Layihə Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına həsr olunub
Dekabrın 2-də Milli Kitabxanada “Sirlər xəzinəsi” adlı ədəbi-bədii, musiqili layihəyə start verilib.
Tədbirdə kitabxananın direktoru Kərim Tahirov layihə haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Milli Kitabxana və Beynəlxalq Muğam Mərkəzinin birgə təşəbbüsü ilə reallaşan layihə çərçivəsində Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii, musiqili məclislər keçiriləcək. Bu silsilədən ilk tədbir Məhəmməd Füzulinin yaradıcılığına həsr olunub.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov belə tədbirlərin keçirilməsini alqışlayıb və ilk məclisin füzulişünaslar üçün bir töhfə olduğunu vurğulayıb.
Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Gülşən Əliyeva, Buludxan Xəlilov, Yazıçılar Birliyinin Qarabağ şöbəsinin müdiri Ənvər Əhməd və başqaları çıxış edib.
Bildirilib ki, Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli, Sabir, Vurğun və digər görkəmli ədiblərin yaradıcılığının təbliğ olunması ölkəmizin daha geniş coğrafiyada tanınmasında böyük əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, bu qəbildən olan ikinci tədbir Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Tədbirdə Əməkdar artist, qiraət ustası Azad Şükürov Füzulinin qəzəllərini səsləndirib, Əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artistlər Qəzənfər Abbasov, Firuz Səxavət, Ehtiram Hüseynov və Hüseyn Məlikovun ifasında şairin qəzəlləri dinlənilib.
Sonda Füzulinin zəngin yaradıcılığını özündə əks etdirən kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.