Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir
Dekabrın 1-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunun açılış mərasimi keçirilib. Forumda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
3 dekabr tarixinədək davam edəcək tədbir çərçivəsində plenar iclaslar, dəyirmi masalar və kino, teatr, musiqi, rəqs, kütləvi kommunikasiya kimi istiqamətlər üzrə ustad dərslərinin keçirilməsi planlaşdırılır.
Forumun mədəni proqram çərçivəsində iştirakçılarının Sankt-Peterburqdakı Ermitaj və Rus muzeyləri, Mariinski və Mixaylovski teatrları, Boris Eyfmanın Balet teatrı ilə tanışlığı, S.Prokofyevin 125 illiyinə həsr olunmuş qala-konsert və digər tədbirlərdə iştirakı nəzərdə tutulur.
Forumda mədəniyyət nazirləri, diplomatik missiyaların başçıları, Rusiyanın aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, incəsənət xadimləri, beynəlxalq mədəni əməkdaşlıq sahəsində mütəxəssislər iştirak edir.
Qeyd edək ki, forumun ikinci günü (2 dekabr) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Müqavilə imzalanması nəzərdə tutulur.