“Torpaq, uğrunda ölən varsa, Vətəndir!” layihəsinin yekun tədbiri keçirildi
   
   Noyabrın 30-da Azərbaycan Dövlət İstiqlal Muzeyində “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” layihəsinin yekun tədbiri keçirildi. Tədbirdə Milli Qəhrəmanların ailə üzvləri və dostları, Milli Qvardiyanın əsgərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
   Əvvəlcə muzeyin direktoru Fəridə Şəms layihə barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan müstəqilliyi uğrunda canından keçən vətən övladlarının qəhrəmanlığı nəsillərin yaddaşında daima yaşamalıdır. Bu məqsədlə həyata keçirilən “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” layihəsi çərçivəsində il ərzində paytaxtın bir sıra məktəblərində, hərbi hissələrdə Milli Qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə sərgilər, tədbirlər keçirilib, sənədli filmlər nümayiş olunub.
   Milli Qəhrəman Natiq Əhmədovun qardaşı Möhübbət Əhmədov çıxış edərək bildirdi ki, müstəqillik böyük xoşbəxtlikdir. Babalarımız bu amal uğrunda mübarizə aparıb. Onların görə bilmədiyi müstəqilliyi övladları qanı bahasına əldə etdi. Azərbaycan dövləti öz qəhrəman övladlarını unutmur, onların xatirəsini əziz tutur.
   Milli Qəhrəman Əfqan Hüseynovun həyat yoldaşı Leyla Hüseynova qeyd etdi ki, xalqımız tarixin bir çox dövrlərində vətən, torpaq uğrunda çətin mübarizələr aparıb: “İnanırıq ki, güclü ordumuz Qarabağ torpağını məkrli düşməndən azad edəcək. Biz də öz doğma yurdumuza dönəcəyik”. 
   Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova, Ələkbər Əliyev, Əfqan Hüseynov, Hikmət Nəzərli, Məzahir Rüstəmov, Gültəkin Əsgərova və başqalarının şəxsi əşyalarının nümayiş olunduğu sərgi ilə tanış oldular.
   
   Savalan Fərəcov