Dekabrın 15-də Mətbuat Şurası və Dövlət Neft Fondunun birgə elan etdikləri “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda analitik yazı müsabiqəsinin nəticələri açıqlanıb.
   Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) keçirilən mərasimdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, ARDNF-nin icraçı direktorunun müavini İsrafil Məmmədov, Mətbuat Şurasının üzvləri, jurnalistlər iştirak ediblər. 
   Kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş müsabiqə Azərbaycanın dövlət müstəqilliyini bərpasının 25-ci ildönümünə həsr olunub.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov, Mətbuat Şurasının üzvlərindən “Şərq qəzeti”nin baş redaktoru Akif Aşırlı, Yadigar Məmmədli və digər çıxış edənlər müsabiqənin əhəmiyyəti, dövlət qurumlarının fəaliyyətinin təhlil olunması, geniş ictimaiyyətə çatdırılması baxımından bu qəbil layihələrin vacibliyi barədə danışıblar. 
   Vurğulanıb ki, Azərbaycanın iqtisadi bünövrəsini təşkil edən, ulu öndər Heydər Əliyevin banisi olduğu milli neft strategiyasının reallaşdırılmasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun mühüm rolu var. Fondun fəaliyyəti hər zaman şəffaflığı ilə seçilib və bu müsabiqə görülən işlər, həyata keçirilən layihələr barədə dolğun məlumatın, təhlili məqamların ictimaiyyətə çatdırılmasında daha bir vəsilə oldu.
   Müsabiqəyə 21 kütləvi informasiya vasitəsindən 29 yazı təqdim olunub. Mətbuat Şurası və Dövlət Neft Fondu nümayəndələrindən ibarət münsiflərin qiymətləndirməsinə görə 3 nəfər qalib (I-III yerlər) elan olunub, daha 3 nəfər həvəsləndirici mükafata layiq görülüb.
   Sonra qaliblərə diplom və pul mükafatları təqdim edilib. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin redaktoru Vüqar Əliyev də var.
   Tədbir iştirakçıları Fondun inzibati binası, İnvestisiya departamentinin fəaliyyəti ilə də tanış olublar.