UNESCO-nun baş qərargahında IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub
Dekabrın 5-də Parisdə, UNESCO-nun baş qərargahında Dünya Mədəniyyətlərarası Dialoq Forumu Beynəlxalq işçi qrupunun ekspert görüşü və ali toplantısı keçirilib.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzi rəsmilərinin iştirakı ilə reallaşıb.
Ali toplantıdan əvvəl keçirilən işçi qrupun ekspert görüşündə nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, işçi qrupun katibi Vasif Eyvazzadə və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək “Bakı prosesi”, növbəti Forumun prioritetləri, tərəfdaş beynəlxalq təşkilatlardan gözləntilər barədə məlumat veriblər. Beynəlxalq qurumların nümayəndələri 2017-ci il 5-6 may tarixində Bakıda keçirilməsi nəzərdə tutulan IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyinə təkliflərini təqdim ediblər və bu təkliflər ətrafında müzakirələr aparılıb.
Müzakirənin nəticələri daha sonra keçirilən ali toplantıya təqdim edilib.
Toplantıya sədrlik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclas iştirakçılarına, xüsusilə UNESCO-nun baş direktoru İrina Bokovaya, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirə, UNESCO baş direktorunun müavini Françeska Bandarinə, İSESCO baş direktorunun müavini Amina Al-Hajriyə, BMT-nin Dünya Turizm Təşkilatının regional direktoru və baş katibin müşaviri Əmr Abdel-Qaffara və digər yüksək səviyyəli rəsmilərə iclasda iştirak etdiklərinə, Prezident İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünə göstərdikləri dəstəyə və tərəfdaşlığa görə təşəkkürünü bildirib.
UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan hökumətinin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələri alqışlayaraq “Bakı prosesi”nin həm mədəniyyətlər arasında dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platforma olduğunu qeyd edib və rəhbərlik etdiyi qurumun IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində vacib tərəfdaş rolunda çıxış edəcəyini deyib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bu ilin aprelində Bakıda uğurla keçirilmiş VII Qlobal Forumu xatırladaraq Azərbaycan ilə “Bakı prosesi” çərçivəsində uzun illərə dayanan səmərəli əməkdaşlığın olduğunu, növbəti Dünya Forumu çərçivəsində bir sıra tədbirləri təşkil edəcəklərini vurğulayıb.
Daha sonra Dünya Turizm Təşkilatının regional direktoru Amr Abdel-Qaffar, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının direktoru Marsela Villareal, İSESCO baş direktorunun müavini Amina Al Hajri, Avropa Şurasının Demokratiya Baş Direktorluğunun xüsusi əlaqələndiricisi Danile Kanjemi, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndəsi Migel Silva, Böyük Britaniyanın Koventri Universitetinin Sosial əlaqələr, sülh və etiqad institutunun rəhbəri professor Mayk Hardi, “Qlobal Kompas” təşkilatının sədri Jan Kristov Ba çıxış edərək “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində tərəfdaşlığın vacibliyindən bəhs edib, 2017-ci ildə keçiriləcək Forumla bağlı təkliflərini bildiriblər.
Nazir Əbülfəs Qarayev irəli sürülən təkliflərə görə təşəkkürünü bildirərək Azərbaycanın sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini daim nümayiş etdirdiyini söyləyib və səslənən fikirlərin dekabrın sonuna kimi proqram şəklində hazırlanacağını və yekun sənədlərlə birgə tərəfdaş beynəlxalq qurumlarla paylaşılacağını deyib.
Görüşün sonunda qərara alınıb ki, IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din və inanc, turizm, təhsil, elm, gənclər, media və s. mövzularda plenar və panel sessiyalar keçirilsin.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ildə Avropa Şurası mədəniyyət nazirlərinin və bir sıra islam ölkələri nazirlərinin paytaxtımızda keçirilən konfransında “Bakı prosesi”, 2010-cu ildə BMT Baş Assambleyasında Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüslərini irəli sürüb. “Bakı prosesi” ötən müddətdə qlobal hərəkata çevrilərək nüfuzlu beynəlxalq təşkilatları birləşdirən nadir platforma kimi dünya siyasətində mühüm yer tutur.
“UNESCO ilə əməkdaşlıq Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa imkan verir”
Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən “Bakı prosesi”nə və Dünya Mədəniyyətlərarası Dialoq Forumuna böyük önəm verir.
IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı UNESCO-nun baş qərargahında keçirilən toplantıdan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında belə deyib.
Nazir bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda iki ildən bir keçirilən Forum ənənəyə çevrilib, gələn il paytaxtımız dördüncü dəfə bu tədbirə ev sahibliyi edəcək. Bakı Forumuna hazırlıq məqsədilə elmi-praktik beyin mərkəzi yaradılıb. Mərkəzin üzvləri tərəfdaşlarımız olan beynəlxalq təşkilatların məsul şəxsləridir. Bugünkü yüksək səviyyəli toplantıda UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Foruma ilk dəfə qatılacaq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəsmilərinin iştirakı onların bu nüfuzlu tədbirə xüsusi əhəmiyyət verməsini bir daha əks etdirir.
Nazir qeyd edib ki, “Bakı prosesi” artıq diplomatik termin kimi qəbul olunur, bu proses insanlar arasında anlaşmanı, dialoq və mədəniyyətlərə qarşılıqlı hörməti təşviq edir. Məqsəd daha sağlam, təhlükəsiz bir cəmiyyətin qurulmasıdır: “Bugünkü toplantıda yeni təşəbbüslər irəli sürüldü. Bununla bağlı yanvar ayında işçi qrupun nümayəndələrinə müvafiq sənədlər göndəriləcək. Gələn ilin mayında Bakıda keçiriləcək Forum üçün maraqlı bir proqram təşkil olunacaq”.
Nazir UNESCO-nun baş qərargahında keçirilən “Mədəniyyətlərarası dialoqdan insan təhlükəsizliyinə və sülhdən davamlı inkişafa” adlı konfransın əhəmiyyətini də vurğulayıb. Qeyd edib ki, konfrans çərçivəsində Azərbaycanın dəstəyi ilə hazırlanmış fransız və ingilis dillərində “Mədəniyyət mülkiyyətinin qorunması haqqında hərbi məlumat kitabı”nın təqdimatı oldu. Bu kitab hərbi münaqişələr zamanı mədəni irs abidələrinin qorunması baxımından çox vacibdir: “UNESCO-da davam etdirilən bu işlər Azərbaycanın işğal olunmuş torpaqları haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa imkan verir. Bu gün görüşlər zamanı bu mövzuya da toxunduq. Azərbaycan dövlətinin sülhsevər siyasətini qeyd etməklə yanaşı, böyük narahatlığımızı da ifadə etdik. Bildirdik ki, işğal olunmuş torpaqlarda mədəni irs abidələrimiz dağıdılıb”.
“UNESCO ilə ölkəmiz arasında sıx münasibətlərin formalaşmasında, əlaqələrin genişlənməsində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu olub. Azərbaycanın bir çox nominasiyalarının, eləcə də bu yaxınlarda lavaş çörəkbişirmə ənənəsinin UNESCO-nun mədəni irs siyahılarına daxil edilməsi də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın töhfəsidir”, - deyə nazir vurğulayıb.
“Bakı prosesi” UNESCO üçün mayak rolunu oynayır
UNESCO-nun baş direktoru İrina Bokova Bakı Forumundan və “Bakı prosesi”ndən böyük gözləntiləri olduğunu vurğulayıb. “Bakı prosesi” UNESCO üçün mayak rolunu oynayır”, - deyə o bildirib.
Baş direktor qeyd edib ki, dünyada baş verən dözümsüzlüyün, zorakılığın, ekstremizmin artması, mədəni və tarixi irsin məhv edilməsi, humanitar böhran böyük narahatlıq doğurur. Bu gün mədəni müxtəliflik üzrə tədrislərin təşkilinə, mədəniyyət sahəsində təcrübələrin, dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə və başqa mədəniyyətlərə hörmətlə yanaşmağa ehtiyacımız var.
Azərbaycanın mədəniyyət və turizm nazirinin iştirakı ilə keçirilən toplantıda Bakı Forumuna hazırlıq məsələlərindən söz açıldığını bildirən baş direktor həmçinin mədəni irsin dağıdılması məsələsinə də diqqət çəkildiyini söyləyib.