AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin hazırladığı "Yeni sözlər və yeni mənalar lüğəti” çap olunub. Bu haqda institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü məlumat verib. Lüğətə elm, texnika, kosmetologiya və məişətin müxtəlif sahələrində işlənən yeni söz və terminlər daxil edilib.
Lüğətə 2000-ə yaxın yeni söz salınıb: akvamədəniyyət, aqroturizm, biometriya, info-tur, taks-free, merçendayzinq, kaytbordinq, emoji, holovizion və s. Dilimizdə artıq mövcud olan, lakin çağımızda yeni mənalar qazanmış sözlər isə lüğətdə söz birləşmələri daxilində verilib. Məsələn, üzən məzənnə - stabil olmayan məzənnə.
“Yeni sözlər və yeni mənalar lüğəti” öz əhatəliliyi və leksikoqrafiyanın bütün tələblərinə cavab verməsi kimi məziyyətlərinə görə ilk növbədə elmi əsərdir. Burada hər bir sözə elmi münasibət bildirilib, qrammatik, mənşə, üslub və məna xüsusiyyətləri araşdırılaraq tərtib olunub. Lüğətin redaktoru Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlidir.
S.Qaliboğlu