Noyabrın 28-də Teatr Xadimləri İttifaqında (TXİ) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə SSRİ Xalq artisti Mərziyə Davudovanın 115 illik yubileyi münasibətilə «Sənətkar və zaman» adlı elmi-praktik konfrans keçirildi. 
   Konfransda giriş sözü söyləyən TXİ İdarə heyətinin sədri, Xalq artisti Azərpaşa Nemət Mərziyə xanımı teatr səhnəsində izləmədiyinə təəssüflənsə də, böyük aktrisa ilə dostluq etmiş valideynlərinin sayəsində yaxından gördüyü sənətkar barədə uşaqlıq xatirələrini danışdı. 
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, ADMİU-nun prorektoru Məryəm Əlizadə «Milli aktyor sənətində Mərziyə Davudova fenomeni» mövzulu məruzəsində görkəmli aktrisanı eyni zamanda Azərbaycan teatrının formalaşmasında əməyi keçən bir teatr xadimi kimi səciyyələndirdi. Aktrisanın bir-birindən fərqli güclü qadın obrazları yaratdığını vurğulayan məruzəçi onun Kabanixa və Kruçinina (A.N.Ostrovski - «Tufan» və «Kimdir müqəssir?»), Sevil, Solmaz, Yaxşı, Firəngiz və Gülnisə (C.Cabbarlı - «Sevil», «Od gəlini», «Almas», «Oktay Eloğlu», «Solğun çiçəklər»), Dezdemona və Ledi Makbet (U.Şekspir - «Otello» və «Makbet») kimi ziddiyyətli obrazların öhdəsindən məharətlə gəldiyini açıqladı. 
   Xalq artisti, qocaman rejissor Ağakişi Kazımov isə böyük aktrisa ilə eyni səhnəni paylaşdıqları illəri xatırladı, onun səhnədə zahirən heç dəyişmədən, daxilən obraz yaratmaq istedadından danışdı. 
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, AMEA-nın dissertantı Elçin Cəfərov «Mərziyə Davudova yaradıcılığı teatrşünaslıq müstəvisində» və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov «Mərziyə Davudova yaradıcılığına tədqiqatçı baxışı» məruzələrində sənətkarın yaradıcılıq xüsusiyyətlərindən geniş bəhs etdilər. 
   Elmi-praktik konfransın sonunda tədbirin aparıcısı, Xalq artisti Hacı İsmayılov çıxışçılara və iştirakçılara təşəkkür etdi. Xalq artisti Ağakişi Kazımov isə böyük sənətkarların unudulmadığı bu məkanda - Teatr Xadimləri İttifaqında çalışan hər kəsə minnətdarlığını bildirdi. 
   
   G.Mirməmməd