Bakıda beynəlxalq elmi konfrans keçirilib
Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Tədbirdə Türkiyə, Rusiya, Ukrayna, İran, Almaniya və Avstraliyadan arxeoloqlar iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açılış nitqində beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. Akademik işğal altında olan əzəli torpağımız Qarabağın tarixən Azərbaycanla üzvi bağlılığını arxeoloji abidələrin də sübut etdiyini vurğulayıb.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova son illərdə Azərbaycan arxeologiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. Direktor Qarabağ abidələrinin tədqiqi və tanıdılması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib, o cümlədən, cəbhəyanı ərazilərdə beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan arxeoloji tədqiqatlardan, son dövrlərdə bu tədqiqatların nəticələrini əks etdirən, Azərbaycan, ingilis, rus və digər dillərdə nəşr edilmiş elmi əsərlərdən söz açıb.
Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Rauf Munçayev, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Qarabağın arxeoloji irsinin öyrənilməsinin aktual və mühüm məsələ olduğunu bildiriblər.
Çıxış edənlər Qarabağ ərazisindəki arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxunublar.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Elmi konfransın proqramına Azərbaycan, Qarabağ regionu və bütünlükdə Avrasiya arxeologiyasının müxtəlif dövrlərini əhatə edən tədqiqatların yekunları üzrə 50-dən çox elmi məruzə daxildir.
Həmçinin konfrans iştirakçılarının və qonaqların Bakı və onun ətrafındakı arxeoloji abidələrə, o cümlədən, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Kompleksinə səfəri təşkil ediləcək.
Konfrans noyabrın 30-da işini başa vuracaq.