Türkiyənin ən nüfuzlu kino müsabiqəsi olan, Antalya Böyükşəhər Bələdiyyəsi və Antalya Mədəniyyət və Sənət Vəqfi tərəfindən təşkil edilən 47-ci Beynəlxalq Altın Portağal Kinofestivalı oktyabrın 9-da start götürüb. Açılış mərasiminə serb əsilli Bosniya rejissoru Emir Kusturitsanın qatılması qalmaqal doğurub.
Antalya Böyükşəhər Bələdiyyə Məslisinin MHP-çi üzvü Rəşad Oktay yerindən qalxaraq serb rejissorun festivala dəvət edilməsinə etiraz bildirib. O, Antalya Böyükşəhər Bələdiyyə başçısı M.Akaydına qışqıraraq “irqçi bir rejissorun buraya gətirilməsinə lüzum yoxdur. Kusturitsa müsəlman bosniyalılara hörmətsizlik etmiş irqçidir” deyib. Antalya Böyükşəhər Bələdiyyəsinin başçısı M.Akaydın isə “Sənətə və mədəniyyətə siyasəti qarışdıran bütün insanları və xüsusilə də siyasətçiləri pisləyirik” deyib. Qeyd edək ki, bu qalmaqaldan sonra Kusturitsa festivalın beynəlxalq jüri üzvlüyündən imtina edib və ölkəsinə geri dönüb. Festivalın milli filmlər müsabiqəsinin jüri sədri Qədir İnanır bosniyalı rejissorla bağlı yaşanan olaya təəssüfləndiyini deyib.
Festivalın ikinci günü tammetrajlı ekran əsərləri “milli filmlər” və “beynəlxalq filmlər” müsabiqə bölmələrində nümayiş olunub. Milli filmlər müsabiqəsində hələlik Erkan Kozanın “Çaqqal”, Tolqa Karaçeliyin “Xəzinə məmuru” və Sinan Çətinin “Kağız” filmləri maraqla qarşılanıb. Beynəlxalq filmlər müsabiqəsində isə bu günə qədər nümayiş olunan bosniyalı rejissor Danis Tanoviçin “Gözəl bir həyatı gözləyərkən” və çinli rejissor Zanq Lunun “Tümen çayı” filmləri haqqında daha çox danışılıb.
Qeyd edək ki, 47-ci Antalya Beynəlxalq Altın Portağal Kinofestivalına oktyabrın 14-də yekun vurulacaq.
İntiqam Hacılı