Dekabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində İsrail-Azərbaycan dostluğuna həsr olunmuş klipin təqdimatı keçirilib.
Layihənin rəhbəri Səadət Şükürova, Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, müğənni Zümrüd Məmmədova və başqaları çıxış edərək, Azərbaycan ilə İsrail arasında dostluq münasibətlərindən danışıblar.
Vurğulanıb ki, bu münasibətlərin kökləri dərindir. Əsrlər boyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Ölkəmizdəki yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına bir çox töhfələr verirlər.
Bildirilib ki, multikulturalizm-tolerantlıq mövzusunda olan klip Qarabağda şəhid olmuş yəhudi Albert Aqarunovun anadan olmasının 45 illiyinə ithaf olunub.
Klipin ideya müəllifi və rejissoru Səadət Şükürovadır. Sözləri şairə Nəzmiyyə Hicrana məxsus olan əsərin musiqisi gənc bəstəkar, respublika müsabiqələri laureatı İlahə Qismətə məxsusdur.