Azərbaycanın Macarıstandakı səfirliyi, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, “ULUS Film” prodüser mərkəzinin birgə təşkilatçılığı ilə Budapeştin “Örökmozgo” kinoteatrında “Cavad xan” filminin təqdimat xarakterli nümayişi təşkil olunub. “Bizim Film” prodüser mərkəzinin istehsalı olan film macar tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.
Macarıstanın tanınmış DUNA telekanalı bu ekran əsərinin nümayişi ilə əlaqədar material hazırlayıb, tamaşaçılarına filmin ssenari müəllifi, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı və filmdə baş rolun ifaçısı, Xalq artisti Nurəddin Mehdixanlıdan alınmış müsahibələri təqdim edib.
“Cavad xan” filminin nümayişinə Macarıstanın məşhur “Nepsabadşaq” qəzeti geniş məqalə həsr edib. Məqalədə filmin baş qəhrəmanı Cavad xan Macarıstanın milli qəhrəmanı Kral Matiyaş ilə müqayisə olunub. Eyni zamanda filmdə əks olunan tarixi hadisələrlə bağlı məlumat verilib, Gəncə xanlığının Cavad xanın hakimiyyəti altında iqtisadi və mədəni cəhətdən yüksəlişi qeyd olunub.
Macarıstanın Karoli Qaşpar Reformator Universiteti Azərbaycanın Budapeştdəki səfirliyinə müraciət edərək filmin həmin ali məktəbdə təhsil alan tələbələr üçün göstərilməsi təşəbbüsünü irəli sürüb.