Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” filmlər studiyası və “AGP” prodakşının birgə istehsalı olan “Onun ürəyi” filminin çəkilişləri başa çatdı. Azərbaycanda ilk dəfə nağıl-müzikl janrında istehsal olunan filmin çəkilişləri iyunda başlamışdı. Bakı, İsmayıllı və Naxçıvanda çəkilişləri gerçəkləşən filmdə 3D qrafikasından geniş istifadə olunub. Filmin musiqisi hazırdır, montaj və qrafika işləri paralel olaraq aparılır.
   25 dəqiqəlik filmin süjet xətti Xeyirlə Şərin mübarizəsi üzərində qurulub. Musiqi, xoreoqrafiya, gözoxşayan görüntülərlə zəngin olan filmin ssenari müəllifi və rejissoru Samir Kərimoğludur. Ekran əsərinin müəllifi və bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, qrafika ustası Tural Səfərov, baş prodüseru Mahir İbrahimovdur. Filmdə əsas rolları Murad Abdullayev (Qədran), Aysel İbrahimova (Pəri) ifa edirlər. Filmin yanvarda tamaşaçılara təqdim edilməsi nəzərdə tutulur.
   Qeyd edək ki, sayca dördüncü ekran əsərinə imza atan rejissor Samir Kərimoğlu bu vaxta qədər “Sirat körpüsü”, “Qanadlarıma sığal çək”, “Niyyət” filmlərini ekranlaşdırıb.