Səhnədə, ekranda heç bir baş rol oynamasa da, müqtədir bir həmkarının “qiyamət” qiymətləndirdiyi Müxlis Cənizadə
   
   Aktyorların “zakulis”-“zakadr” yaşantıları həmişə vurğunlarına daha maraqlı gəlib və M.Cənizadə də belə xəlqi “hədəflər”dən olub. Günlərin bir günü də sənət dostu Lütfəli Abdullayevlə bulvarda gəzişirkən onlara qoşulan (və bir neçə dəqiqədə bir semestrlik suallar verən) bir dəstə tələbədən biri adı dillər əzbəri “Baloğlan”ı yanlayıb pıçıltıyla “Müxlis müəllim niyə indiyədək bir dənə baş rol oynamayıb” soruşur və məşhur komikimizdən belə bir ciddi (özü də çox ucadan) cavab alır: “Müxlis hələ heç bir baş rol oynamasa da, heç bir boş rol da oynamayıb!..”
   
   Deyirlər, bir gün də Müxlis müəllim öz tələbələrilə küçədə gedirkən, ötüb-keçənlər ondan göz çəkmirmişlər. Qarşıda gedən iki qızdan biri isə lap “qır-saqqız”lıq edirmiş. Sevimli müəlliminin ən zarafatcıl (nə bilmək olar, bəlkə həm də qısqanc) tələbə-qızı buna dözməyib “nə baxırsan, ağəz!?” deyəndə, həmin baxan tövrünü pozmadan belə cavab verir: “Bu kişi özü “Məşdibad”da demir “bəri bax”?!.” 
   Bir vaxtlar o sayaq məchul (emosional) xanımların gözündə “bəri bax” əyarında da olmuş bu kişi, ovaxtdan-buvaxta məlum (rasional) xalqın söhbət-sözündə, yazı-pozusunda “təkrarsız”, “bənzərsiz” dəyərində olmuş -
    
   Bu sənətkar -
    
   Müxlis Mirsabir oğlu Cənizadə 1928-ci il noyabrın 26-da Bakıda anadan olub. Bu ailədəki beş uşaqdan hər birinin incəsənətə marağı, musiqiyə həvəsi varmış. Dörd qardaş müxtəlif çalğı alətlərində çalıb-oynar, baxdıqları tamaşaların şəbihini çıxarar, bacı isə “Münsiflik” edər, sözə-sənətə böyük hörmət bəsləyən bu ailədə hər gün xoş əhval-ruhiyyə yaşanarmış. 
   Orta məktəbi və Teatr Texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olan Müxlis burada görkəmli səhnə ustaları - kursunu bitirdiyi Kazım Ziyadan və Sidqi Ruhulladan teatr sənətinin sehr-sirlərini öyrənir. 
   1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış Müxlis Cənizadə dövrünün tək elə ünlü teatr-kino aktyoru kimi yox, təkrarsız bədii qiraət ustası, müqayisəsiz səhnə danışığı müəllimi və bir çox tamaşaya orijinal quruluşlar verən rejissor kimi də tanınıb. 
   Teatr tənqidi, dövrünün mötəbər fikir-rəy sahibləri, zaman-zaman parlayan adlı-sanlı tələbələri M.Cənizadənin 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda (ADMİU) dediyi dərsləri “şifahi klassika”, “poli-banilik”, “vəhyi-səy” və sair epitetlərlə yad ediblər. Onun, hələ o qədər də təcrübə istinadı olmayan Teatr İnstitutunun Tədris Teatrında quruluş verdiyi “Təbilçi qız”, “Aydın”, “Qaraçılar” və s. tamaşalardakı böyük sənətkarlıq nüanslarından hətta kütləvi teatr rejissorlarının belə yararlandıqlarını vurğulayanlar olub. Bu sənətkarın öz ecazkar ifasında “heç vaxt paslanmayası qızıl”ından - Azərbaycan Radiosunun “Qızıl fond”unda (və Dövlət Səsyazma Fondunda) saxlanılan və vaxtaşırı səsləndirildiyi üçün hamımıza tanış bədii qiraət nümunələrindən çox danışmağa isə ehtiyac yoxdur. Bir bunu söyləyim ki, bu sənət sehrli səs SSRİ kinematoqrafçılarını da cəzb etmişdi (“Sonuncu qum təpəsi” - Moskva və s).
   1960-cı ildə Əməkdar artist adı almış, bütün universal-kompleksallığı ilə xalq sənətkarı olmuş Müxlis Cənizadə nəinki valideynləri üçün “gözü dolusu ömür” umusunu, hətta, haqqında deyilən “tezliklə Xalq artisti adı verərlər” səs-sədasını “qabaqladı”: Ağır-amansız xəstəlik 1972-ci ildə onu doğma ailəsindən, sehrli səhnə və ekrandan, sevgili tamaşaçılarından alıb apardı...
   
   Böyük ekrana -
   
   1947-ci ildə (19 yaşında) “Fətəli xan”da səsi il gələn, sonrakı 20 ildə öz bənzərsiz oyunu və ecazkar səsilə 28 filmə əbədi iz salan Müxlis Cənizadənin “ikinci həyat”ı artıq əlli ilə yaxındır milyonlarla tamaşaçı qəlbində davamda... 
   Böyük sənət yolunu dərin mütaliəsilə daim təkmilləşdirən, səhnə sözünü “yalnız yeni” deyib, ekran naturasını “eyzən müasir”, qiraət sədasını “müdam qaibanə” təqdim edən Müxlis Cənizadə, məncə, sözügedən qeyri-rəsmi “nominasiyaları” hələ də heç bir müasir həmkarına təhvil-təslim etməyib...
   Onunla çox yaxın olmuş qocaman mütəxəssislərin belə bir qənaəti də var; artist-aktyorluq texnikasının mükəmməl bilicisi olmuş M.Cənizadənin, yüksək maneralar və səhnə-efir danışığı ustası olaraq, nəinki ustad-ustad gəzişdiyi auditoriyalardakı (ümumən çağındakı) tələbələrini intəhasız sənət yoluna düzgün istiqamətləndirdiyi, hətta bugünkü öyrəncilərin də uğurlarına rəhni, qüsurlarına “redaktə”si hiss olunur. 
   Bu yerdə yaradıcı ömrü boyu “nə baş, nə də heç bir boş rol oynamamış” gözəl aktyorumuzun bir neçə ekran obrazını - Sərvərin dostu (“O olmasın, bu olsun”), Kipiani (“Dəli Kür”), Nəriman (“Yenilməz batalyon”), Qara (“Bakının işıqları”), Kərim (“Bəxtiyar”), Ənvər (“Ən vacib müsahibə”), Əsəd (“Əsl dost”), Baş leytenant İbrahimov (“Onu bağışlamaq olarmı?”) və başqalarını da xatırlayıb, keçək bu təkrarsız müəllimin “Müəllim”liyindən zaman-zaman mətbuata danışmış tələbələrindən ikisinin xatirəsinə. 
   Kinomuzun məşhur “Əhməd”i Elxan Qasımov: 
   “Müxlis müəllimin nəinki mənim sənət, hətta “rol” taleyimdə də rolu olub; bu qədər sevilən “Sürücü Əhməd”imi (“Əhməd haradadır?” filmində) bal səsilə səsləndirməsi səbəbilə!
   Bu qeyri-adi Müəllim səhnə danışığı və aktyorluq sənətindən mənə də dərs deyib. Yaş və nüfuz fərqlərimizə baxmayaraq, bizimlə yaxın dostluq edirdi. Onu, tək elə məşhur və çox peşəkar aktyor olduğuna görə yox, gözəl, hamıdan seçilən insan olduğuna görə də həddən ziyadə sevirdik. Müxlis müəllim sevgili diksiyası və qüsursuz nitqi ilə səhnədə və ekranda Azərbaycan dili dərsi də demiş olurdu. Onun səsi oynadığı obrazlardan daha canlı, daha təsirli, unudulmaz, yaddaqalan idi. Tamaşaçılar onu tək elə orijinal aktyor, ustad sənətkar kimi xatırlayırlarsa, o, biz tələbələrinin qəlbində mələk müəllim kimi yaşayacaq...” 
   Titul-təqdimatına heç bir ehtiyac duyulmayan Rasim Balayev: 
   “Müxlis müəllimin dərsə gəlməyi bizimçün toy-bayram idi. Müəllim-tələbə münasibətindən başqa, o, bizimlə dostluq edərdi. Hərdən birlikdə çay-çörək yeyəndə hesabı özü verərdi. Tələbələrilə çox maraqlanardı. Hər sözündə, hər cəhdində bizim televiziya tamaşalarına və kinolara çəkilməyimizi, seçdiyimiz sənətimizdə özümüzü tapmağımızı istəyirdi. Hətta institutu bitirdikdən sonra da bizimlə maraqlanardı. Yaş fərqimiz çox olmasa da, müdrik söhbətlərinə, dünyagörüşünə görə həmişə ona ixtiyar qoca, ağsaqqal kimi baxardıq. 
   Müxlis Cənizadə dublyajlarda səsləndirdiyi, ekranda yaratdığı hər bir personajın fərqli təqdimatına görə, sözün əsl mənasında, milli kino banilərimizdən biridir. 
   Bu əziz, deyərdim, müqəddəs Müəllimimiz dünyasını çox tez dəyişdi; qırx dördcə yaşında!..”
   Allah rəhmət eləsin...
   
   Tahir Abbaslı