Ötən həftə Azərbaycanın musiqi ictimaiyyəti görkəmli bəstəkar Ramiz Mustafayevin 90 illiyini qeyd etdi. Yubiley müxtəlif janrlarda əsərlər yazmış bəstəkarın şah əsəri sayılan «Vaqif» operasının da yenidən Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsinə çıxmasına vəsilə oldu. Yeni musiqi redaktəsində təqdim edilən «Vaqif»in premyerası anşlaqla keçdi. Görünür, milli operasevərlər çox gözəl musiqisi olan bu opera üçün qəribsəyirlər. Etiraf edək ki, Azərbaycan bəstəkarlarının Avropa opera ənənələrini gözləməklə bəstələdikləri operaların sanbalı ürəkaçan olsa da, say baxımından bolluq deyil. O üzdən «Vaqif» kimi bir operanın repertuarda möhkəmlənməsi arzuolunandır. 
   
   Yəqin ki, oxucular qəzetimizin ötən sayında «Vaqif»in son məşqlərindən hazırlanmış reportajı nəzərdən qaçırmayıblar. Odur ki, musiqi rəhbəri ilə quruluşçu rejissorun əsərdə hansı redaktələri etdiyinin üzərində dayanmadan tamaşa ilə bağlı təəssüratımızı bölüşəcəyik. 
   Nəzərə alsaq ki, Əməkdar artist, elə «Vaqif»in ilk quruluşunda Qacar partiyasını ifa etmiş Firudin Mehdiyev bu operanın librettosunu Səməd Vurğunun eyniadlı dramı əsasında tərtib edib, o zaman əsərin məzmunu və partiyaların mətninin hər kəsə nə qədər tanış olduğunu vurğulamaq yersizdir. Hətta əsərdə cərəyan edən tarixi hadisələrin Vurğunun dramında əks olunduğundan xeyli fərqli olduğunu son illərdə tarixi faktlar işığında yəqin etsək də, artıq «Vaqif» konkret tarixi əsər aspektindən çıxaraq sənət nümunəsi müstəvisindədir. Üstəlik, teatral yaddaşlarda klişelənmiş Vaqif, Qacar, Xuraman, Eldar obrazlarının həm dram, həm də opera səhnəsində elə ifaçıları olub ki, bu adıçəkilən obrazların ifaçılarının məsuliyyətini qat-qat artırır. 
   Əməkdar artist, lirik tenor Ramil Qasımovun səsi və ifası musiqisevərlərə yaxşı tanışdır. Vokalçının etiraf etdiyinə görə, səhnəyə Vaqif rolunda çıxmaq onun uşaqlıq arzusu olub və sənətdə uzun illər bu arzunun gerçəkləşməsinə doğru gəlib. Ramil Qasımov teatrın tamaşalarında davamlı çıxış etməsə də (bundan əvvəl «Koroğlu» operasında iki dəfə titul partiyasını ifa edib), səhnə və səhnədaşları ilə münasibətindəki psixoloji rahatlıq, obrazı təkcə səsi ilə deyil, həm də aktyorluq məharəti ilə çatdırmaq bacarığı salondan da hiss olunurdu. «Mən cahan mülkündə mütləq doğru halət görmədim» müxəmməs-ariyasında, IV şəkildə zindanda Xuraman ilə görüş səhnəsində lirik tenor öz səs imkanlarını layiqincə nümayiş etdirə bildi. 
   Maraqlıdır ki, «Vaqif» operasında Qacar partiyası bariton səs üçün yazılıb. Bizim qulaq yaddaşımızda da gözəl baritonlar Firudin Mehdiyev ilə Elxan Əhədzadənin ifası qalmaqdadır. Lakin budəfəki quruluşda Qacar partiyası teatrın aparıcı tenoru, Əməkdar artist Fərid Əliyeva həvalə olunmuşdu. Beləliklə, tamaşanın bir musiqili səhnə əsəri olaraq dramatizmi «iki tenorun səsləşməsi» kimi də artmışdı. Fərid Əliyevin Qacarı həm səs, həm də aktyorluq imkanları baxımından seyrçilərdə xoş təəssürat oyatdı.
   Bugünkü Azərbaycan səhnəsinin ən gözəl simalarından olan Əməkdar artist İlahə Əfəndiyevanın Xuramanı soprano səsli vokalçının sənət bioqrafiyasında mütləq öz yerini tutacaq. İlahə xanım səhnədə ön, ya arxa planda görünməsindən asılı olmayaraq, obrazdan çıxmır, mimikadan, jestlərdən səxavətlə istifadə edir. O, Əli bəyin toy məclisində ən arxada dayandıqda da, İbrahim xanın məclisi narazı tərk etməsindən təşvişə düşəndə də, Şeyx Alı ilə Qarı nənə onu yoldan çıxaranda da, nəhayət, bağışlanmaq üçün zindana, Vaqifin yanına gələndə də Xuramanın hiss-həyəcanlarını, çəkdiyi iztirabları, peşmanlığını səsinin gücü və məlahəti ilə çatdırmaqda çətinlik çəkmədi. 
   Xalq qəhrəmanı Eldar sanki Əməkdar artist Cahangir Qurbanovun boy-buxununa biçilib. Güclü bariton səsli vokalçının əməksevərliyi və çalışqanlığı sayəsində tamaşadan tamaşaya nə qədər irəlilədiyi göz qabağındadır. 
   Teatrın daha bir gənc solisti Tural Ağasıyev də Əli bəy partiyasında inandırıcı idi. Sadəcə, operada dram əsərindəki qədər qabarıq verilməyən Əli bəy - Gülnar (Səbinə Əhmədova) xətti mizan, rolun ikinci planı baxımından bir qədər zəif idi. Bəlkə də bu, Səbinə Əhmədovanın özünü səhnədə inamsız hiss etməsindən irəli gəlir. Böyük səhnə təcrübəsi olan, güclü səsə malik Əməkdar artist Əkrəm Poladov isə əksinə, kiçik Vidadi partiyasındakı inamlı çıxışı ilə istər Əli bəyin toyunda, istər Qacarın hüzurunda, istərsə də final səhnəsində nisbətən cavan səhnədaşlarına arxa idi. 
   Təxminən bir il əvvəl teatra solist kimi qəbul edilmiş Taleh Yəhyayev cəmi bir şəkildə görünən İbrahim xan rolunda öz ifası və güclü bariton səsi ilə yadda qala bildi. 
   Buradaca bir haşiyə çıxaq ki, bizim opera teatrı yaranışından bariton, bas səsləri ilə müqayisədə tenor səs sarıdan korluq çəkməyib. Hər hansı coğrafi regionda bu və ya digər səs tembrinin bolluğu xeyli dərəcədə iqlimlə əlaqədardır. Əgər belə olmasaydı, iqlim baxımından Azərbaycana çox oxşayan İtaliyada da tenor səsi bol olmazdı və demək olar ki, bütün klassik italyan operalarında da əsas kişi partiyaları tenor səslər üçün yazılmazdı. Lakin son illər xoşbəxtlikdən bizim teatrda maraqlı bariton səslər eşidilir: Cahangir Qurbanov və Taleh Yəhyayev... Ümid edirik ki, bu cavanlar bir neçə ilə çox məşhur bariton vokalçı kimi tanına bilərlər. 
   Bariton səsdən danışmışkən, «milli» bas səsi barədə də fikrimizi bölüşmək istərdik. Hələ vokalçıların Bülbül adına I müsabiqəsində Qran-pri müakafatı ilə yadda qalan Xalq artisti Əli Əsgərovun da güclü bas səsi var ki, onun ilk uğurundan bəri bu səs daha da cilalanıb. Hazırda yaşının yetkin, səsinin də çox yaxşı formasında olan vokalçı üçün titul partiyası bas səs üçün yazılmış hər hansı operanı repertuara salmağa dəyər. Bu tamaşada bir neçə reçitativi olan Vəzir partiyası da salonun ən arxa cərgələrində əyləşənlərə Əli Əsgərovun bas səsini dinləmək zövqü yaşatdı. 
   «Vaqif» operasına qayıdaq. Xalq - yəni, opera dili ilə desək, xor bu tamaşada əsas iştirakçılardan biridir. İzlədiyimiz opera tamaşalarında xorun unison ifası, xor artistlərinin tamaşada həm də kütləvi səhnə iştirakçısı kimi çıxışı bir yandan teatrın baş xormeysteri, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın uğurudursa, digər tərəfdən quruluş verdiyi tamaşanı tam görməyi və göstərməyi bacaran quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin uğurudur. 
   Ən yaxşı yenilik - elə köhnənin özüdür kimi deyim «Vaqif» tamaşasındakı rəqslərin quruluşunda nəzərə alınıb. Bir zaman Əməkdar incəsənət xadimi Yulana Əlikişizadənin quruluş verdiyi «Yallı», «Döyüşçülərin rəqsi», «Saray rəqqasələrinin rəqsi» Əməkdar artist Yuri Lobaçov tərəfindən bərpa olunub. 
   Opera və Balet Teatrının kulisində qalan, lakin tamaşanın uğurlu keçməsində əməyi olan işçilər teatrın baş dirijoru, Xalq artisti Cavanşir Cəfərov pult arxasına keçəndə rahat olurlar ki, orkestrlə bağlı heç bir problem olmayacaq. Şəksiz ki, əsərin əsas musiqi leytmotivinin gözlənildiyi, çox incəliklə redaktə edilmiş «Vaqif» operasının səslənişi ilk növbədə Cavanşir Cəfərovun nailiyyətidir. 
   Ümid etmək istərdik ki, «Vaqif» operası teatrın repertuarında möhkəmlənəcək. Amma o da var ki, Ramiz Mustafayevin 90 illiyi münasibətilə hazırlanmış bu tamaşa daimi repertuara daxil ediləcəksə, o zaman tamaşaya bir qədər də əl gəzdirmək, solistlər üçün tamaşanın dövrünə, saray mühitinə uyğun geyimlər də tikilməlidir. Məsələn, İbrahim xanın «Koroğlu»dakı Həsən xanın, Qacarın Vəzirinin də elə «Koroğlu»dakı İbrahim xanın qifayəsində olması nəzərimizdən qaçmadı...
   
   Gülcahan Mirməmməd