Azərbaycan Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını həyata keçirərək respublika Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik vəsaitlər hazırlayır. Belə nəşrlərdən biri yaxın günlərdə kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova və Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva tərəfindən Milli Kitabxananın təcrübəsi əsasında hazırlanmış “Açıq kitabxananın fəaliyyətinin əsas istiqamətləri” adlı metodik vəsaitdir. Redaktoru Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov olan bu vəsaitdə “Açıq kitabxana” layihəsi, onun yeni iş formaları ilə təkmilləşdirilməsi, reklam işinin təşkili barədə müvafiq təkliflər təqdim edilmiş, “Açıq kitabxana”nın fəaliyyətinə dair təlimat və Milli Kitabxananın bu layihə üzrə əldə etdiyi təcrübənin digər kitabxanalarda tətbiqinə dair metodik tövsiyələr verilmişdir. 
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütaliənin təbliği məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bu ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında Milli Kitabxananın nəzdində həftənin bütün günləri fasiləsiz fəaliyyət göstərən, vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq kitabxana” təşkil edilmişdir.
   Qısa müddət ərzində layihənin insanları özünə cəlb etməsi nəzərə alınaraq onun daha da təkmilləşdirilməsi və Milli Kitabxananın layihə üzrə əldə etdiyi təcrübənin digər kitabxanalarda tətbiqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası 14 oktyabr 2016-cı il tarixli 7/1 nömrəli qərar qəbul etmişdir. Metodik vəsait bu qərara müvafiq olaraq hazırlanaraq kitabxanaçılara təqdim olunmuşdur. 
   Vəsaitdə müvafiq təlimatla yanaşı, “Açıq kitabxana”nın fəaliyyətinin əsas istiqamətləri rəngli fotoşəkillər əsasında geniş izah edilmişdir. Müəlliflər kreativ metodlara əsaslanan tədbirlərin təşkilini tövsiyə etmişlər. Nəşrdə gənclərin mütaliəyə cəlb edilməsi, ailə qiraəti, unudulmuş kitabların mütaliəsi kimi aksiyalar, kitabın təbliği, mütaliə mədəniyyətini formalaşdırmaq, açıq kitabxanaya potensial oxucu cəlb etmək məqsədilə təşkil edilə biləcək “Kitab qiraəti günləri” və s. haqqında məlumat verilmişdir.
   
   Aygün Hacıyeva
   Azərbaycan Milli Kitabxanasının Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri