Dekabrın 14-də Milli Kitabxanada BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin sədri, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir və “Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, onun bu mövzuda kitabları, araşdırma yazıları hər zaman ölkəmizin kitabxana ictimaiyyətinin köməyinə çatır.
“Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı” haqqında məlumat verən K.Tahirov bildirib ki, kitabxanaşünas alimin anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin 65 illiyinə həsr olunmuş kitabda müəllifi olduğu dərsliklər, dərs vəsaiti, monoqrafiya, metodik göstəriş və proqramları, elmi məqalələr və digər materiallar haqqında məlumat toplanıb. Nəşrdə həmçinin professorun elmi rəhbəri olduğu fəlsəfə doktorluğu dissertasiyaları, redaktə etdiyi elmi işlər haqqında da materiallar öz əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov nazirlik adından yubilyarı təbrik edərək, alimin faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını, milli kitabxanaşünas-biblioqraf kadrların hazırlanmasında səmərəli işlər gördüyünü bildirib. Qeyd edib ki, kitabxana işində bir çox ilklərə imza atan Abuzər Xələfovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Həmçinin onun elmi-pedaqoji fəaliyyətinin bəhrəsi olaraq Azərbaycanda yüzlərlə insan kitabxana işində fəxri adlara, təltiflərə layiq görülüb.
Bakı Dövlət Universiteti (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov, universitetin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva və digər çıxış edənlər Abuzər Xələfovun kitabxana işinin təşkilində novator alim kimi geniş biliyə, zəngin təcrübəyə malik olmasından, bu sahədə ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərindən danışıblar.
Sonda Abuzər Xələfov tədbirin keçirilməsinə görə Milli Kitabxanaya və biblioqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Görkəmli alimin yaradıcılığını, kitabxanaşünaslıq tarixində əvəzsiz xidmətlərini özündə əks etdirən “Abuzər Xələfov 85” adlı kitab sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Lalə