Bir şair ki... nə qədər danışırsan-danış, yazırsan-yaz, qurtarmaz ki qurtarmaz!..
   
   Bu bitməz könül “serial”ı iştirakçılarından biri də bəndəniz. Bu qəzetdə çalışdığım on il ərzində onun “Ömür karvanının sənət yükünə Bir-iki qeyrətli söz yükləməsək, sən kimə gərəksən, mən kimə gərək”, “Salamat qal, salamat”, “Azərbaycan deyiləndə ayağa dur ki...” misralarından doğan başlıqlarla yazılar yazmışam...
   O yazılardan biri də “Bir şair vardı...” başlığı, “Ömrü boyu tufan əydi, su yardı...” başlıqaltıda və bu da şairin öz misralarından törəmə: “Mən Araz üstündə bitən çinardım, Ömrüm boyu tufan əydim, su yardım, Xətainin qılıncını suvardım, - Məmməd Araz karandaşı göyərdi”...
   Bu dörd misranı şeir “tələbat”ıyla alt-alta yox, yan-yana yazdığımın fərqinə bir qədər gec vardım, lakin bununla həm də, Məmməd Araz nəhrinə mənsub daha bir sehrə varmış oldum. Belə ki, bu şairin misra-misra yazdıqlarını nəsr kimi də oxumaq, məktəblilərin diliylə desəm, sətirdən-sətrə keçə-keçə də yazmaq olar. Amma, analoqu olmayan nəsr kimi. Sözün belə bir halında - nəqliliyə mail məqamında bir az şairanə desək, ana-bala halətli həsr kimi, naxışları baxışlara sığal çəkən sür-süjetli qəsr kimi. Həm də hərdən cəmiyyətin “şair” mövcudatından, sənətin “şeir” formatından bezikənlərə nəzri-əcr kimi. Məsələn, “Anamdan-bacımdan gizlətdiyimi qələmdən-kağızdan gizlətməmişəm”, “Ürəyimsiz kəlmə yazan deyiləm, nə qədər ki öz əlimdir yazanım!”, “İti bazarında atından baha - mən belə dünyanın nəyindən küsüm?”, “Bir ağılın budağından sallanıb, neçə-neçə ağlıdayaz yaşayır”, “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim!” və s.
   ...Amma bəzən (xüsusən, ürəklər ya süsən-sünbül kimi titrəyəndə, ya nanə yarpağıtək əsəndə), adam misra-misra dillənmək istəyir.
   “Süsən-sünbül”lük çağında: 
   
   Gülüm, bir də görüşünə yubansam,
   Adımı tut - harda dağlar dumansa,
   Sıx gözünü - hansı daşda su yansa,
   O daş altda Məmməd Araz yaşayır...
   
   “Nanə yarpağı”nda:
    
   Bu axşam... özümdə yoxam bu axşam,
   Ağlı kəsilməmiş kəsilmiş başam.
   Ey ilham pərisi, varsansa əgər,
   Bu axşam üstümə qanadını gər...
   
   Bu süsən-sünbül, əsmi nanə təbiətli şair öz çağının bütün siyasi-ictimai-sosial əyri-üyrülüklərinin əyilməz düzünəqulusu idi. İndilər ürəklərimizə batman-batman yüngüllüklər, şadman fəxarətlər gətirən müstəqil ölkəmizin o çağlarkı ağırlığı, ağrıları, onun kimi beş-onların çiyinlərində dövr, ürəklərində qövr edir, mübarizə şaxlarını sındıra bilməsə də, səhhət şuxlarını əzirdi. Eynən onun, tək elə elmdə yox, həm də millətçi çabaları ilə ümummədəni-mənəvi korifey həmkarlarından olan və söhbətlərinin birində “milli ziyalılıq meyarı” kimi qiymətləndirdiyi Xudu Məmmədova ithaf etdiyi şeirlərinin birində dediyi kimi:
    
   Bax donqar dəvənin səbət yükünə,
   Bənzəyir içiboş şöhrət yükünə,
   Ömür karvanının sənət yükünə
   Bir-iki qeyrətli söz yükləməsək -
   Sən kimə gərəksən, mən kimə gərək?.. 
   
   Elə ovaxtlar ölməz şairin 50 illiyilə bağlı bu “doyulmaz alim”in bir televiziya verilişində dediyi kəlamlar da el-elita dilindən düşmürdü: “Adətən ev-eşikdə nə çatmazsa, nədən çox danışılarsa, uşaq ondan istəyər. Bir axşam Məmməd Arazın Vətən mövzulu bir neçə şeirini dinləyən yeddi yaşlı oğlum qəflətən mənə qayıtdı ki, ata, mənə Vətən al...”
   
   Amma...
   
   sağlığında özünə “nekroloq” (“O daş altda Məmməd Araz yaşayır”) yazmış bu şair, hərdən, hər gün “mənə təzə maşın, yeni mənzil, dəbdəbəli villa al” sözlərilə xitab edilən atalara, bu “şirin dünya”dan beşəlli yapışıb hədər arzulara düşənlərə “fəlsəfi bibər” də dadızdırırdı: 
   
   Bu get-gəllər bazarına dəvədi dünya,
   Bu ömür-gün naxışına həvədi dünya,
   Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
   Dünya sənin, dünya mənim, 
    dünya heç kimin!..
   
   Bu şairin qələm-kotanı bir vaxtların daha nisgil-nostaljili “o tay-bu tay”, bütün zamanların “sənin”-“mənim”, “haralısan?” kimi leksikonlarımızın daha dərinliklərinə işləyirdi. Ötən əsrin 60-cı illərində həmin “o tay-bu tay”ımız arasında inşa edilən “Arazstroy”a alatoran nəzərlərlə baxıb, yarı qəlpən, yarı qəlbən sevinənləri, dəvələngəri axan o “günahkar” çayda sayrışan işıqlara millən birləşməyimizin ilk qaranquşu kimi baxanları “anti-arxayınçılıq”, “əks qayət-muğayatlıq”lara səsləyirdi: 
   
   “İşıqlar da bir-birinə 
   Yaxın yadlar olacaqlar...
   İşıqlar da ayrılığa öyrəşəcək, 
   Yükünü çək, dəvə qardaş, 
    yükünü çək...” 
   
   Hərdən də...
   
   mənə elə gəlir ki, 1933-cü il 14 oktyabr təvəllüdlü Məmməd Araz bizim eradan əvvəl, yaxud ən azı, orta əsrlərdə doğulub. Nədən ki, bu adam hər beş şeirindən birində “Danış görək, a daş qardaş” kimi “daş dövrü” dialoqları, “Ey daşlaşan, torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!” kimi xitablar edir. “Ey Xan Eyvaz, Dəli Domrul, Fətəli xan, İbrahim xan, sizinləyəm!” deyir. Mənə belə də gəlir ki, o tək elə Şahbuz rayonunun Nursu kəndində yox, Azərbaycanın bütün el-obalarında dünyaya gəlib. Nədən ki, onun şeirlərinin dilində, hal-xasiyyətində, təhər-tövründə bir cıqqan da olsun ləhcə-şivəlik, bölgəvilik, etnos-etniklik yoxdur. Onun “ulu babam!” deyə müraciət etdiyi kişilər hamımızın cılxa-çuxa babamızdır. “O zamanmı bitdi bizim dilimizin “sənin”-“mənim” damarı da, O zamanmı bitdi bizim dilimizin “haralısan?” qabarı da?!” sual-qınağı hamımıza aiddir.
   Bəs bunlar sənə necə gəlir, - o ölməzin şah irsini bəh-bəh, bəndənizin bu yazısını “bah” tərzilə oxuyan oxucu? Sənə də təəccüblü gəlmirmi ki, bu böyüklükdə fikirlər, düşüncələr, hisslər sahibi “Kəndim, balacasan, çox balacasan” dediyi o yurdun məktəbində müəllim işlərkən o kənddən min dəfə balaca sinif otaqlarına necə sığıb? Fərqindəsənmi, füzun xəstəliklə müşayiət olunmuş ömrü uzunu yazdığı general misraları ilə milli istiqlal savaşımız üçün ərəfə ordusu yaratmış bu şair-komandanın baxışları axır çağlar necə dəyişmişdi. Əlləri yenə əsim-əsim əssə də gözləri par-par parlayırdı!.. 
   Bu şairin nəinki həcmcə ən kiçik şeiri, hətta hər kitabının adı da bitkin əsər təsiri bağışlamırmı? “Anamdan yadigar nəğmələr”, “Atamın kitabı”, “Üç oğul atası”, “Oxucuya məktub”, “Dünya sənin, dünya mənim”, “Dünya düzəlmir”, “Daş harayı”, “Qanadlı qayalar”, “Araz axır”, “Qayalara yazılan səs”, “Ağlayan qayalar”, “Əsgər andı”, “Vətən deyin”, “Sənətdə son mənzil olmur”...
   Qələmi əlimə aldığım andan yaddaşımda cərgələnən yüzlərlə şeirindən hansı biri ilə bitirim bu yazını? “Altı qızdan biri Pəri” ilə? Ya bəlkə “Haqqın var yaşamağa” ilə? Yox, qoy hamımıza dəxli olanı ilə: 
   
   Azərbaycan - mayası nur, qayəsi nur ki,
   Hər daşından alov dilli ox ola bilər.
   “Azərbaycan!” - deyiləndə ayağa dur ki -
   Ana yurdun ürəyinə toxuna bilər...
    
   Hələlik, “ey daşlaşan, torpaqlaşan, bugünümdən dünənimə uzaqlaşan ulu babam”lardan biri - Məmməd Araz! 
   Növbəti yazılaradək...
    
   Tahir Abbaslı