Bəşəriyyətə həsr etdiyi ömür “yaradıcılığı”nı da dahiliklə başa vurmuş Mark Tven
   
   Bu dahi ədib və bənzərsiz şəxsiyyətin neçə-neçə müdrik kəlamlarından biri də “Kədəri tək yaşamaq olar, ancaq sevincdən tam həzz almaq üçün kiminləsə bölüşməlisən” olsa da, öz həyatında bölüşəcəyi sevinc çox az olub. Bütün digər çalışmaları kimi, çağında çap qisməti də bəd gətirmiş bu ədib yazılarının nəinki müasirləri üçün olmadığını, hətta bir əsrdən sonra da onları qəbul edəsilərin çox az olacağını bilirmiş. Çap edilənlərə isə məktəblərdə və ictimai kitabxanalarda senzura qoyulubmuş...   

   Səbəb?
   
   Əsərlərinin fövri satiriklərində, dövri komedilərində Amerikanı “ağ yuyub qara sərməsi”, bir az arın-arxayın işlədiyi bədiilərində isə, bu “yığma” ölkə - total dövlətin amir qisminin məzlum qisimlərə münasibətinə rəğmən mental “mitilini atması”... 
   Məsələ burasındadır ki, Mark Tven, tarixən (bu gün daha çox) özünü super demokrat, hiper humanist hesab edən Amerikada üst-humanist şəxsiyyətlərdən olub. İsmi-cismi ilə Amerikanın, bütün əqli-hissi ilə bəşəriyyətin yazarı olmuş bu ədib insanlar arasında dini, irqi, etnik ayrı-seçkiliyi, başqasına xətər yetirən gücü, kimisə alçaldan zənginliyi qətiyyətlə rədd edib. Müasirlərinin əksər qismi isə onu daha qətiyyətlə rədd, bəziləri diletantcasına tənqid ediblər. Başı gündəlik işlərə, sabahların “tənqidəlayiq” əsərlərinə qarışmış Mark Tven də, hərdən vaxt tapanda, yazırdı: “Mənim əlyazmalarımı 50, 100, 500 ildən sonra çap edərsiniz”, “2406-cı ildən tez aşkara çıxarmayın” və s.
   Öz həyat və yaradıcılıq kompleksi ilə, çox sonralar həmkarlarının birində “Çox ağır şəxsi faciələr yükü altında olan insan cəmiyyət yükünü də çəkəcək qədər güclüdürsə, o insan dahidir” təəssuratı oyatmış Mark Tven ölənədək yorulmayıb. Əksinə, ölkənin daha vacib işlərini buraxıb, qələm silahlı bir ədibin izinə düşənləri yorub. İctimai-siyasi sancı-sancmalarına görə əksər yazıları çap edilməsə də (bu isə bir səfalət məşhurluğu!), nə tənqidlərindən usanıb, nə xeyirxah əməllərindən. Getdiyi, gəzdiyi hər yerdə yalnız əbədi-bəşəri çağırışlar edib: insanlıq, qadın-kişi bərabərliyi, irqçiliyə son və təhsil...
   Mühazirələrinin birində qadınları belə qiymətləndirib: “...Kişi intellekti qadınlara nə qədər borclu olduğumuzu qiymətləndirə bilməz, cənablar! O, bizim düymələrimizi tikir, qəzəbdən qalxan qaşlarımızı endirir, uşaqlarımızı - əsas mahiyyətimizi doğur. Qadını haraya qoyursuzsa-qoyun, o, oranın bəzəyidir!” 
   Tvenşünaslar arasında, onun otuz yaşdan başlayaraq ölkə boyu dediyi mühazirələri indilərin tele-radio-telefon əyləncələrinə adekvat “canlı monoteatr” kimi qiymətləndirən, ən ciddi fikri belə əndazəli komik tərzdə çatdırma bacarığını “canlı ünsiyyətin universal açarı”na bənzədənlər var. 
   Tvenin tale qisməti, həyat notları da -
   
   Bənzərsiz olub...
   
   Yeddi uşaqlı ailənin altıncısı (və sağ qalan üç qardaşdan biri) olmuş Samuel Klemensin sonralar bütün dünyaya səs salası əsərlərinin əsas kökləri dörd yaşındaykən köçdükləri Missisipi çayı boyundakı Hannibala şəhəri və bu bölgədəki müşahidələrindən rişələnəcəkdi. Buna qədər o, biznesmenlik və vəkillik edən atasını on bir yaşındaykən itirəcək, məktəbi buraxıb, əvvəlcə bir mətbəədə, sonra böyük qardaşının qəzetində çalışacaq, yumoristik məqalələrilə ətrafın sevimlisinə çevriləcək, on səkkiz yaşına çatanda “dünyanı kəşf” arzusuyla ABŞ-ın müxtəlif əyalətlərini səyahətə çıxacaq, dörd il sonra Missisipi çayındakı buxar gəmilərində kapitanlıq arzusuna düşəcək, bir gecə yuxusunda qardaşının çalışdığı gəminin yanmasını, sabahısı bu hadisənin eynilə reallaşmasını görüb sarsılacaq, 24 yaşında gəmi kapitanı olacaq, həmkarlarının lazımi dərinlik normasını bildirən “iki qulac” - “mark twain” terminini təxəllüs götürəcək, sonra, zənginləşmək xəyalilə mədənçilik və “digər təmayüllü biznesmenliklər” etməyə başlayacaq, müvəffəqiyyətsizliyə uğrayıb yenidən qəzetlərə qayıdacaq, 30 yaşında yazdığı “Kalaveras ölkəsinin məşhur tullanan qurbağası” adlı yumoristik hekayəsilə “dünyada hamıdan çox atdanıb-düşən” ölkəsində görünməmiş sürətlə məşhurlaşıb, yüz ildən çoxdur dillərdən düşməyən Mark Tvenə çevriləcək... 
   Bu adamın “qəbuledilməz hesab edən bəzi nimdaş çağdaşlarından fərqli olaraq, sonrakı məşhur isimlər M.Tvenin Amerika ədəbiyyatının “atası” olduğunu (Vilyam Folkner), “müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən - “Haklberri Finin sərgüzəştləri” romanından törədiyini” bildirəcəklər. 
   Ömrünün sonuna doğru ard-arda baş verən faciələrə - üç övladını, həyat yoldaşını və ən yaxın dostunu itirməsinə, ölümcül xəstəliyə tutulmasına baxmayaraq, həyat-ovqat “kardioqram”ının çox əla tonalda olduğunu təxəllüsüylə də elan etmiş bu ədib yumor hissini heç vaxt itirməyib. Hətta bir dəfə onun öldüyü barədə yayılmış şayiəni tarixə düşmüş bir aforizmlə qarşılayıb: “Bir qədər şişirdilib...”
   Ahıllıq çağlarında da müstəmləkəçiliyi, irqi düşmənçiliyi, izafi qazanc ehtirasını, dini ikiüzlülüyü, amerikanların statistik aşağı qismində hər gün, seçilmiş yuxarı təbəqəsində günaşırı yaşanan “ecazkar psixo-katastroflar”ı çox sərt bir dillə tənqid etməsinə baxmayaraq, bu “acı adam”ın yetmişinci yaşı (1905) Ağ evdə şərəfinə verilən dadlı yeməklər, qüruruna edilən ləzzətli nitqlərlə qutlanıb. 
   Birinci qızının ölümündən sonra 10-16 yaşlı qızlar üçün “Aquarium Club” yaradıb, onları özünün mənəvi nəvələri adlandıran, onlarla tez-tez məktublaşan, konsert və teatrlara dəvət edən Tveni qarşıda öldürücü olay da gözləyirmiş. 1909-cu ildə 29 yaşındakı kiçik qızının infarktdan ölməsi, dünyanın bütün kimsəsiz uşaqlarına atalıq etmək arzusu ilə yaşamış bu yazıçını nəinki hədəflədiyi digər mövzuları işləməkdən, hətta, 1906-cı ildə yazmağa başladığı bioqrafiyasını tamamlamaqdan da qoyub. Ömrü uzunu yaşadığı şəxsi-ictimai-psixoloji gərginliklərdən və ailəsindəki silsilə tərketmələrdən yaranan sarsıntılar Tvenin kəskin ürək narahatlığına səbəb olur və o, 1910-cu il aprelin 21-də vəfat edir.
   
   Çoxusu -
   
   çox sonralar çap edilən “Günahsızlar yadellərdə”, “Mətinlər”, “Qızılı əsr”, “Missisipidə köhnə vaxtlar”, “Şahzadə və dilənçi”, “Qoruyucu mələyə məktub”, “Janna d`Ark”, filmə alınmış “Milyon funt sterlinq dəyərində bank bileti” və digər əsərlərinə nisbətdə, oxuculara daha çox, “Haklberri Finin sərgüzəştləri” və “Tom Soyerin macəraları” romanları ilə tanış olan M.Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də məşhurlaşıb. Həmin aforizmlər Tvenin bədii dəryasında üzə bilməyənlərə daha tez çatır və bu kəlamlardan bəzi “qorxulu”ları, dövrünün ən məşhur adamları ilə (dünya şöhrətli incəsənət xadimləri, sənaye maqnatları və s.) dostluq edən bu ədibin “yaxınlar siyahısı”na prezident, baron, Avropa kral ailələrinə mənsub isimlər də əlavə edir. 1907-ci ildə Oksford Universiteti Mark Tvenə elmlər doktoru fəxri adını verir.
   Nəhayət, dünyaca məşhur -
   
   Mark “Doqquzluğu”...
    
   Bunlara şərh gərəkməsə də, öz şərhlərinin ixtisarına ehtiyac var.
   1. Özündən məmnun olmayan insan həyatdan məmnun ola bilməz. 
   2. Yaş yalnız sizin şüurunuzdadır. Əgər o haqda düşünmürsüzsə, deməli, o, mövcud deyil.
   3. Gülüş - insana məxsus olan ən güclü silahdır; heç kim incə yumor həmləsinə duruş gətirə bilməz. Gülüş mənfi emosiyaları beyindən sıxıb çıxarır, müsbət yüklü beyin bədəndə yeni güc axını yaradır.
   4. Qəzəb - içində saxlandığı qabı aşındıran turşu kimidir. O, saxlandığı qaba - töküldüyü qabdan daha çox zərər yetirir.
   5. Sanmayın ki, dünya sizə nədəsə borcludur. Uşaqkən lazım olan çox şeyi valideynlər təmin etdiyindən, bizə elə gəlir ki, sonralar bunu dünya davam etdirməlidir. 
   6. İnsanlar, yeni ideyalarla ortaya çıxan insanı - bu ideyalar uğur qazanmayınca əcaib sayırlar. Lakin narahat olmayın, onlar sizi gec-tez rahat buraxıb, gedəcəklər öz işlərinin başına.
   7. Pessimizm - zəif əsəbli adamların müdriklik kimi başa düşdüyü “sözcük”dən başqa bir şey deyildir.
   8. Öz ruhunu yüksəltməyin ən yaxşı yolu başqasının ruhunu yüksəltməkdir.
   9. İyirmi il sonra siz etdiklərinizdən daha çox, etmədiklərinizə görə təəssüflənəcəksiniz.
   
   Tahir Abbaslı