Dekabrın 1-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda xalçaçı-rəssam Eldar Hacıyevin “İlmələrin rəqsi” adlı fərdi sərgisinin açılışı oldu. 
   Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgini Xalq rəssamı Ağəli İbrahimov açaraq Azərbaycan xalçaçılıq sənətinin zəngin tarixi, ənənəsi olduğunu xatırlatdı. O, çağımızda bu ənənəni ustalıqla davam etdirən E.Hacıyevin yaradıcılığını yüksək sənətkarlıq örnəyi adlandırdı. 
   Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev təqdim olunan əsərlərin bədii məziyyətlərinə diqqət çəkdi, rəssamın hər bir işində gərgin əməyin, dəqiq və incə duyumun sezildiyini nəzərə çatdırdı. 
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva rəssamın korifey sənətkar Lətif Kərimovun tələbəsi olduğunu, onun ənənəsini layiqincə davam etdirdiyini bildirdi. 
   Rəssamlar İttifaqının dekorativ və tətbiqi sənət bölməsinin rəhbəri Aydın Rəcəbov, qurumun katibi Rafiq Kərimov rəssama yaradıcılıq uğurları dilədilər.
   Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə rəssamın 30-dan çox xalça və dekorativ rəngkarlıq əsəri nümayiş olunur. Müəllifin “Azərbaycan”, “Nizami Gəncəvi”, “Xəmsə”, “Məhsəti Gəncəvi”, “Mirzə Şəfi Vazeh”, “Ömər Xəyyam”, “Min bir gecə”, “Şərq gəlini” xalçaları və s. əl işləri bədii dəyərilə diqqəti çəkir. 
   Rəssamın son illərdə akril boyaları ilə çəkdiyi dekorativ rəngkarlıq əsərləri də maraq doğurur. E.Hacıyevin yaradıcılığında sezilən məqamlardan biri də rəngkarlıq işlərinin özündə dekorativ-tətbiqi sənətin və miniatürün özəlliklərini daşımasıdır. “Elçilər”, “Kənddə səhər”, “Süfrə ətrafında”, “Toy”, “Əncir yığan qızlar”, “Köç”, “Xan pişiyi”, “Kənd qızı” kimi rəngkarlıq əsərləri milliliyi, xarakterik boyaları ilə ruhu oxşayır. 
   
   S.Qaliboğlu