Dekabrın 20-də İçərişəhərin Qoşa qala qapısı meydanında “Qış qalası” adlı Yeni il yarmarkası açılıb.
Yarmarka “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən şəhərimizin bayram əhvalına öz töhfəsini vermək və Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə təşkil edilib.
“Qış qalası” təkcə əl işləri, suvenirlər, yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmır. Yanvarın 10-dək davam edəcək yarmarkada hər gün saat 19-dan 21-dək tanınmış musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil ediləcək.
Təşkilatçılar uşaqları da unutmayıblar. Yarmarka günlərində balacalar üçün əyləncəli animasiya proqramı nəzərdə tutulub. Dekabrın 29-dək uşaqlar Şaxta babaya məktub yazaraq finalda mükafat əldə edə biləcəklər.
Yarmarka günlərində, həmçinin müxtəlif əyləncəli müsabiqələr keçiriləcək, qaliblərə hədiyyələr təqdim ediləcək. Eyni zamanda, “Qış qalası” ziyarətçiləri sadəcə öz məlumatlarını daxil edərək iştirakçı olacaqları lotereyada xaricə iki nəfərlik səyahət bileti qazanmaq şansı əldə edəcəklər.
“Qış qalası”nın ilk günü gənc ifaçılar bayram tədbirini açıq elan ediblər.