Uşaq yaradıcılıq müsabiqəsinin qalibləri təltif olunub
   
   Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Təhsil Nazirliyi ilə birgə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VI Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və onların mükafatlandırılması mərasimi olub.
   Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
   Əvvəlcə məktəblilər ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətindəki abidəsi önünə gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
   Mərasimdə bildirilib ki, oktyabrın 18-də başlanan müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, fövqəladə hal probleminə ictimaiyyətin diqqətinin yönəldilməsidir.
   Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yumşaq oyuncaq, yanğın və qəza-xilasetmə texnikasının modeli nominasiyaları üzrə keçirilib.
   Rayon və şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub.
   Müsabiqəyə təqdim olunmuş işlər təşkilat komitəsi tərəfindən qiymətləndirilib. Ümumilikdə 40 rəsm, 38 plakat, 33 əl işi, 20 yanğın və qəza-xilasetmə texnikasının modeli və 13 yumşaq oyuncaq mükafata layiq görülüb. Qaliblərə mükafatlar təqdim olunub.