzadə Əkbəri Məleykə xanıma təqdim etdi. O, Əkbərə diqqətlə baxıb həyəcanla: “Doğrudan da Üzeyirimi mənə pay gətirmisiniz” - dedi. Məleykə xanım Əkbərə uğurlar dilədi. Həmin axşam Əkbər özünü dünyanın ən xoşbəxti hesab edirdi. Zarafat deyil. O, filmdə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin obrazını yaradacaqdı.
   Səhər Əkbər kinostudiyaya gələndə gözlərinə inanmadı. Rəssamlardan Nadir Zeynalov və Cəbrayıl Əzimov kinostudiyanın həyətində böyük bir bazar qurmuşdular. Yeri gəlmişkən, bu bazar indiyə kimi Azərbaycan filmlərində təsvir olunan bazarların ən yaxşısıdır. Bu, həmin bazardır ki, qoçu Balaqədeş qoçu Əsgəri qabağına qatıb qovur. Həmin gün Əkbər filmdə Sərvər rolunu ifa edən Arif Mirzəquliyevlə görüşdü. Söhbət əsnasında Arif bildirdi ki, o, Qusar rayonunun Uqur kəndindən olan həkim Tayıb Mirzəquliyevin oğludur. Bundan əvvəl Arif “Görüş” filmində Kamil surətini yaratmışdı.
   Əkbər Ariflə söhbət edərkən rejissor köməkçisi Ramiz Əliyev onu pavilyona dəvət etdi. Pavilyonda Ə.Əzimzadənin o vaxtkı kabinetinin dekorasiyası qurulmuşdu. Ə.Fərzəliyev Üzeyir bəyə aid kostyumunu geyinib qrim emalatxanasına getdi. G.Parisaşvili onun qrimi üzərində düz yarım saat işlədi. Sonra Ə.Fərzəliyev və digər aktyorlar öz çıxışlarının növbəsini gözlədilər. Çəkiliş başlandı.
   Ə.Fərzəliyev ilk dəfə kinoya çəkiləndə Pedaqoji İnstitutun ikinci kursunda oxuyurdu. Elə həmin vaxtdan da o, kino işçilərinin diqqətini cəlb etmiş, kinoaktyor kimi tanınmağa başlamışdı. Özünün dediyi kimi, onunla çox maraqlanırdılar. Əkbər müəllim əsl aristokrat idi. “İnsanın gərək hər şeyi gözəl olsun: üzü də, paltarı da, qəlbi də, fikirləri də”. Böyük rus yazıçısı A.P.Çexov sanki bu müdrik sözləri Ə.Fərzəliyev haqqında deyib. Əkbər müəllimdə zahiri gözəlliklə mənəvi zənginlik, yüksək mədəniyyətlə dərin savad bir-birini tamamlayırdı. O öz milli kökləri ilə fəxr edirdi. Bir ziyalı kimi doğma Azərbaycanı dərin məhəbbətlə sevirdi. Onun üçün Vətən ailədən, kənddən başlanırdı. Övladlarının tərbiyəsi və təhsili onun üçün həyatda hər şeydən üstün idi.
   Nümunəvi ailə başçısı kimi, övladları Raufu, Lyudmilanı, Elmarı və Eldarı vicdanla böyütdü, onlara ali təhsil verdi. Özü isə iki institutda təhsil aldı. İkincisi, Azərbaycan Dövlət Universiteti idi. Universitetin hüquq fakültəsini qurtarıb ömrünün sonuna kimi vəkil işlədi. Bütün bunlar isə sonra baş verəcəkdi.
   
   Həkim Aydın ona şöhrət gətirdi
   
   Qayıdaq Əkbər müəllimin kino aktyorluğu fəaliyyətinə... “O olmasın, bu olsun” filmində Üzeyir bəyin obrazını yaratması gənc aktyorun həyatında dərin iz buraxmışdı. O, gündüzlər qəzet və jurnalları nəzərdən keçirəndə də, gecə yatanda da dahi bəstəkarın unudulmaz surəti gözləri önündən çəkilmirdi. Çəkiliş meydançasındakı o hay-küy, rejissor H.Seyidzadənin amiranə səsi, aktyora xeyir-dua verməsi, tənəffüs vaxtı aktyorların məzəli söhbətləri hələ də Əkbərin qulaqlarında səslənirdi.
   Rayona qayıtdıqdan sonra o, bu şirin və unudulmaz xatirələrlə yaşayırdı.
   Əkbər Fərzəliyevin xatirələrindən: “O olmasın, bu olsun” kinokomediyasının çəkilişlərindən sonra yayı rayonda keçirirdim. 1956-cı il iyun ayının 14-də bağımızda xalça-palaz sərib oturmuşduq. O gün əmim oğlu İsaməddin və bibim qızı Roza bizə qonaq gəlmişdi. Hər ikisi ədəbiyyatçı olduğundan ədəbi məclis qurulmuşdu. Müzakirə obyektimiz ədəbi əsərlər, şeirlər idi. Səs-küyümüzü poçtalyon kəsdi. Əlindəki teleqramı mənə uzadıb: “Sizin adınıza gəlib”, - dedi. Məni təcili kinostudiyaya çağırırdılar. Ertəsi günü günortaya yaxın kinostudiyada idim. Burada məni ilk qarşılayan Əşrəf Mamayev (“O olmasın, bu olsun” filminin direktoru - A.K.) oldu. Ayə! - dedi, - səni neçə vaxtdır axtarırıq. Lətif Səfərov “Qızmar günəş altında” filmində baş rola səni sınaq çəkilişinə dəvət edir. Gedək onun yanına...”
   Saçları dağınıq, dərin baxışlı, təxminən 45 yaşlarında olan quruluşçu rejissor Lətif müəllim Əkbəri görən kimi “deyəsən getdik”, - dedi. Sonradan məlum oldu ki, yaradıcı qrup filmin qəhrəmanının - həkim Aydın obrazının ifaçısını tapa bilmədiyindən çəkilişlər ləngiyirdi. Rejissorun göstərişi ilə dərhal Ə.Fərzəliyevin foto və kino sınaq çəkilişləri aparıldı. Ertəsi günü səhər saat 9-da Lətif müəllim onu qrup qərargahına apardı, rejissor və assistentlərə göstəriş verdi ki, tez onun üçün iki dəst kostyum, plaş, çamadan, tibbi ləvazimat hazırlasınlar. Professor Əhmədov və dosent Haşımova aktyora həkimliyi öyrətməli idilər.
   Beləcə Əkbər Fərzəliyev “O olmasın, bu olsun” filminin sevincindən qurtarmamış, yeni filmin sevincini duymağa başladı. O, sevindiyindən özünə yer tapa bilmirdi, özünü göyün yeddinci qatında hiss edirdi.
   
   (Ardı var)
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar