Bakıya səfərə gələn məşhur baletmeyster, teatr rejissoru və pedaqoq, Rusiya Federasiyasının Xalq artisti Vladimir Vasilyev dekabrın 9-da Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub. 
   Qonaq akademiyanın rəhbərliyi tərəfindən qəbul ediləndən sonra xoreoqrafiya sənəti, onun müasir vəziyyəti və bu sahədə yeni tendensiyalar haqqında fikir mübadiləsi aparılıb. Görkəmli balet ustasının yeni təqvim ilində akademiyanın tələbələri və müəllimləri üçün ustad dərslərinin keçirilməsi də müzakirə olunub. 
   Daha sonra qonaq akademiyanın inzibatı və tədris korpusları ilə tanış olub, bir neçə dərsdə iştirak edib. Klassik balet və Azərbaycan milli rəqs dərslərində iştirak edən Vladimir Vasilyev öz məsləhət və tövsiyələrini verib. O, Azərbaycan milli rəqsinə heyranlığını ifadə edərək tələbələrə rəqs texnikası və fəndlərdən məharətlə istifadə etməklə yanaşı hər bir ifaya canla, ruhla yanaşmağı tövsiyə edib.