“Bəzən konsertlər axşam saat 10-da qurtarırdı. Amma dostlarımız bu saatdan sonra da bizə gəlirdilər. Bilirdilər ki, biz onların hər gəlişinə sevinirik. Şura vəfat edəndə dostlarımız “Sülh 50” ünvanındakı məşhur evin sahibəsi dünyadan getdi” dedilər...”
“Sanki vaxt yenidən geri döndü. Və sən mənə ilk çiçəkləri verirsən...
Səninlə birlikdə uşaqları “Sülh 50” ünvanındakı evimizə toplayırıq”...
Bu cümlələr TÜRKSOY-un baş katibi Düsen Kaseinov və xanımı Aleksandra Kaseinovanın ilk səhnə duetində birgə ifa etdikləri mahnıdan bir parçadır. İfa ilk dəfə 15 il öncə Qazaxıstanın keçmiş paytaxtı Almatıda keçirilən “Almatı - mənim ilk məhəbbətim” adlı dördüncü retro festivalda səslənib. Bundan öncəki festivallara Kaseinovlar tamaşaçı kimi qatılmışdılar, indi isə onlar səhnədə idilər. Aleksandra məlahətli səslə ifaya başlayır, bir qədər sonra isə Düsen bəy əlində skripka səhnəyə gəlir və möhtəşəm bir duet-ifa alınır.
Düsen Kaseinovla söhbətimizə başlamazdan öncə həmin ifanın videoyazısını birlikdə izlədik. Həyatda onları tanıyan insanlar üçün uğurlu, nümunəvi cütlük olan Kaseinovlar səhnədə də necə xoşbəxt görünürlər. Onların dueti zaldakı tamaşaçıları vəcdə gətirmişdi və alqış selinə bürümüşdü. Artıq tale, amansız əcəl onları bir-birindən ayırıb...
Düsen bəylə bu dəfə həmişəkindən fərqli mövzuda söhbət edəcəyik. Bu mövzuda mənim üçün sual vermək, onun üçün isə bir neçə ay öncə həyatdan getmiş Aleksandra Kaseinova haqqında keçmiş zamanda danışmaq ağırdır.
Bir mahnının tarixçəsindən...
Düsen bəy söhbətə az öncə dinləyib seyr etdiyimiz mahnının tarixçəsindən söz salaraq başlayır.
- “Köhnə ev” mahnısının sözləri bizə əziz olan evimizdən bəhs edir. Almatıda Sülh küçəsi 50 ünvanında yerləşən bu evdə 70-80-ci illərdə yaşamışıq. Şura (Düsen bəy xanımını çox vaxt belə çağırarmış) müğənni kimi heç vaxt böyük səhnəyə çıxmamışdı. Amma həmin ifa çox uğurlu alınmışdı. Ona görə də dostlarım yarızarafat - yarı tənə ilə deyirdilər ki, sən onu əvvəlcə pianoçu, sonra isə müğənni kimi parlamağa qoymadın. O, əvvəlcə uşaqlarımızı, sonra isə nəvələrimizi tərbiyə edib böyütmüşdü. Belə alınmışdı ki, bizim dostlarımızın çoxu evli deyildi. Biz isə tez ailə qurmuşduq. Artıq 5-6 yaşlarında iki qız övladımız da vardı. Biz Karaqandadan Almatıya gəlmişdik və o zaman nə qohumumuz, nə imkanlı valideynlərimiz var idi. Lakin bütün bunlara baxmayaraq bizim mənzilə bütün dostlarımız toplaşırdı. İlk vaxtlar mənzilimizi tez-tez dəyişməli olurduq. Sonra Sülh küçəsi 50 ünvanında məskunlaşdıq.
Təbii ki, mən o zaman çox məşğul idim. Təkcə konservatoriyada çalışmırdım, konsert turnelərimiz də olurdu. Bütün qohumlarımı, dostlarımı Şura qəbul edirdi. Bizim evimiz tarixdə ən qonaqpərvər ev kimi qaldı. Bu evə gələcəyin məşhur şairləri, yazıçıları, musiqiçiləri, məmurları, nazirləri toplaşırdılar. Beləliklə, dostlarımızdan biri 15 il əvvəl bu mahnını yazdı. Bu mahnı bizim həyat hekayəmizdir. Çünki o özü bizim evdə olduğu üçün hər şeyi görüb bilirdi. Məsələn, dostlarımızdan biri digərindən soruşurdu ki, dünən harada idin, cavab verirdi ki “Sülh 50”də. Bu, hər kəs üçün Şura və Düsenin ünvanı idi. Bəzən konsertlər axşam saat 10-da, 11-in yarısında qurtarırdı. Amma dostlarımız bu saatdan sonra da bizə gəlirdilər. Bilirdilər ki, biz onların hər gəlişinə sevinirik. Ona görə də Şura vəfat edəndə dostlarımız “Sülh 50” ünvanındakı məşhur evin sahibəsi dünyadan getdi” dedilər...
“Ailə naminə hər şeyi qurban verməyə hazır idi”
Düsen bəy Aleksandra ilə hələ yetkinlik yaşlarından dostluq etdiklərini, o zaman Şuranın 14, onun isə cəmi 13 yaşı olduğunu deyir:
- Biz bir yerdə böyümüşdük. 13 yaş şəxsiyyətin formalaşması dövrüdür. Ona görə də biz hər ikimiz bir-birimizə təsir etmişdik. Mən skripkaçı, o da pianoçu idi. Bizim ümumi maraqlarımız var idi və bu, ilk qarşılıqlı anlayış idi. Digər tərəfdən o, açıq, xeyirxah, həssas insan idi. Şuranın həssaslığı, insanı anlama bacarığı mənə çox şey öyrətdi. O, kimisə kəskin şəkildə müzakirə etməzdi. Deyirdi ki, insan səhv edib və bu səhvi düzəldə bilər. Onu dərhal aşağılamaq, məhv etmək lazım deyil. Ümumiyyətlə, alicənab insan idi. Bütün ömrünü mənə və ailəyə həsr etdi.
Gənc cütlük öz ali musiqi təhsilini Almatıda davam etdirmək qərarına gəlir. Ailədə ondan başqa da bacı-qardaşlarının olduğunu düşünən Düsen bəy oxumaqla yanaşı, həm də çalışmağa başlayır. Bu mərhələdə də yenə Şura ona dəstək olur:
- Konservatoriyaya daxil olandan bir neçə ay sonra valideynlərimə yazdım ki, mənə pul yollamaya bilərsiniz, artıq işləməyə başlamışam. Şura isə həyatının ilk qurbanını verdi: o konservatoriyanı tərk etmək və uşaqları tərbiyə etmək qərarına gəldi. Əslində, çox istedadlı idi. Elə buna görə də uşaqlar bir qədər böyüdükdən sonra o həm dərs deyir, həm də konsertmeyster kimi çalışırdı. Hətta uşaqlar bağçaya getdikdə onlarla birlikdə olmaq üçün akkordeonda çalmağı da öyrəndi. Uşaqlarımızı bağçaya ona görə götürdülər ki, oraya həm bədii rəhbər, həm də akkordeonda çalmağı bacaran adam lazım idi. Şuranın xeyirxahlığı, uşaqlara sevgisi də var idi. O, uşaqlara laqeyd münasibət göstərən valideynlərə görə çox narahat olurdu.
Düsen Kaseinov skripka ifaçılığı ixtisası üzrə Moskvada aspiranturaya daxil olan ilk qazax olub. Özünün dediyi kimi, belə bir xoşbəxtlikdən imtina etmək mümkün deyildi və bunu Şura da gözəl anlayırdı. Və budur, növbəti fədakarlıq...
- Moskvada oxuduğum iki il müddətində Aleksandra qızlarımızla Karaqandada yaşadı və mənə pul yollayırdı ki, təhsilimi davam edim. Şura ailə naminə hər şeyi qurban verməyə hazır idi. Mən Moskvadan qayıdanda artıq biz Almatıya getdik. Həmişə düşünürdüm ki, evdə bir arxam, dayağım var. Mən də atama bənzəyirdim. Çünki atam evə gəlir və müşahidə etmirdi ki, məsələn, anam divara xalça vurub. “Sən heç olmasa bir şey de”, - anam ona deyirdi. Atam isə, sən nə vaxt asdın ki, bu xalçanı, soruşurdu.
Mən ev təsərrüfatında heç nə bilmirəm. Hər şeylə o özü məşğul olurdu. Ütü qırılır, mebel zədələnir - özü öhdəsindən gəlirdi. Şuranı tanıyanlar onun həm də çox dadlı yemək hazırladığını bilirlər. Adi kartofu elə hazırlayıb süfrəyə gətirirdi ki, hamı soruşurdu, bu kartofu haradan almısınız. Aleksandra paltarlarını da özü tikirdi. O, heç vaxt xüsusi bahalı geyimlər almırdı. Bir şeyi alıb ona elə əl gəzdirirdi ki, hamı elə bilirdi ki, marka məhsuldur. Bir sözlə, özü-özünün modelyeri idi. O, çox məşhur müğənni ola bilərdi. Amma özünü ancaq həyat yoldaşı, ana, sonra isə nənə kimi formalaşdırdı. Həm güclü, həm də bacarıqlı qadın idi.
Baş tutmayan “Qızıl toy”
Növbəti ildə evliliklərinin 50 illiyini, yəni “Qızıl toy”larını qeyd etməyə hazırlaşırdılar. Lakin qismət olmadı. “Şura Türkiyəni, dənizi çox sevirdi. Elə ürək tutması da onu dənizdə yaxaladı...”, - deyir Düsen bəy.
“Alicənablıq ən vacib insani hislərdir. Əgər insan öz ailə, qohum, xalqına qarşı belədirsə, deməli, yaxşı insandır”, - bu, Aleksandra Kaseinovanın gündəliyinə yazdığı kəlmələrdir. Onu tanıyan hər kəs olduqca insanpərvər bir qadın olduğunu söyləyir. Düsen bəy isə deyir ki, biz öncə uşaqları, sonra nəvələri yaxşı tərbiyə etmək, valideynlərimizə, dostlara kömək etmək istəyirdik:
- Bəzən qadın başqa işləri görür, öz uşaqlarını tərbiyə edə bilmir. O, bədbəxt insandır. İndi şadam ki, əvvəlcə qızlarımızda, indi isə nəvələrimizdə o zəhmətin nəticələrini görə bilirik. Ailədə hər kəs musiqiçidir. Vacib deyil ki, peşəkar musiqiçi olsunlar. Baxmayaraq ki, artıq onlardan ikisi Avstriyada musiqi akademiyasında təhsil alır. Digər nəvəm isə Amerikada yaşayır, fizika ilə məşğul olur. Həm də pianoçudur. Onlar özləri seçəcək kim olacaqlarını. Amma bütün qohumlara deyirəm ki, hər ehtimala qarşı uşaqlara musiqi öyrədin. O zaman daha fantaziyalı, ağıllı, yaradıcı olacaqlar. Məsələn, nəvələrim Avstriyada dostlarını toplayıb nənəsinin yas mərasimini verib. Süfrəyə qoyduqları hər şeyi öz əlləri ilə hazırlayıblar. Nyu-Yorkda yaşayan nəvəm anasının rəfiqələrini bir araya gətirib nənəsini anıb. Mən artıq Şuranın tərbiyəsinin nəticələrini nəvələrimizdə görürəm. Bu da indi mənim qəlbimin balzamı, ruhumun rahatlığıdır. Və artıq əminəm ki, mən də nə vaxtsa dünyadan gedəndə onlar bunu gələcək nəsillərə verəcəklər.
Mehparə Sultanova
Ankara