Dekabrın 14-də İstiqlal Muzeyində “21 Azər” hərəkatının süqutundan sonra (1946) Azərbaycana mühacirət etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökümə Billuri, Əli Tudə və digər şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi keçirildi.
   Sərgidə həmçinin Dünya Azərbaycanlıları Yazarlar Qurumunun (DAYQ) təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyi (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz tərəfindən muzeyə təqdim olunan yeni sənədlər və fotolar nümayiş olunurdu.
   Tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi qeyd etdi ki, 12 dekabr 1945-ci ildə Təbriz şəhərində xalqın əzmi və Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Milli hökumət xalqın dəstəyi ilə qısa vaxt ərzində Təbriz Dövlət Universiteti, milli teatr, filarmoniya, kitabxana və kənar yaşayış məntəqələrində orta məktəblərin açılmasına müvəffəq olub. 
   AYB-nin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz qeyd etdi ki, 12 dekabr 1946-cı ildə Milli Hökumət süqut etdikdən sonra Təbriz, Ərdəbil və digər şəhərlərdən bir çox şair və yazıçılar, Şimali Azərbaycana mühacirət ediblər. Onlar uzun illər doğma yurd həsrəti ilə yaşayıb-yaradıblar.
   Diqqətə çatdırıldı ki, bu xalq hərəkatı İran təqvimi ilə azər ayının 21-də (12 dekabr) baş verdiyindən “21 Azər” adlanır.
   Xalq şairi Söhrab Tahirin qızı Nəsibə Tahir, ədəbiyyatşünas-tərcüməçi Məsumə Şükürzadə çıxış edərək “21 Azər” hərəkatı ilə bağlı fikirlərini bölüşdülər. Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Musiqiçilərin ifasında mühacir şairlərin əsərlərinə bəstələnən mahnılar səsləndirildi.
   Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları və digər qonaqlar iştirak edirdi.
   
   Savalan Fərəcov