Prezident İlham Əliyev dekabrın 7-də “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
   Sənəddə qeyd olunur ki, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli sərəncamının 3-cü hissəsinə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və regional mədəniyyət və turizm idarələrinin abidə mühafizəçiləri ştatları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilib.
   Fərmana əsasən, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Aparatının işçilərinin say həddi 25 ştat vahidi müəyyən edilib. Bununla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında 2014-cü il 18 dekabr tarixli fərmanın 3-cü hissəsində “23” rəqəmləri “25” rəqəmləri ilə əvəz olunub.
   Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.