Azərbaycan türkcəsilə arasında “fərq”-“fark” fərqi olan Türkiyə türkcəsilə “sen kimsin, nesin?”...
   
   Əsl adı Mehmet Nusret olan və otuz yaşından dünyaca məşhurlaşmağa başlayan böyük türk yazıçısı, dövrünün ən “qorxulu” satirik-publisisti, dramatik dramaturqu Əziz Nesin, hərdən atasından eşitdiyi (və gələcəkdə başqalarından da gözlədiyi) bu sualı önləməkçün sonuncu ifadəni özünə təxəllüs götürmüşdü...
   Yox, bu, heç bir qeyri-ciddilik, lağlağılıq, öz təbirincə desək, “şaka-takalıq”dan qaynaqlanmayıb. Hətta bunun bir tərəfi də, yazıçının xatirələrindəki bir məqama istinadən desək, 1934-cü ildə Türkiyədə qəbul olunan soyad qanunu - “hər kəs özünə soyad götürməlidir” rəsmiyyətilə bağlıdır.
   Amma hələ bu “gülməli” təxəllüsə qədər də bu canla, tək elə Türkiyə məmuriyyəti və nöqsaniyyətinin yox, bütün dünya qüsuriyyətinin canına vəlvələlər, siyasi quruluşların məhvərinə zəlzələlər salası, bənzəri olmayan ədəbi sancı, öldürücü “təbəssüm”, min illərin mental istehkamlarına dağıdıcı istehza atəşləri saçası -
   
   Bir Qələm gəlişi gəlirmiş...
   
   1915-ci il dekabrın 20-də İstanbulda anadan olmuş, mömin atasının onu da “imanlı müsəlman” görmək istəyinə binaən Darüşşəfəq məktəbində Quranı əzbərdən öyrənərək “hafiz” adını almış, 1935-də Qülləli Əsgər liseyinə daxil olub, 1937-də Ankara Hərb məktəbini, bir müddət sonra İncəsənət məktəbini bitirmiş Əzizin sonralar xatırlayacağı “ən incə” mətləb bu olub: “Hərb məktəblərində hətta bizim düşüncələrimiz də təqib edilirdi”. 
   1939-cu ildə başlanan Dünya müharibəsində Əziz də (zabit kimi) orduya çağırılır. Burada tank kursunu da bitirir. Lakin (və yaxşı ənənə olmasa da, əlbəttə!) 1944-cü ildə “vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” maddəsilə ordudan qovulur. Bir müddət baqqal, mühasib kimi peşələrdə çalışır. Sol təmayüllü “Tan” qəzetində işə girir, köşə yazıları, teatrlara “xırım-xırda” pyeslər yazır. 1946-cı ildə nəşr edilən “Partiya qurmaq, partiya vurmaq” adlı ilk kitabı onun başına “böyük şöhrət oyunu açır”. Ardınca, bolşevizm-sovet “xəstəliyi” tutmuşlardan biri - təqiblərdən xaricə qaçırkən tutulan və 1948-də həbsxanada vəhşicəsinə öldürülən millətçi-şair Səbahəddin Əli ilə tanışlığı onda solçuluq ideyalarına marağı daha da artırır və onlar satirik qəzet (“Marko Paşa”) nəşr etməyə qərar verirlər. Qısa müddətdə bütün Türkiyəyə səs salan bu qəzetin səhifələrində yüksək çinli dövlət məmurlarına görünməmiş satira toyu tuturlar. Dəfələrlə həbslərə, bezdirici təqiblərə məruz qalan Ə.Nesin “yandırıcı” köşə yazılarına ara vermir. 
   Həm də dövrünün ən məhsuldar yazıçısı hesab edilən bu “civə yoxsunlu adam” 1952-ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir, dərhal “Oluş” adlı bir nəşriyyat açır. Üç il sonra İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinən 100 nəfər solçudan biri kimi tutulur və heç bir səbəb olmadan 9 ay həbsdə yatır. Bu həbslər onu həm müqayisəsiz bir qorxmaza, həm də... böyük ədibin ruhi-şəxsiyyətindən (və müasir əndirəbadi Ginnes rekordçularının qulaqlarından) iraq, super imza “buqələmun”una çevirir. Bu məqamda heç bir obrazlı ifadəyə yer vermədən deyim ki, bu adam həmin yazıların kəsilmə təhlükəsinə rəğmən iki yüzdən artıq təxəllüsdən istifadə edib! Çox həcm suyu aparası bu mənəvi xəmir “məsələ”sini belə də konkretləşdirmək mümkün ki; onun dövründə Türkiyədə iki nəhəng sevgisizlik hökm sürüb: ölkənin böyük məmurlar ordusu və dini ictimaiyyəti Əziz Nesinə, Əziz Nesin isə riyakarlığa... 
   Əks tərəfdəkilərdən birinin nifrəti haqsız imiş. Nədən ki, Ə.Nesində islam dininə qarşı heç bir etiraz-filan yoxmuş. Hətta övladlarından biri - Əli Nesin də islami həyatı seçmişdi. Bu ata-balanın xalq arasında “doğrudur, biz dinsizik, amma seçim qarşısında qalsaq, islamı seçərik” kimi sözləri də yayılıbmış. 
   İki dəfə evlilik həyatı yaşayıb Əziz. Və... müdam ətrafına “atəş adam” təsiri bağışlamış bu kişinin yeganə sınıqlığı da elə bu “iş”lə bağlı olub. Özü heç zaman ev-ailə məsələlərindən danışmasa da, ölümündən sonra böyük oğlu Atəş Nesin yazdığı kitabda atasının anasını boşama hekayətində belə bir cümlə də var: “Çağırılmamış qonaqla tutduğundan...”
   Həbsxanada ikən tanış olub evləndiyi ikinci - on illik ailə həyatı yaşadığı ədəbiyyatçı Meral Çelen “Əziz Nesinli illər” kitabında onunla yaşadığı illərin ən gözəl anlarını təsvir edib. Sonralar bu xanım bunu da yazacaqdı: “Mən çox yaxşı yazıçı ola bilərdim, amma belə bir nəhəng ədiblə ailə həyatı qurmağım bu karyerama son qoydu...” 
   Bu “nəhəng ədib” haqda hələ çox şeylər yazılacaqdı: “Milli İstiqbarata (kəşfiyyat idarəsi) işləyirdi”, “Bu qatı kommunist, cavanlığında hərbiyyədə çox haqsızlıqlar gördüyündən solçuluğa meyllənmişdi” və s. 
   Başqa fikirlər - yəni onu əsl dəyərincə dəyərləndirənlər daha çoxdur və bu gedişlə daha fazla olacaq. Onlardan bircəsini xatırladaq: “Nesin, həqiqətən də, xalqını həddindən çox istədiyi üçün, onun həyatındakı naqisliklərə dözə bilmədiyi üçün bu qədər dərindən, bu qədər acılarla tənqid edirdi. Əgər başqa cür olsaydı, bu gün onun adı Türkiyə üçün fəxr, qürur mənbəyi olmazdı”. 
   Əsərləri böyük tirajlarla dünyanın müxtəlif xalqlarının dilinə çevrilən bu ədib hələ sağlığında 56 ədəbi mükafat alıb. 1972-ci ildə kimsəsiz və kasıb uşaqlarçün yaratdığı “Nesin Fondu”nun yaşaması üçün canını oda-közə yaxan yazıçı əsərlərindən əldə etdiyi qonorarları bu işə xərcləyib. Hazırda həmin fondda Nesinin şəxsi əşyalarının nümayiş olunduğu muzey də fəaliyyət göstərir. 
   Ömür sonlarında şeir yazmağa meyllənən yazıçı “Sivas acısı”nda deyirdi: 
   
   “Ey yüregimin onmaz acıları, 
   Ey beynimin dinmez sancıları, 
   Suç ne bende, ne de sende. 
   Suç seni karanlıklara gömenlerde. 
   Bilmelisin, bir yerin var canevimde... 
   
   Bu poetik misralardan sonra ədibin sətirdən-sətrə və... ürəklərdən beyinlərə keçən kəlamlarından: 
   Yoxsulun yeganə silahı durmadan çalışmaqdır. 
   “Mənə toxunmayan ilan min il yaşasın” - deyə yaşatdığınız ilanların növbəti hədəfi siz ola bilərsiniz. 
   İnsanlar yalnız söylədiklərinə görə deyil, susduqlarına görə də cavabdehlik daşıyırlar. 
   Günahları yazan mələyin solda olduğunu bilirsinizmi? Ola bilsin, ürəyin, qəlbin solda yerləşməsi də bundandır. Bəlkə eşq - yaşanılan ən böyük günahdır... 
   Ən gözəl şeir riyaziyyatdır. Hesab edirəm ki, Yer üzündə “iki dəfə iki dörd edər”dən gözəl şeir yazılmamışdır. 
   Dar yerlərdən çıxanlar genişliyə tab gətirə bilməzlər... 
   
   Məzarı da məzaqı kimi...
    
   Çağdaşlarının qənaətincə, sağlığında heç bir təhlükəni vecinə almamış bu “nəcib əjdaha” məzarla, “gorbagorluqla” zarafatdan ehtiyat edirmiş. Bilə-bilə ki, yaratdığı ölməz satirik əsərlər hər zaman onun mənəvi məzar-ziyarətgahı sayılacaq. Və... bütün həyat-yaradıcılıq aləmilə ayrıca bir Türkiyə hadisəsi yaradan böyük ədib, elə həmin güman-bilimlərini reallaşdırmaqla da - ölümü ilə də hamını mat qoydu. 1995-ci il iyulun 6-da İzmirin Alaçatı bölgəsində (kitablarının imza günü) həyatla vidalaşan ədib vəsiyyət edibmiş ki, dəfn mərasimi təşkil edilməsin... 
   Meyiti İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarılır. Tələbələrə cəsəd üzərində dərs keçilir. Sonra, vəsiyyətinə uyğun olaraq, Çatalca məhəlləsinə - özünün yaratdığı fondun həyətinə gətirilir. Əvvəlcə “Nesin Fondu”nun uşaqları oradan uzaqlaşdırılır. Sonra vəsiyyətindən bu parça oxunur: “Məzarımın üzərinə işarə-filan, çiçək də qoyulmasın. Türkiyədə məzarlıqlar dinlərə görə bölünmüş. Dinsizlərin məzarı olmamalıdır...” Vəqfin baxçasında 7 çuxur qazılır və onun nəşi bunlardan yalnız bircə adama bəlli olanına qoyulur...
   Sonra ölümündən əvvəlki müsahibələrinin birində dediyi bu sözlər xatırlanır: “Cavanlıqdan bəri ən böyük arzum - öz istəyimcə ideal bir dövlət qurmaq idi. Bunu edə bilməyəcəyimi hiss edincə bu torpağı alıb bir fond qura bildim. Burada yaşayıb-oxuyası uşaqlar məndən sonrakı əsərlərim olacaqlar...” 
   Daha biri: “Kitablarımdan gələn bütün vəsaiti fondun internat məktəbinə vəsiyyət edirəm. Dörd övladım isə öz əllərinin zəhmətiylə çörəkpulu qazansınlar...”
   Onunla bağlı “yerli” bir olayı da təqdim edim. Bunu böyük ədibimiz İsa Muğannanın xanımı danışıb. “Türkiyəyə gəzməyə getmişdik (o illər bu icazə ilk dəfə bizə verilmişdi). Rəsul Rza, Süleyman Rüstəm, Məsud Əlioğlu öz xanımları ilə, İsmayıl Şıxlı isə təm-təkcə. Həmin dövrdə Türkiyə çox kasıb idi. Bakıya gəlişlərində bizə də qonaq düşən Əziz Nesin orada bizi çox böyük sevinclə qarşıladı və böyük bir narahatlıqla dedi: “Mən sizin hamınızdan üzr istəyirəm. Mənim elə pulum yoxdur ki, sizə sizlər kimi qonaqlıq verim. Ancaq xahiş edirəm, sözümü yerə salmayın, gedək sizi ləzzətli bulka ilə çaya qonaq edim...”
   “Mən dinsizəm” desən də, Allah sənə qəni-qəni rəhmət eləsin, Nesin!..
   
   Tahir Abbaslı