Adana Böyük Şəhər Bələdiyyəsinin 17-30 oktyabr tarixində təşkil etdiyi 3-cü Şəhər Teatrları Festivalı, vilayətin coğrafiyasına sığmayan, Adana Böyükşəhər Bələdiyyəsinin başqanı hörmətli Hüseyn Sözlünün qeyd etdiyi kimi, “Türkiyə üçün önəmli bir orqanizasion” idi.
Çünki Türkiyə dövlətinin mədəniyyətinin yüksəlişinə töhfə verən sənət adamlarının bir araya gəlməsinə vəsilə olan həmin festivalda türk millətinin mədəniyyət günəşinin zərrələri birləşmiş olur. Odur ki, sənət və sənətkara bu şəhərdə verilən dəstək böyük Mustafa Kamalın vəsiyyətinə gerçək sədaqət nümunəsidir.
Bir teatr tədqiqatçısı baxışı ilə seyr etdiyim tamaşalarda Türkiyənin ayrı-ayrı bölgələrinin teatr təmsilçilərinin oyunlarında bu ölkənin sənət ruhunu bütün təbiətimlə hiss etdim, qürur həyəcanı yaşadım.
Adananın iki səhnəsində Böyükşəhər Bələdiyyəsi Teatrının salonunda və Yüregir Ramazanoğlu Mədəniyyət Mərkəzinin səhnəsində, İstanbul, Bakı, Dənizli, Antalya, Adana, Bursa, Zonquldaq, Alanya şəhər bələdiyyə teatrlarının təmsilçiləri öz çıxışları ilə tamaşaçılara əsl bayram ovqatı bəxş etdilər.
Müxtəlif müəlliflərin ayrı-ayrı mövzularda qələmə aldıqları əsərlərin səhnə yozumları, oyun üslubları da təbii olaraq, fərqli idi. Burada, istər quruluşçu rejissorların, istər ifaçı aktyorların, istərsə də, bütövlükdə teatrların yaradıcılıq potensialı, həmçinin axtarış meylləri və ifaçılıq səviyyələri barədə bəzi təəssüratlarımı bölüşmək istərdim.
3-cü Şəhər Teatrları Festivalının açılış günü İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının U.Sekspirin “On ikinci gecə” əsərinin tamaşası ilə başladı. Dinamik ritmdə oynanılan tamaşa heppeninq üslubunda, vəziyyətlər komediyası kimi göstərildi. Quruluşçu rejissorun bədii iradəsinə uyğun oyun tərzi sərgiləyən ifaçı aktyorlar, özəlliklə Viola, Oliviya, Orsinyo, Malvolio obrazlarının səhnə təqdimatında daha uğurlu görünür, təklif edilmiş vəziyyətdə özünüifadə imkanları ilə seçilirdilər. Əsərin nə üçün “On ikinci gecə” adlandırılmasına əhəmiyyət verilmədiyinə, tamaşanın ötən əsrin 90-cı illərin “Of Brodvey” Teatrı tamaşasının zəif surəti təsiri bağışlamasına baxmayaraq, bütövlükdə kollektivin öz oyunu ilə karnaval estetikasına uyğun olan şən ovqat yaratmağa nail olduğunu qeyd etməliyəm.
Maraqlıdır ki, ertəsi gün görkəmli teatr xadimi, Xalq artisti, professor Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı da başqa bir məşhur əsərin - F.Şillerin “Məkr və məhəbbət” pyesinin tamaşası ilə səhnəyə çıxdı. Bu başdan onu demək lazımdır ki, təqdim edilən tamaşa klassikanın müasir təcəssümü baxımdan tamamilə fərqli idi. Teatrın kifayət qədər maliyyə vəsaitinin olmaması, yaxud hansısa başqa səbəbdən öz stasionarında istifadə etdiyi dekorasiyalarla deyil, yerli teatrın imkanları daxilində seçim etməsinə, hazırlıq məşqinə az müddət ayrılmasına baxmayaraq tamaşa bədii təsir gücünü saxlayırdı.
Əsərin tərcüməsindəki dil xətaları tamaşadakı oyunu, özəlliklə, dialoq və monoloqların məntiqini qavramağa mane olsa da, Şiller qəhrəmanlarının səhnə həyatı uğurlu aktyor təqdimatında ifadəsini tapırdı. İfaçıların öz səhnə obrazlarının qarşılıqlı münasibətlərində nail olduqları oyun anlaşması, səhnə vəziyyətinin tələb etdiyi şəraitin məntiqinə uyğun olaraq irili-xırdalı tapıntılar tamaşaçının estetik qavrayışına yönələn ali məqsədin bədii təsirini artırırdı. Bu məqamda aktyorların, o cümlədən A.Alıyevin (Fon Valter), T.Əhmədovun (Ferdinand), Ülviyyə Rzanın (Luiza), Ü.Soltanovun (Miller), G.Quliyevanın (Millerin arvadı), N.Babayevanın (Ledi Milford) professional ustalığını xüsusi qeyd etmək vacibdir. Quruluşçu rejissorun (B.Osmanov) tamaşanın ərsəyə gəlməsindəki xidmətini qeyd etməklə bərabər, burada məntiqsiz səhnə mizanlarının, bəzi səhnələrin yozum həllində diqqətçəkən uyğunsuzluqları da deməliyik.
Əlavə edək ki, B.Osmanov tamamilə haqlı olaraq bu əsərin ənənəvi quruluş təcrübəsindən imtina edərək, çağdaş estetik tələblər səviyyəsində təcəssüm üsulu tapmışdır. Burada Şillerin təsvir etdiyi dövrün mürəkkəb geyimləri əvəzinə sadə tərtibat həllinə, daha doğrusu, minimalizm prinsiplərinə üstünlük verilməsi bütövlükdə tamaşanın uğurunu təmin edirdi. Təsadüfi deyil ki, final səhnəsi bitər-bitməz tamaşaçılar Bakı Bələdiyyə Teatrını dəqiqələrcə ayaq üstə alqışladılar. Antalya Böyükşəhər Bələdiyyəsi Teatrının “Tarla kuşuydu Julet” tamaşasının da yozum prinsipi ilə diqqət çəkib, seyrçi alqışları qazanması çox təbiidir. Teatr öz seçim və təqdimat üslubunda orijinal olmasa da, bədii ifadəlilikdə uğurlu cəhdləri ilə diqqət çəkir. Bu cəhdlərin özü teatrın axtarış meyllərini mənalandırır, onun yaradıcılıq perspektivlərinə böyük ümidlər yaradır.
Festivalda Dənizli Böyükşəhər Bələdiyyəsinin Teatrı Savaş Aykılıncın yazarlığı, Cevat Özalpın rejissorluğu ilə hazırlanan “Troya keçilməz” tamaşası antik dövrün bəlli mifoloji hadisələrinə və qəhrəmanlarına aid situasiyalara parodiya şəklində təqdim edilirdi. Tamaşanın oyun üslubundakı istehza maraqlı olduğu qədər də, onun səhnə yozumu böyük təcrübə və istedadlı ifa tərzi tələb edir. Çəkilən böyük zəhmətlərə dəyər versək də, teatrın öz ifaçılıq səviyyəsini artırmaq yolunda hələ çox çalışmasını tövsiyə edir və onlara uğurlar diləyirik.
Eyni fikri Zonquldak Bələdiyyə Teatr Topluluğunun təqdimatındakı Əziz Nesinə aid əsərin eyniadlı “Başarılarımı qarıma borcluyum” tamaşası haqqında da söyləmək olar. Əhəmiyyətli mövzu ilə bağlı tamaşa hazırlansa da, onun estetik səviyyəsi, ifaçılıq üslubu daha ciddi və ardıcıl yaradıcılıq işlərinin görülməsinə möhtacdır. Ümid etmək olar ki, bu teatr gələn teatr festivalında böyük uğurları ilə seyrçiləri sevindirəcək.
3-cü Şəhər Teatrları Festivalında müşahidə edilən tamaşaların içərisində maraqlı rejissor tapıntıları, fərdi aktyor ustalığı, bədii niyyətin teatral vasitələrlə ifadə edilməsi faktları qeyd edilməyə layiqdir. Sözün bu yerində bəzi məqamlara toxunmaq vacibdir. Bunlardan birincisi teatrların repertuar seçimidir. Çünki teatr sənətinin yazılmamış qanunlarına görə, repertuar bu və ya digər teatrın həm bədii simasının, həm də onun yaradıcılıq qüdrətinin göstəricisi kimi olduqca önəmlidir. Yəni, necə deyərlər, repertuarını mənə söylə, sənin teatrının necəliyini, aktyorlarının gücünü sənə söyləyim. Ayrıca, repertuar teatrın estetik zövq və bədii niyyət məsələsidir. Məhz burada göstərilən tamaşalarda repertuar seçimi, mövzu dairəsi, seyrçiyə ünvanlanan ideya-estetik mesaj məsələləri baxımdan nöqsanlar göz qabağındadır.
Tamaşa etdiyimiz oyunlarda diqqətimizi çəkən ən ciddi nöqsan quruluşçu rejissorların istər bütöv tamaşanın, istər onun ayrı-ayrı səhnələrinin bədii həlli, mizanların məntiqi, oyunun hadisələrində obrazların xarakterlərinin açılması, janrın müəyyən edilməsi, təklif edilmiş səhnə vəziyyətinin tapılması, ali məqsədin bədii səslənişi və başqa professional tələblərin bir çox hallarda ödənilməməsidir. Xatırlayaq ki, bu sahənin ən sadə həqiqətinə görə, əgər teatr peşədən sənətə, hesabdan ali riyaziyyata doğru yönəlmirsə, o öz məhvinə doğru gedir.
Aydın məsələdir ki, festivalda başlıca məqsəd sənət yarışması yox, teatr buluşmasıdır. Amma bu zaman hər bir teatrın ən keyfiyyətli yaradıcılıq məhsulunu ortaya qoyacağı təmənnamız da əsassız deyil. Başqa sözlə, umduğumuz və inandığımız üçün tələbimiz böyükdür.
3-cü Şəhər Teatrları Festivalında Yüregir Ramazanoğlu Mədəniyyət Mərkəzinin səhnəsində Bursa Böyükşəhər Bələdiyyəsi Teatrının təqdim etdiyi “Qulyabanı” tamaşası oyun estetikasına, quruluş mədəniyyətinə görə seçilirdi. Tamaşa məzhəkə janrında, səhnənin seyrçidən sol tərəfdə oturmuş musiqiçilərin müşayiətilə, yeri gəldikcə hadisələrə fəal müdaxiləsi şəklində oynanılırdı. Əsərin hadisələri sadəlövh münaqişə ilə əsaslansa da, ifaçı aktyorların xalq oyunları prinsiplərindən qaynaqlanan şux komizmi tamaşanın bədii koloritini mənalandırır, seyrçi üçün anlaşıqlı edirdi. Burada bəlli xalq oyunlarında olduğu kimi, sonluq şərin öz cəzasını alması ilə, ümumi şənliklə bitir. Tamaşanın rejissoru, yaradıcılığına bələd olduğum Volkan Özgömec özünü çox da çətinə salmamış, ifaçıların fərdi yaradıcılıq imkanlarını büruzə verməsi üçün əlverişli oyun şərti yaratmış, səhnə rəvayəti şəklində ifa prinsipi qurmuşdur.
Adana Böyükşəhər Bələdiyyəsi Teatrının oyunçularının ifasında L.Kesslerin “Çıkmaz sokak çocukları” adlı əsərinin tamaşası müəyyən səviyyəli bədii quruluş bitkinliyi baxımdan təqdir edilə bilər. Rejissor Muzaffar Kırıkqalbin zaman-məkan duyumu, səhnə obrazlarının fəaliyyət üçbucağındakı mövqeyi, aktyorların oyun tərzi, ifaçılıq bacarığı uğuru şərtləndirən səbəblərdəndir. Rejissorun aktuallığına sığındığı mövzunun daha çox Qərb gerçəkliyinə xas olduğunu anlasaq da, insan cəmiyyətinin xilas ola bilmədiyi mənəvi-psixoloji şikəstliyin mövcudluğu və ara-sıra təzahür etməsi ilə də razılaşmalıyıq. Cəmi bir məkanda - otaq şəraitində, üç qəhrəmanın iştirakilə baş verən hadisələrin axarında səhnə qəhrəmanlarının psixologiyasında, həyat tərzində müşahidə etdiyimiz dəyişikliklər seyrçilərin qavrayışına, dünyabaxışına təsir təmənnası ilə təqdim edilirdi.
Psixoloji dram janrında oynanılan tamaşada diqqəti çəkən qüsur rejissorun ifaçılarla işindəki yekdil oyun şərti qura bilməməsində görünür. Belə ki, aktyorların ifa üslubu sanki öz ixtiyarlarına buraxılıb, biri psixoloji, digəri melodrama, o biri realistik oyun tərzi təqdim edir. Janrlararası hüdud estetik baxımdan keçilməz olsa da, oyun baxımdan asanlıqla pozula bilir. Söz yox ki, burada səhnə ustalığı, həmçinin K.S.Stanislavskinin təbirincə desək, “özünənəzarət” mühüm şərtdir. Sözün bu məqamında Filip obrazının ifaçısı Cövhər Hikmət Quzeyin oyununu xüsusi qeyd etmək lazımdır. Oyunundakı bəzi kiçik qüsurları, o cümlədən bəzən əməl xəttinə riayət etməməsini, seyrçi mövqeyi ilə digər oyunçuları izləməməsini, temporitmə məhəl qoymamasını nəzərə almasaq, bu aktyorun böyük yaradıcılıq potensialına, yaradıcılıq fəhminə malik olmasını tərəf-müqabilini, səhnəni heyrətamiz dərəcədə hiss etməsini, təqdim etdiyi bədii səhnə obrazının psixoloji halına seyrçini inandırmaq bacarığını xüsusi qeyd etməklə, əgər belə davam edərsə, onun gələcəkdə Türkiyə səhnəsinin görkəmli ustası olacağına ümid etmək olar.
3-cü Şəhər Teatrları Festivalının sənət mənzərəsini zənginləşdirən oyunlardan biri də Alanya Bələdiyyə Teatrının təqdimatındakı “Orhan Vəliylə get gedə bildiyin yerə” tamaşasıdır. Bu təqdimat klassik mənada tamaşa meyarlarına uyğun gəlmir. Onun ədəbi əsası bitkin dramaturji material olmadığı üçün konfliktini, hadisələr xəttini, qırılmaz əməl bağlılığını və s. qeyd etmək çətindir. Bununla bərabər, bəzi estetik mənalar oyun prinsipində özünü büruzə verir. Rejissor Murat Atakın quruluşunun əsasını Orhan Vəlinin özünə aid, həmçinin haqqında yazılan ədəbi materiallar və ən başlıcası quruluşun konseptual səhnə həlli təşkil edir.
Teatral ifadə vasitələri ilə lirik ədəbi kompozisiya janrında təqdim edilən tamaşa rejissorun etibar etdiyi ifaçıların yaradıcılıq ustalığı sayəsində bu qədər sevimli ola bilir. Tamaşanın ədəbi materialında yer alan, rejissorun bədii tapıntılarını özəl sənət şövqü ilə canlandıran, tamaşa boyu bir neçə müxtəlif şəxslərin surətlərini yaratmaqla sanki böyük özünüifadə imkanlarını sərgiləyən oyunçuların (Mustafa Erman Doğan, Vedat Akbulut, Birke Muratal) istedadı öz işini görür və səhnədən seyrçi salonuna teatr sənəti üçün mühüm olan mehriban enerji seli axır. Bu isə əsl uğur deməkdir.
İsrafil İsrafilov
sənətşünaslıq üzrə elmlər doktoru, professor
(ardı var)