“Sarılar - Qarabağ atının izi ilə” sənədli filmi yerli və əcnəbi tələbələrə təqdim olundu
   
   Dekabrın 7-də Bilik Fondunda Mədəniyyət və Turizm Nazirliyi və “bp Azərbaycan” şirkətinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və “Studio Tor 1 Filmproduktion” (Berlin, Almaniya) studiyasının birgə ekranlaşdırdığı “Sarılar - Qarabağ atının izi ilə” sənədli filminin nümayişi oldu. Tədbirdə ölkəmizdə təhsil alan bir neçə universitetin yerli və əcnəbi tələbələri iştirak edirdi.   
   Qonaqları salamlayan Bilik Fondu Aparatının rəhbəri İsaxan Vəliyev qurumun fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Bilik Fondunun yaradılmasında əsas məqsəd əhalini maarifləndirmək, vətəndaşlara qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq, azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərləri təbliğ etməkdir. Gənclərimizin müasir biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi formalaşması üçün müxtəlif layihələr həyata keçirilir. 
   Qeyd olundu ki, Bilik Fondu C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə milli ekran əsərlərinin nümayişi layihəsinə başlayır. Layihə çərçivəsində ilk olaraq “Sarılar - Qarabağ atının izi ilə” sənədli filmi təqdim olunacaq.
   Sonra film nümayiş olundu. Azərbaycan dilində səsləndirilən və ingilis dilində subtitrlərlə müşayiət olunan film tələbələr tərəfindən maraqla qarşılandı. Tədbir iştirakçıları film haqqında müzakirə apararaq fikirlərini bölüşdülər.
   Qeyd edək ki, “Sarılar - Qarabağ atının izi ilə” sənədli filminin premyerası bu ilin aprel ayında keçirilib. Beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş film Azərbaycan milli-mənəvi irs və dəyərlərinin qorunmasına töhfə olmaqla yanaşı, həm də Qarabağ mövzusunun kinoda işlənməsi baxımından əhəmiyyətlidir. 
   Filmin əsas süjet xəttini 1956-cı ildə Böyük Britaniya Kraliçası II Yelizavetaya hədiyyə edilən Qarabağ atının izi ilə başlanan axtarış təşkil edir. Qızılı (sarı) rəngli Qarabağ atı haqqında hekayətdən təsirlənən tələbə Pauli onu görmək üçün Avropadan uzun və maraqlı bir səyahətə başlayır. Bu yolda macəra axtaranlar, rəssamlar, alimlər və atçı mütəxəssislərlə tanış olur, sonda həmin Qarabağ atının nəslinin davamçılarını Azərbaycanda tapır. Filmdə vurğulanır ki, Qarabağ atları dünyada sonuncu təmizqanlı at cinslərindəndir. 
   Çəkilişləri Britaniya, Almaniya, İsveçrə və Azərbaycanda aparılan filmin ssenari müəllifi Martin Vaqner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.
   
   Fariz Hüseynov