Fransanın Elzas regionunun Mülhaus şəhərində keçirilən Milad yarmarkasında artıq ikinci ildir Azərbaycan köşkü də fəaliyyət göstərməyə başlayıb. Bu dəfə köşk Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin “Gilan Holdinq” şirkəti ilə birgə əməkdaşlığı şəraitində təşkil edilib.
TEAS-dan bildiriblər ki, beş həftə ərzində qonaqlar Azərbaycan qonaqpərvərliyi ilə qarşılanacaq və yüksək keyfiyyətli Azərbaycan şərabları, təravətli çay, nar şirəsi, gül və əncir mürəbbəsi, ənənəvi şirniyyatlardan, paxlava və şəkərburadan dadmaq imkanı əldə edəcəklər. Ziyarətçilər Milad hədiyyələri olaraq orijinal incə əl işlərini əldə edə biləcəklər. Bunların arasında UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş kəlağayılar və Qubada əllə toxunan corablar da var. Onlar, həmçinin köşkdəki kitab və broşürlər vasitəsilə Azərbaycanın rayonları, xüsusilə, ölkəmizin ən qədim tarixi şəhərlərindən biri və yeni turistik məkanı olan Qəbələ haqqında məlumat alacaqlar.
Yarmarkanın açılış mərasimində Mülhaus şəhərinin meri Jan Rottner, merin turizm və mədəniyyət tədbirləri üzrə müavini Natali Motte və Elzas Ticarət Palatasının vitse-prezidenti Kristian Keller də iştirak edib. Bildirilib ki, 26-cı dəfə keçirilən Mülhaus Milad yarmarkasından beş həftə ərzində bir milyona yaxın insan zövq alacaq.
Yarmarkadakı köşkləri ziyarət edən Mülhaus meri Jan Rottner Azərbaycan stendi ilə də tanış olub. Merə paxlava təklif edilib.