“Sevindirici haldır ki, vətəndaşlar mədəniyyət ocaqlarında müasir texnologiyaların tətbiqinə önəm verirlər”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bölgələrdə 40-dan çox belə görüş keçirib.
Dekabrın 16-da nazir Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, İmişli, Saatlı və Füzuli rayonlarından vətəndaşları qəbul edib.
Görüşdən öncə Əbülfəs Qarayev rayon İcra Hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazir sonra Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşların yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Şirvan şəhərindən qəbula yazılan vətəndaşlar Şirvan Dövlət Rəsm Qalereyasının ekspozisiyasının yenilənməsi, Uşaq kitabxanasının folklor nümunələri haqqında elektron kitablarla təmin edilməsi, Tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasının yenidən qurulmasına köməklik göstərilməsini xahiş ediblər.
Sabirabad sakinləri tərəfindən respublikada fəaliyyət göstərən muzeylər haqqında toplu məcmuənin nəşr olunaraq muzeylərə paylanılması, Respublika Uşaq Kitabxanasının "Uşaq kitab karvanı" layihəsi çərçivəsində rayona səfərin təşkilinə dəstək verilməsi barədə xahişlərini diqqətə çatdırıblar.
Hacıqabuldan qəbula gələnlərin müraciətləri rayonun Udulu kəndi ərazisində yerləşən "Güngörməz" müdafiə qalasının, kurqan qəbirlərin, "Uçuq" və "Sınıq" pirlərin bərpası və burada tarix-mədəniyyət qoruğunun təşkili, kitabxanalara uşaqlar üçün görüntülü elektron kitabların disklərinin verilməsi, musiqi məktəbləri üçün dərs vəsaitlərinin elektron formada vahid portalın yaradılması barədə olub.
İmişli sakinlərinin rayon kitabxanalarına Azərbaycanın tanınmış şair və yazıçılarının portretlərinin verilməsi, uşaq musiqi məktəblərinin klassik muğam ifaçılarının diskləri ilə təmin olunması kimi müraciətləri səslənib.
Saatlı rayon sakinlərinin "Çağdaş Saatlı turizmi" layihəsinə dəstək, klub müəssisələrinin müxtəlif istiqamətlər üzrə ixtisaslaşmasına köməklik göstərilməsi, Uşaq musiqi məktəbinə musiqi alətlərinin, Rəsm qalereyasına yeni əsərlərin verilməsi, kənd yerlərində modern tipli universal kitabxanaların yaradılması ilə bağlı xahiş və təklifləri dinlənilib.
Füzuli rayonundan qəbula yazılan vətəndaşlar qədim yaşayış məskəni olan Azıx mağarası haqqında faktların beynəlxalq ictimaiyyətə çatdırılması, Füzuli Dövlət Rəsm Qalereyasının şəbəkə planına salınması və digər məsələlər barədə xahiş ediblər.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə mütəmadi olaraq yerlərdə təşkil olunan qəbullar zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür. Bu görüşlər bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Nazir budəfəki görüşdə də bir sıra aktual məsələlərə toxunulduğunu, o cümlədən mədəniyyət abidələrinin qorunması və bərpası, muzey və qalereyalarda ekspozisiyaların yenilənməsi kimi müraciətlərin olduğunu deyib: “Sevindirici haldır ki, artıq yerlərdə vətəndaşlar tərəfindən müasir texnologiyaların tətbiqi, musiqi məktəbləri üçün vahid not portalının yaradılması, kitabxanalara vizual kitab vəsaitlərinin verilməsi, regionlarda rəsm qalereyalarının yeni əsərlərlə təmin olunması kimi təkliflər irəli sürülür. Eyni zamanda Azıx mağarasında ermənilər tərəfindən qazıntı işlərinin aparılmasının qarşısının alınması üçün dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması və digər tarixi abidələrimizin bərpası kimi müraciətlər də diqqətəlayiqdir”.
Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək dəyərləndirib. Bildirib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Ölkəmizin bu regionunda da turizmin inkişafı üçün mövcud potensialdan istifadə ediləcək.
Mədəniyyət və Turizm Nazirliyi sistemində aparılan struktur dəyişikliklərinə toxunan Əbülfəs Qarayev bildirib ki, yaradılan 15 yeni regional mədəniyyət və turizm idarəsi 2017-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq: "Aparılan islahatlar nəticəsində mədəniyyət və turizm sahəsində idarəçiliyin təkmilləşdirilməsi ilə yanaşı, həm də dövlət vəsaitinə qənaət edilməsi baxımından uğurlu nəticələr gözləyirik. Artıq bu sahədə işlər yekunlaşıb. Gələn ilin əvvəlindən regional idarələr fəaliyyətə başlayacaq. Onu da deyim ki, gələn ilin birinci yarısına qədər heç bir ixtisarların aparılması nəzərdə tutulmur".
Fariz Hüseynov