Dekabrın 22-də Təzəpir məscidində Xalq artisti, Azərbaycan kino sənətinin tanınmış simalarından biri Muxtar Maniyevlə vida mərasimi keçirildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   Vida mərasimində çıxış edən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov mərhum aktyorun zəngin yaradıcılığı ilə milli kino tariximizdə böyük iz qoyduğunu dedi: “Bu gün Azərbaycan kino sənətinə, mədəniyyətimizə ağır itki üz vermişdir. Muxtar Manıyev Azərbaycan kinosu tarixində iz qoymuş sənətkarlarımızdan biridir”.
   Müşfiq Hətəmov vurğuladı ki, milli kinomuzun inkişafında aktyorun müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları aktyora böyük tamaşaçı sevgisi qazandırıb.
   Bildirildi ki, Muxtar Maniyev hər zaman çəkildiyi filmlərdə xarakterik obrazlar yaradıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuza zəngin obrazlar qalereyası bəxş edib. Mərhum aktyorun xatirəsi hər zaman onu tanıyanların qəlbində yaşayacaq.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında Muxtar Maniyevin vəfatının kino sənətimiz üçün böyük itki olduğunu dedi, mərhum aktyor haqqında fikirlərini bölüşdü: “Muxtar Maniyev Azərbaycan kino sənətinin inkişafında əməyi olan bir insan kimi hər zaman öz dəst-xətti ilə seçilib. Sözün əsl mənasında fədakar bir kino xadimi idi. Onun epizodik rollardan böyük rollara qədər çəkildiyi yüzdən çox film var. O, ifa etdiyi bütün rolları ilə geniş tamaşaçı sevgisi qazanmağı bacarıb. Bu, sənətkar üçün böyük xoşbəxtlikdir. O, istər həyatda, istərsə də oynadığı rollarla müsbət emosiyalar yaradan sənətkar kimi xatırlanacaq. Muxtar Maniyevin yaratdığı obrazlar qalereyası onu həmişə yaşadacaq”.
   Əbülfəs Qarayev mərhum aktyora Allahdan rəhmət diləyərək, ailə üzvlərinə, yaxınlarına səbir arzuladı.
   Xalq artistinin cənazəsi son mənzilə yola salındı. Mərhum Qala kənd qəbiristanlığında dəfn olundu.
   
   Fariz Hüseynov