13 dekabr 1797-ci ildə alman şairi və jurnalisti, "sonuncu romantik şair" adlandırılan Kristian İohan Henrix Heyne dünyaya göz açıb. Heyne alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə, alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne, eyni zamanda tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir. O, Düsseldorf şəhərində yəhudi tacir Samson Heynenin və Betti Heynenin ilk övladı idi. İlk təhsilini yerli katolik liseydə almış, buradaca da balaca Henrixdə xristian dininə rəğbət yaranmış və bu hiss onu bütün həyatı boyu izləmişdir. Sonralar Henrix Heyne Berlinə köçməli olur və 1821-1823-cü illərdə filosof Hegelin yanında təhsil alır. Bu müddətdə Heynenin şəhər ədəbi dairəsi ilə əlaqələri yaranır.Berlində olduğu müddətdə (1822-ci ildə) onun şeirlər kitabı, 1823-cü ildə isə "Fəlakət" kitabı çapdan çıxır. Onun ilk şeirləri artıq 1816-cı ildə Hamburqda olarkən Froydhold Rizenharf təxəllüsü ilə çap olunmuş. H.Heyne kimi isə ilk şeiri 1821-ci ildə Berlində işıq üzü görür.1824-cü ildə 33 şeirdən ibarət topluda Heyneni məşhur edən əsərlər də («Su pərisi») özünə yer tapır. Həmin il Vaymara - çox hörmət etdiyi Volfqanq fon Hötenin yanına gedir. Hələ iki il öncə o Höteyə ilk şeirlər kitabını onun haqqında yazdığı giriş sözləri ilə göndərmişdir. Görüş Heyne üçün məyusedici şəkildə keçir. Çünki o bu görüşdə özünü solçu, təbii göstərsə də, Höte ondan mədəni şəkildə məsafə saxlamağa çalışır. 1826-cı ildə Heyne “Şərqə səyahət" adlı kitabını çap etdirir. Bu, ona böyük uğur gətirir. Həmin il onun «Hoffman» və «Kampe» nəşriyyatı ilə iş əlaqəsi yaranır. Bundan sonra Yulius Kampe Heynenin vəfatına qədər onun əsərlərini çap edən şəxs kimi qalır. O, 1827-ci ildə Heynenin şöhrətinin əsası sayılan «Lirik mahnılar» məcmuəsini çap edir. Burada romantik, çox vaxt xalq dilində yazılmış şeirlər heç də yalnız o dövrün hisslərinə toxunmurdu. Artıq 1830-cu illərdə Heyne Almaniyada və Avropada istedadlı şair kimi ad qazanmışdı. 1848-ci ildə ona baş çəkən Engels, Heynenin vəziyyətinin çox pis olduğunu yazmışdır. Heyne xəstə olduğu müddətdə də öz yaradıcılığını davam etdirmişdir. O şeirlərini diktə edərək yanındakı katibəsinin köməyi ilə kağıza köçürdürdü. Bu çətin şəraitə baxmayaraq o, 1851-ci ildə "Romaserro" və 1854-cü ildə siyasi məzmunlu "Qarışıq yazılar" şeirlər kitablarını çap etdirir.17 fevral 1856-cı ildə Heyne vəfat edir. O Parisdə Monmartr qəbiristanlığında dəfn olunub.
   14 dekabr 1917-ci ildə tanınmış fantast yazıçı Artur Klark (İngiltərənin Somerset qraflığında) doğulub. İkinci Dünya müharibəsində Britaniya hərbi hava qüvvələrində radar operatoru olub və mürəkkəb hava şəraitində uçuşların asanlaşdırılması üçün radar sisteminin hazırlanmasında iştirak edib. Sonralar həyatının bu dövrünü 1963-cü ildə nəşr olunan "Hamar yol" adlı yarısənədli romanında təsvir edib. Müharibədən sonra Londondakı Kral kollecini (fizika-riyaziyyat ixtisası üzrə) bitirib. Və yalnız 1940-cı illərin sonunda peşəkar yazıçı olmağı qət edib. İlk hekayəsi 1946-cı ildə bir jurnalda çıxıb, 7 ildən sonra isə "Uşaqlığın sonu" adlı ilk romanı işıq üzü görüb. 1956-cı ildə uğursuz nikahdan sonra Klark İngiltərəni birdəfəlik tərk edərək Şri Lankaya köçüb və ömrünün qalan hissəsini orda yaşayıb. Yazıçıya dünya şöhrəti gətirən 1968-ci ildə yazılmış "2001:Kosmik Odissey" (2001: A Space Odyssey) əsəri və Stenli Kubrikin onun ssenarisi əsasında çəkdiyi eyniadlı film olub. Bundan əlavə Klark "Şəhər və ulduzlar", "Delfinlər adası", "Cənnətin fəvvarələri" və s. kimi əsərləri ilə məşhurdur. Klarkın yaradıcılığı müəyyən mənada unikal xarakter daşıyır. Onun hər bir əsərində indi bəşər həyatının ayrılmaz hissəsi olan innovasiya texnologiyaları - kosmik gəmilər, super-kompyuterlər, ani rabitə sistemləri ən xırda detallarına qədər təsvir olunub. Ədəbiyyatşünaslar Klarkın əsas xidmətinin məhz bunda - elmi fantastika janrına praktik yön verməkdə görürlər. Klarkın söylədikləri və yazdıqları çox vaxt heyrətamiz bir dəqiqliklə həyata keçib. Məsələn, hələ 1945-ci ildə o, geostasionar orbitdə rabitə peyklərinin meydana çıxacağını və bunun da Yer kürəsində qlobal ani rabitə sistemi yaradılmasına imkan verəcəyini söyləmişdi. 1962-ci ildə isə "Gələcəyin görüntüləri" adlı kitabında o, müasir elmin inkişaf edəcəyi "Klark qanunları"nı irəli sürmüşdü. Çağdaş elmi fantastikanın banilərindən sayılan Klarkın böyük nüfuzuna onun guya uşaqlara "sataşması" haqqında 1998-ci ildə ortaya atılan ittihamlar müəyyən zərbə vurmuş, bu da ona rıtsar ləqəbi verilməsini təxirə salmışdı. Lakin 1999-cu ildə həmin ittihamların tamamilə əsassız olduğu sübuta yetirildi və İngiltərə kraliçası II Yelizaveta tərəfindən ona rıtsar rütbəsi verildi. Bir vaxtlar Artur Klark, Ayzek Azimov və Robert Haynlayn elmi fantastların "böyük üçlüyü" sayılırdı. Artur Klark bu üçlüyün sağ qalan sonuncu nümayəndəsi idi. İyirminci əsrin ən böyük yazıçı-fantastlarından biri Artur Klark Şri-Lankanın paytaxtı Kolomboda 90 yaşında vəfat edib.
   21 dekabr 1917-ci ildə alman yazıçı, tərcüməçi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Henrix Böll Reyn vadisinin ən böyük şəhəri olan Kölndə, ağac ustası Viktor Böllün və Mari Böllün çoxuşaqlı ailəsində dünyaya göz açıb. Böllün ulu babaları XIII Henrixin dövründə İngiltərədən qaçmışdılar. Bütün fanatik katoliklər kimi, onlar da protestant anqlikan kilsəsi tərəfindən təqiblərə məruz qalmışdılar. Hələ uşaqlıq dövründən şeirlər və hekayələr yazan Böll orta məktəbi bitirəndən sonra Hitler partiyasına üzv olmayan tək-tük yeniyetmələrdən olur. Buna baxmayaraq, orta təhsilini başa vurandan bir il sonra onu məcburi əmək işlərinə cəlb edirlər. 1939-cu ildə isə Böll hərbi xidmətə çağırılır. O, şərq və qərb cəbhələrində kapral çinində xidmət edir, bir neçə dəfə yaralanır, 1945-ci ildə Amerika hərbi hissələri tərəfindən əsir götürülür və bir neçə ay Fransanın cənubundakı hərbi əsir düşərgələrindən birində saxlanılır. İlk romanı olan «Onun yarısında oynanılan bilyard»da yazıçı “Trummer literatur” («Xarabalıqlar ədəbiyyatı») manerasından uzaqlaşaraq məşhur Köln arxitektorlarının ailəsindən bəhs edir. Əsər ailənin bir gününün təsviri ilə məhdudlaşsa da, reminsensiyalar və xatirələr vasitəsilə Böll üç nəslin həyatını təsvir edir. «İcazəsiz məzuniyyət» (1964) və «Bir ezamiyyətin sonu» (1966) əsərlərinin mövzusu da rəsmi dövlət orqanlarına qarşı mübarizədir. Əvvəlki əsərlərlə müqayisədə daha böyükhəcmli və daha mürəkkəb struktura malik olan «Xanımla birgə çəkilmiş portret» romanı Leni Pfeyferin intervüsü və onun sənədləri əsasında qurulmuş reportaj formasında yazılsa da, burada baş qəhrəmanla bərabər, daha altmış adamın taleyi işıqlanır. Amerika tənqidçisi Riçard Lokk yazırdı: «Alman tarixinin altmış ili boyu Leni Pfeyferin taleyini izləyən Böll ümumbəşəri dəyərləri təbliğ edən bir roman yaratmağa nail olub».
   Bu roman, 1972-ci ildə Böllə Nobel mükafatı təqdim olunan zaman xüsusi qeyd olunmuşdu. «Alman ədəbiyyatının intibahına xidmət edən və reallığı geniş şəkildə əhatə etməklə bərabər, insan xarakterlərini yüksək ustalıqla açan əsərlər yaratdığına görə» Böll 1972-ci ildə İsveç Akademiyasının adıçəkilən mükafatına layiq görülür. Akademiyanın nümayəndəsi Karl Raqner Qirov öz nitqində belə demişdi; «Bu intibah hamının fikrincə, artıq məhvə məhkum olan, lakin təəccübümüzə rəğmən dirilib yeni bəhrələr verən bir mədəniyyətin küldən doğulub, alova çevrilməsiylə müqayisə oluna bilər». Hələ Nobel mükafatı almamışdan əvvəl Böllün əsərləri nəinki Qərbi, hətta Şərqi Almaniyada, SSRİ də daxil olmaqla bütün sosialist ölkələrində məşhurlaşmışdı və milyonlarla tirajla satılırdı. Henrix Böll 67 yaşında Bonn yaxınlığında, oğlanlarından birinin evində qonaq qalarkən gözlənilmədən vəfat edir.
   
   Sabutay