Fransada elmi simpozium keçirilib
   
   Dekabrın 5-6-da Fransanın Yuxarı Elzas Universitetində “Multikulturalizm, beynəlmiləlçilik və milli dəyərlər: Qafqaz xalqları nümunəsində” simpoziumu keçirilib. 11 ölkədən elm adamlarının qatıldığı həmin simpoziumda ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Gəncə Dövlət Universiteti və AMEA-nın Folklor İnstitutundan nümayəndələr qatılıb.
   Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu “Kitabi-Dədə Qorqud” eposunda ölüm mələyi ilə mübarizə motivi”, filologiya üzrə fəlsəfə doktoru Afaq Xürrəmqızı “Azərbaycan lahıcları və multikulturalizm”, folklorşünas Əli Şamil “Kitabi-Dədə Qorqud”un Azərbaycanda öyrənilməsi tarixindən”, Aynur Qəzənfərqızı “Dədə Qorqud” və kumuk folkloru”, filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı “Kitabi-Dədə Qorqud”un xarici dillərə tərcümə məsələləri” mövzularında çıxışlar ediblər.
   Fransanın Mulhuz şəhərindəki Yuxarı Elzas Universiteti Heydər Əliyev Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, həmçinin Azərbaycandakı bir neçə elmi qurumla sıx əməkdaşlıq edir. Əməkdaşlığın müsbət nəticəsi olaraq universitetdə Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası və Məhsəti Gəncəvi salonu yaradılıb. Universitetin Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı və dili tədris edilir, Azərbaycan-Fransa elmi-mədəni əlaqələrinə aid müxtəlif simpoziumlar keçirilir.
   Yuxarı Elzas Universitetinin sıx əməkdaşlıq etdiyi elmi qurumlardan biri AMEA-nın Folklor İnstitutudur. Bu əlaqələrin yaranmasında Xocalı faciəsinə musiqi əsəri həsr etmiş bəstəkar Pyer Tiluanın rolu böyük olub. O, “Kitabi-Dədə Qorqud” eposunun süjeti əsasında simfonik poema da bəstələyib.
   
   S.Qaliboğlu