Şağan qəsəbəsində tarix-etnoqrafiya muzey-qalereyası yaradılıb
   
   Dekabrın 7-də paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində diyarşünas Səyavuş Əlizadənin topladığı materiallar əsasında “Xəzər” Tarix-etnoqrafiya muzey-qalereya kompleksinin ilk ekspozisiyasının açılışı keçirilib. 
   Muzeyin rəhbəri Səyavuş Əlizadə bu işdə ona köməklik göstərən əlaqədar qurumlara öz minnətdarlığını bildirib. Vurğulayıb ki, muzey-qalereyada antik dövrlərə aid eksponatlardan tutmuş Azərbaycan mədəniyyətinin, etnoqrafiyasının müxtəlif istiqamətlərini özündə əks etdirən nadir tarixi artefaktların, eləcə də heykəl, keramika, rəsm əsərlərini bir araya gətirilib. 
   Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və başqaları muzey haqqında fikirlərini bölüşüb, S.Əlizadəyə uğur arzulayıblar. S.Əlizadənin arxivində eramızdan əvvələ məxsus keramika nümunələri, nadir əmək alətləri, orta əsrlərə aid etnoqrafik-arxeoloji nümunələr, XVII-XIX əsrlərə dair əlyazma və daşbasma kitablar, kəlağayılar, mis qablar, görkəmli şəxsiyyətlərə aid şəxsi əşyalar, əlyazmalar, Azərbaycana məxsus qədim numizmatika, bonistika, filateliya nümunələri, eləcə də 80 azərbaycanlı, 10 xarici rəssama məxsus 500-dən artıq rəsm əsəri yer alıb.
   İlkin ekspozisiyada 50 rəssamın 70 rəsm əsəri, 5 heykəl, qədim tikmə məmulatları, antik mis, keramika örnəkləri, eləcə də Şağan qəsəbəsindən tapılan arxeoloji materiallar sərgilənir.
   Qeyd edək ki, S.Əlizadənin rəsm kolleksiyası digərlərindən onunla fərqlənir ki, o, görkəmli rəssamların məşhur əsərlərinin eskizlərini, etüdləri, qrafika və onun kseloqrafiya, offor, linoqravür, litoqrafiya və s. istiqamətlərini, eləcə də pastel boya, yağlı boya, akvarel nümunələrini əldə edə bilib. 
   
   Lalə Azəri