“Türk dünyasının mədəniyyət paytaxtı” missiyası Şəkinin ümumtürk coğrafiyasında tanınmasına daha bir vəsilə oldu
Mədəniyyət müxtəlif ölkələri, millətləri qarşılıqlı şəkildə tanıdan, yaxınlaşdıran, ortaq keçmişi olan xalqları isə bir-birinə möhkəm tellərlə bağlayan ən güclü dəyərdir. TÜRKSOY təşkilatı yarandığı dövrdən türk xalqları arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfələr verir, bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.
TÜRKSOY-un 2012-ci ildən reallaşdırılan “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu günlərdə 2016-cı ilin “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şəkidə bu missiyanın başa çatmasına həsr olunmuş mərasim, bu çərçivədə TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı, digər tədbir və görüşlər bir daha ümumtürk mədəniyyətinin, ünsiyyətinin təntənəsi oldu.
TÜRKSOY-da 2017-ci il “Molla Pənah Vaqif ili” elan olundu
Dekabrın 1-də Şəkidə keçirilən tədbirlər barədə ötən sayımızda məlumat vermişdik. TÜRKSOY Daimi Şurasının 34-cü toplantısına Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr və Qaqauz Yerindən (Moldova) nümayəndə heyətləri qatılmışdı.
Toplantı çərçivəsində qurumun il ərzində fəaliyyətinə dair hesabatlar dinlənildi, təşkilatın ənənəvi layihələrinin gələn il üzrə qərarları açıqlandı. Xəbər verdiyimiz kimi, Qazaxıstanın Türkistan şəhəri 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi. Beləliklə, Şəki şəhərindən “paytaxt” estafetini türk dünyasının digər mədəniyyət mərkəzi, Xoca Əhməd Yasəvinin vətəni Türkistan qəbul edəcək.
Qurumun digər ənənəvi xatirə ili layihəsi isə 2017-ci ildə Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunacaq. Xatırladaq ki, gələn il böyük şairin anadan olmasının 300 illiyi qeyd olunacaq.
Toplantı başa çatdıqdan sonra mətbuata açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısının ölkəmizdə keçirilməsi və Şəkinin 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının əhəmiyyətini qeyd etdi: “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən şəhərlər sadəcə sıradan bir şəhərlər deyil. Onlar türk dünyasının tarixi və mədəniyyətinin inkişafında öz yeri olan şəhərlərdir. Bu günə qədər bu missiyanı Astana, Əskişəhər, Kazan, Mərv və Şəki şəhəri daşıdı. Şəhərlərimiz “mədəniyyət paytaxtı” adını bir illiyə rəmzi olaraq daşıyır. Bu şəhərlər bundan sonra da, bizim qardaşlığımız var olduqca türk dünyasını bir araya gətirən, yol göstərən bir mədəniyyət mərkəzi olaraq öz dəyərini heç zaman itirməyəcək”.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə jurnalistlərə açıqlamasında türk dövlətlərinin müstəqilliyinin 25-ci ildönümünün təşkilat çərçivəsində geniş qeyd edildiyini dedi: “Türk dövlətlərinin öz aralarında qurduqları ilk çoxtərəfli işbirliyi təşkilatı TÜRKSOY-dur. 25 illik müstəqillik dövrü təşkilata üzv ölkələrin milli mədəniyyətinin, ənənələrinin və milli dəyərlərinin daha da inkişafı dövrü olub. Önümüzdəki illərin də uğurlu olmasını arzu edirəm. Toplantımızın ev sahibi Azərbaycana təşəkkürümü bildirir, 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Türkistan şəhərinə uğurlar arzu edirəm”.
“Mədəniyyət paytaxtı”nın yekunları
Gün ərzində tədbirlər daha sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında davam etdi. Qonaqlar teatrın foyesində Şəkinin tarixi, müasir inkişafı və adət-ənənələrini özündə əks etdirən rəsm sərgisi ilə tanış oldular. Sərgidə türkdilli ölkələri təmsil edən 17 rəssamın Şəkidə olduqları müddətdə çəkdikləri 50-dək rəsm əsəri yer almışdı.
Şəkili rəssam Mənsur Əzizlinin “TÜRKSOY birliyi Şəkidə” adlı rəsm əsəri qalib elan olundu. Rəssam əsərdə türk dövlətlərinin birliyini əks etdirməyə çalışdığını deyir: “Bu rəsmdə birlik rəmzi kimi nar çəkdim. Narın içindəki pərdələrlə ayrılan nar dənələri müstəqil türk dövlətlərini əks etdirir. Eyni zamanda mən rəsmdə ipəyə də yer vermişəm. İpək həm Şəkinin rəmzidir, həm də tarixi İpək Yoluna işarədir. Türk dövlətləri İpək Yolunun üzərində yerləşərək, bir-biriləri ilə, həmçinin dünya ilə əlaqələr qurublar”.
Daha sonra “Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin təntənəli bağlanış mərasimi keçirildi. Türk xalqlarının musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olundu. Konsertin sonunda “Türk dünyasının mədəniyyət paytaxtı”nın rəmzləri Qazaxıstanın Türkistan şəhərinin meri Alembek Usambayevə təqdim edildi.
Qonaqlar Şəki şəhəri ilə tanış oldular
Dekabrın 2-də TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısının iştirakçıları üçün Şəki şəhərində gəzinti təşkil olundu. Tanışlıq zamanı qonaqlar şəhərin qədim hissəsi - “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun ərazisi ilə, XVIII əsr Azərbaycan memarlığının nadir nümunəsi - Şəki xan sarayı ilə tanış oldular.
Qonaqlara şəhərin tarixi tikililəri, Şəki xan sarayının tikilmə tarixi, memarlıq üslubu, həmçinin Şəki xanlığının Azərbaycan tarixində tutduğu yer haqqında ətraflı məlumat verildi. Onlar həmçinin Şəki sənətkarlarının hazırladığı müxtəlif məmulatlarla da tanış oldular.
Fariz Hüseynov