Lənkəran Dövlət Dram Teatrının truppası İrana qastrol səfərindən qayıdıb. Yaradıcı kollektiv qonşu ölkənin Rəşt şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edib.
Qastrolun ilk günü, dekabrın 1-də keçirilən tədbirdə İranın Gilan vilayətinin Mədəniyyət idarəsinin rəisi Firuz Fazili və Rəşt şəhərinin meri Məhəmmədəli Sabitqədəm çıxış edərək Lənkəran teatrının truppasını salamlayıblar. Mərasimdə Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi, bu cür mədəni görüşlərin iki dost xalq arasında müstəsna əhəmiyyət daşıdığı qeyd olunub.
Dekabrın 7-dək davam edən səfər müddətində teatrın truppası həmçinin Ü.Hacıbəylinin “Olanlardan-keçənlərdən” tamaşası ilə Rəşt şəhərində keçirilən “Meydan tamaşaları” festivalına qatılıb.
Qastrol səfərinin bağlanış mərasimi də coşqu ilə keçib. Səhnədə Azərbaycan və İranın dövlət bayraqları dalğalandırılıb.
Kollektiv Rəşt şəhərində olduğu müddətdə Tehran və Ərdəbil şəhərlərindən də qastrol dəvətləri alıb.