Dünyaya baxmağa gəldik
   
   Nə özümü insan edə bildim, nə yadı,
   Dünyaya baxmağa gəldim.

   Vaqif Səmədoğlu
   
   Vaqif Səmədoğlunun bu misrası tamaşaçılığı anlatdı mənə. Sanki bildiklərimi, yaxşı anladıqlarımı yenidən yaşayıram, başa düşürəm...
    İnsan hər hansı bir hadisəni yaşayır, öz keçmişinə ötürür, zamanına qovur... çıxara bilmir ömründən...
    Baxaq: Hadisəni icra edən birinci tamaşaçıdır. Baxa-baxa icra edir.
    İkinci əşya öz tarixini, yerini, ölçüsünü və s. dəyişir, ikinci tamaşaçının öz-özünə olan nəzəri.
   ... Üçüncü kənar göz, kənar nəzərdir. Bu, bir də ola bilər, min də. Burda bir kütləvilik yaranır. Təbii ki, kənar müşahidələrin qənaətləri fərqli olur, amma adı eynidir: kənar göz. Hətta hadisəni törədən, icra edən də bir müddət sonra - iş qurtarandan sonra yaratdığına kənar göz ilə baxır, kütləyə qoşulur. Dünya daim bu kənar gözün müşahidələrini danışır, diktə edir. Ona görə insanlar dəyişdirdiyinə, dəyişdirməyə çalışdığı şeyə, dəyişdirilmişə kənar gözlə baxır. Bu, insanın aliliyinin acizliyidir. Yəni mövcudu dəyişdirmək olmur. Biz yalnız dünyaya baxmağa gəlmişik. Bizim dəyişdirmək istəyimiz, sadəcə adi cəhdlərdir...
   
   
   Gözümüzün yaddaşı
   
   Baxırıq... Unutmuruq... Gözümüz tutub saxlayır və heç vaxt unutmur. Gözün kanalından ürəyə axir... insanlar, hadisələr, tarixlər...
    ...göz baxır, seçir. Ağı qaradan, yaxşını yamandan, gözəli çirkindən. O bütün vizuallıqları eyni dalğada yayımlayır.
    Göz yaddaşı ağıl, idrak, təfəkkür yaddaşından daha möhkəmdi, çün ağıl hardasa yorulur, kimlərisə silir... amma göz yox. Belə bir ifadə var “yadımdan çıxdı”. Amma belə bir ifadə yoxdur: “gözümdən çıxdı”. Bu, heç də təsadüfi deyil. Bilirsiniz niyə? Çünki insan birinci olan şeyləri heç vaxt unutmur. Məsələn, ilk sevgilimizi, məktəbə getdiyimiz ilk günü, ilk yazımız çap olunan qəzeti, ilk kitabımızı. İlklər daim maraqlıdır, deyilmi? Göz də insanın ilk müşahidəçisidir, o heç vaxt unutmur. Birinci göz görür, sonra dərk edirik. Ona görə gözümüzə təzə görünən şeylərin hamısı daha uzunmüddətli olur.
   Gözümüz unutmur. Məsələn, ölən insanın gözündə son təsvir əbədi olaraq o dünyaya gedir. Bunu hamımız bilirik. Fəqət, heç birimiz bilə bilmirik ki, kimin ürəyində hansı söz, kimin beynində hansı fikir getdi. Xoşbəxt tarixçə, tarix, keçmiş odur ki, həm ürəyin, həm gözün, həm də ağlın yaddaşında qalır.
   
   
   Səni sevəndən sonra
   
   Səni sevəndən sonra, əvvəllər keçmişləşdi, hər şey uzaqda, ömrümün o tərəfində qaldı... Təzə rəng sevdim, təzə geyim tərzi seçdim.
   Hərdən cansız əşyaları da söydüm - telefonu, saatı və s.
   Anladım ki, ağ köynək yaraşmır mənə.
   Anladım ki, pişikləri qovmaq, quşlara daş atmaq, itləri təpikləmək olmaz.
   Öyrəndim ki, qatıq satan “qatıq var, qatıq!” deyəndə, əslində, “ümid var, ümid!” demək istəyirmiş... O, səhərlər qatıq balonları ilə birgə ümidini də götürüb yola düşürmüş. Onunçün “dünyanı gözəllik xilas edəcək” sözləri yanlışdır. Amma onun ümidlərinin gözəlliyinə görə qatıq almağa dəyər...
   Sağ ol... qışın soyuğu üşütmədi məni, fikirlərimə büründüm. Sonra o fikirlər də qismət olmadı. Qoqolun “Şinel”i kimi...
   Yuxularımı mühasirəyə aldın, heç kəs girə bilmədi. Daha heç kəsin Quranının altından keçə bilmədim...
   Mənə çox şeylər anlatdı həyat: Oyuncaqsız uşaqlar taxta oyuncaq düzəldirlər. Sonralar da evləri taxtadan olur... Taxta qaşıqla yeyirlər ruzilərini, taxta tabutlarda daşınırlar son mənzilə. Başdaşları da həyətlərindəki qurumuş gər ağacı olur. Evləri daşdan, tabutları dəbdəbəli, qaşıqları gümüşdən olmur...
   Səndən sonra ölən adamları gördüm. Sinələrindəki son ahı möhkəmcə çəkib öldülər... Sanki bu hərəkətlə göstərirlər ki, biz var gücümüzlə ölürük...
   Sağ ol! Çox şey öyrətdin mənə...
   
   Fərid Hüseyn